Azərbaycan Xalq Cümhuriyyətində xüsusi xidmət və təhlükəsizlik


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı

Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları yaradıldı.

Azərbaycan Parlamenti 1919-cu ilin fevralın 25-də “Hərbi nazirliyin ştatları haqqında“ qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu.

1919-cu ilin martın 28-də hərbi nazir,general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərargahının ( Baş Ərkani-hərb) general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Sruktur belə təşkil olunmuşdu. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Əfrasiyab bəy Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi.Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi.Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.

Yeni fəaliyyətə başlamış bölmə ölkədə kəşfiyyat və əks-kəşfiyyat təminatına məsuliyyət daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-Hərbinin rəisi Süleyman bəy Sulkeviç idi.Bolşevik, erməni-daşnak casusları, denikinçilər və sairə barədə toplanmış əməliyyat məlumatları Hərbi Nazirliyin rəhbərliyinə, eləcə də Azərbaycan Hökumətinə təqdim olunurdu. Həmin məlumatlar ölkənin müxtəlif ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlərini əhatə edirdi.

Bölmənin əməkdaşları martda xüsusi əməliyyat planı əsasında Azərbaycan Ordusunda xidmət edən 15 nəfər denikinçinin casusluq fəaliyyətini ifşa etmişdilər. Həmin ayda daha bir casus şəbəkəsinin üstü açılmışdı. Əks-kəşfiyyatçılar Gəncədə Smislova soyadlı qadın həbs etmişdilər. Araşdırma nəticəsində bəlli olmuşdu ki,Baş Qərargahın əməkdaşı Çernişov, onun həyat yoldaşı və 10 nəfər şəxs Cümhuriyyət əleyhinə iş aparırlar. Çernişovun evində axtarış zamanı Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyətlə bağlı gizli bolşevik təşkilatının fəaliyyəti,Azərbaycan ordusunun vəziyyəti barədə Denikinə ünvanlanmış çoxlu sayda agentura materialları tapılmışdı. 1919-cu ilin martında hərbi nazir Səməd bəy Mehmandarov casus təşkilatının üzvlərinin tutulması barədə daxili işlər naziri Xəlil bəy Xasməmmədova Gəncə şəhərindən Bakıya məktub göndərmişdi. 1919-cu ilin aprelin 5-də Azərbaycan ordusunun Bakıya gəlişi üçün müəyyən hazırlıq işləri görülməsi tələb olunurdu. Milli ordunun paytaxta gəlişi ilə bağlı təxribatların törədiləcəyi ilə bağlı ilkin məlumatlar var idi. Azərbaycan ordusunun Baş Qərargah rəisi Süleyman bəy Sulkeviç Azərbaycan qoşunlarının Gəncədən Bakıya gəlməsi ilə əlaqədar əks-kəşfiyyat işinin təşkilinə dair daxili işlər nazirinin əks-kəşfiyyat işinin təşkilinə dair müavini Sadiq bəy Ağabəyova məktubuna əsasən,əks-kəşfiyyat bölməsinin əməkdaşı yasavul Yusubov və Daxili İşlər Nazirliyinin cinayət-axtarış bölməsinin əməkdaşları ilə birlikdə bu vəzifəni yerinə yetirmək üçün Bakıya ezam edilmişdi. Əks-kəşfiyyat işinin düzgün təşkili, yasavul Yusubovun və axtarış bölməsinin qarşılıqlı fəaliyyəti nəticəsində Azərbaycan milli hərbi hissələri Bakıya heç bir narahatlıq olmadan daxil olmuşdular.Bölmənin kəşfiyyatçıları da öz işlərini yüksək səviyyədə qurmağa çalışırdılar. Hərbi nazir Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə 2 aprel, 1919-cu il, 1556 saylı məlumatında kəşfiyyat vəzifələrini belə şərh edirdi:

Düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agentura yaratmaq...

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərəgahının kəşfiyyyat və əks-kəşfiyyat bölməsi diplomatik orqanlar ilə fəaliyyətini birgə qura bilmişdi.Tiflisdə səfirliyə təyin olunan polkovnik Məmməd bəy Əliyev həm də kəşfiyyatçı funksiyasını yerinə yetirirdi.Baş Qərargahdan ona şifrteleqram vasitəsilə müxtəlif tapşırıqlar verilirdi. Məmməd bəy Əliyevin Tiflisdən göndərdiyi əməliyyat məlumatları olduqca qiymətli idi. Ermənistandakı diplomatik nümayəndəlikdə hərbi attaşe vəzifəsində çalışan olmadığından, orada da bu işlərin təşkili Məmməd bəy Əliyevə tapşırılmış,bu işdə Gürcüstan rəsmiləri ilə birgə çalışması əmr edilmişdi. Aydın məsələdir ki, bu kəşfiyyat işləri daşnak Ermənistanının pozuculuq fəaliyyətinə qarşı yönəlmişdi.Bir sıra olduqca mühüm məlumatlar isə Baş Qərargaha məxfi qriflə birbaşa Ermənistandan ötürülürdü.Bu məlumatlar “Şahzadə Məmməd” imzası ilə verilirdi.Baş Qərargahın general-kavartirmeysteri idarəsinin kəşfiyyatçı zabitləri ölkənin xarici işlər nazirliyi ilə də geniş əlaqə saxlayırdılar. İdarənin əməkdaşları məxfi kargüzarlıq və şifrləmənin sirlərini xarici işlər nazirliyinin diplomatiya şöbəsinin kargüzarlıq və şifrləmə bölməsinin əməkdaşlarına öyrədirdilər. Xarici İşlər Nazirliyi qonşu respublikalardakı diplomatik nümayəndəliklər vasitəsilə əldə etdikləri məlumatları Baş Qərargaha göndərirdilər. ”Tam məxfi” qrifi ilə Ermənistandan, Cənub –qərbi Qafqaz respublikasında,eləcə də həmin illər ingilislərin əlində olan Batumdakı vəziyyət barədə Xarici İşlər Nazirliyinə göndərilən təhlil xarakterli materiallar həm də Baş Qərargaha göndərilirdi. Baş Qərargahda həmçinin,kəşfiyyatçılar vasitəsilə topladığı materialları tanışlıq üçün Xarici İşlər Nazirliyinə göndərirdilər.Azərbaycan kəşfiyyatçısı Mullayevin Şimali Qafqaza xidməti ezamiyyətinin nəticələri barədə onun 5 səhifəlik geniş və ətraflı “tam məxfi” məlumat-arayışı ilə diplomatlar da tanış olmuşdular. Praporşik Qaraşarovun Qarabağ və Zəngəzurda vəziyyət barədə verdiyi raportlar həm Baş Qərargah, həm də Xarici İşlər Nazirliyi tərəfindən rəğbətlə qarşılanmışdı.Baş Qərargahın general-kvartirmeyster idarəsinin rəisi Karqaleteli və baş adyutant ştabs-tormistr Takanayevin Ermənistandakı siyasi vəziyyət haqqında 2 saylı agentura məlumatına əsasən hazırladıqları geniş və ətraflı təhlil xarakterli arayış da Xarici İşlər Nazirliyində çalışan diplomatları məlumatlandırmaq məqsədi daşıyırdı. Diplomatik nümayəndə Məmməd Təkinskinin Ermənistan qoşunları, səfərbərlik, ölkədə ərzaq təminatı, orada yaşayan Azərbaycan türklərinin vəziyyəti və sairə barədə İrəvandan göndərdiyi şifrteleqramlarla həm də, Baş Qərargahın kəşfiyyatçıları tanış olmuşdular. Hərbi nazir Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi Süleyman bəy Sulkeviç 1919-cu il, noyabrın 5 –də Xarici İşlər Nazirliyinə göndərdikləri məktubda yazırdılar: Bizim hökumətimiz Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis olunması, təklifini rədd etmişdir. Əldə edilmiş məlumatlara görə,bu missiyanın üzvlərinin çoxu zabitlərdən ibarətdir, onlardan birini isə, “Missiya qərargahının rəisi” adlandırırdılar. Bunları deməklə, Ermənistanın xarici işlər nazirliyinin bu cür hərəkətinə qarşı nə kimi qərar qəbul edilməsi barədə məlumat verməyinizi xahiş edirik.

Ermənistanın Bakıdakı diplomatik missiyası, heyətinin əksəriyyətinin hərbiçilərdən təşkil edilməsi Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusilə də kəşfiyyat və əks-kəşfiyyat işçilərinin səyi nəticəsində öyrənilmişdi.Bu,beynəlxaq normalara zidd olduğundan Azərbaycan hökuməti Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi atttaşe vəzifəsinin təsis edilməsinə icazə verməmişdi.

Baş Qərargahın general-kvartirmeyster idarəsinin kəşfiyyyat və əks-kəşfiyyat bölməsi fəaliyyətini 1919-cu il, iyunun 11-dək davam etdirmişdir. Həmin gün ölkədə ancaq əks-kəşfiyyat təminatı ilə məşğul olacaq qrum- Əks-İnqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradılmış, kəşfiyyat işi isə general-kvartirmeyster idarəsinin tərkibində saxlanılmışdır. Əks-kəşfiyyatla məşğul olan şəxslər də ƏMT-nin sərəncamına verilmişdi. Göstərilən dəyişikliklərə baxmayaraq,hərbi nazirliyin kəşfiyyat bölməsi ilə ƏMT sıx əməkdaşlıq edirdilər.1919-cu il, martın 2 –də hərbi nazir Səməd bəy Mehmandarovun məxfi əmri əsasında nazirliyin müvafiq qrunlarında struktur dəyişikliyi aparılmış, Baş Qərargahla onun idarəsinin birləşdirilməsi nəticəsində Azəraycan ordusunun qərargahı yaradılmışdı.Yeni yaradılmış Azərbaycan ordusu qərargahının ştat strukturunda kəşfiyyat- əməliyyat bölməsi də nəzərdə tutulmuşdu.Bakı Möhkəmləndirilmiş Rayonunun qərargah rəisi polkovnik İrza bəy Hacıbəylinski ordu qərargahı general-kvartirmeyster idarəsinin kəşfiyyat-əməliyyat bölməsinin rəisi təyin edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Əks-İnqilabla Mübarizə Təşkilatı.

Təşkilatın rəhbərləri.

Məmmədbağır Şeyxzamanlı iyun ,1919-avqust, 1919

Nağı bəy Şeyxzamanlı avqust ,1919- mart, 1920

Dövlət Müdafiə Komitəsi (DMK) ilə eyni vaxtda, 1919-cu il, iyunun 11-də yaradılmışdı. Ölkədə əks-kəşfiyyat təminatını yerinə yetirən qurum kimi böyük səlahiyyətə malik idi. Dövlət Müdafiə Komitəsi qarşısında məsuliyyət daşıyır, onun tapşırıqlarını yerinə yetirir, onu ən mühüm məlumatlarla təmin edir, dövlət əhəmiyyətli digər işləri yerinə yetirirdi.

Rusiyanın Xəzərdəki siah-sursatla dolu 27 hərb gəmisinin Azərbaycan tərəfinə təhvil verilməsi və onların Azərbaycan bayrağı altında üzməsi probleminin həlli ilə bağlı aparılan danışıqlarda ƏMT-nin rəhbərliyi fəal rol oynamışdı. ƏMT öz fəaliyyətini “Azərbaycan Respublikası əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri haqqında” əsasnaməyə uyğun qurmuşdu. 22 maddədən ibarət olan Əsasnamədə əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri göstərilmişdi.Bakı və ətrafında təşkilatın 8 rayon bölməsi təsis edilmişdi. Rayon bölmələrinə ƏMT-nin mərkəzi aparatının əməkdaşları rəhbərlik edirdilər. Lənkəran şəhərində ƏMT-nin agenti fəaliyyət göstərirdi.

Məmmədbağır Saleh bəy oğlu Şeyxzamanlı

Məmmədbağlr Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Difai Firqəsinin üzvü olmuşdur.1919-cu ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti milli hökuməti tərəfindən təsis edilən “Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi təyin olunmuşdur. Məmmədbağır Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti parlamentində Müsavat partiyasının üzvü kimi, siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edildi.

Məmmədbağır Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələrinin həllində o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, Məmmədbağır Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra,bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir.

Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli (Aran ) ilə evlənmişdir.

Məmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı “Azərbaycan Cümhuriyyəti keyfiyyəti –təşəkkülü və indiki vəziyyəti” kitabında Məmmədbağır Şeyxzamanlını Azərbaycanın istiqlal şəhidi adlandırıb.

Əks-inqilabla Mübarizə Təşkilatı 11 iyun 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi yanında yaradılmış əks-kəşfiyyat orqanı idi.

1919-cu il fevralın 18-də Fətəli xan Xoyskinin Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı apardığı məruzəsindən sonra, həmçinin Denikin qüvvvələrinin 1919-cu il mayın axırında Dərbəndi tutmasının təsiri ilə yaradılmışdır. Hökumətin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan 5 nəfər hökumət üzvündən ( baş nazir, hərbi nazir, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı.

Qurumun formalaşdırılması Nəsib bəy Yusifbəyli tərəfindən “Musavat” fraksiyasının üzvü Məmmədbağır Şeyxzamanlıya həvalə edilmiş,onun müavini Mir Fəttah Musəvi təyin olunmuşdu. Şeyxzamanlı təşkilata həmin il avqustun 20-dək başçılıq emiş, istefa verdikdən sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ