İsrailin İrana hava zərbələri ilə başlayan qarşıdurmalar, Tehranın Tel-Əviv və Hayfada cavab zərbələri endirməsi ilə dördüncü günə qədəm qoyub.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp münaqişənin sona çata biləcəyini desə də, İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Möhsün Rezai deyib ki, Pakistan onları İsrailin nüvə bombasından istifadə edəcəyi təqdirdə cavab addımı atacağına əmin edib.
“Pakistan bizi əmin etdi ki, əgər İsrail İrana qarşı nüvə bombası istifadə edərsə, İsraili nüvə bombası ilə hədəfə alacaqlar” deyə, Rezai bildirib. O, həmçinin İslam dünyasını İsrailə qarşı birləşməyə çağırıb.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif də açıqlamasında Qərbə xəbərdarlıq edərək: "Onların yaramaz İsrail dövlətinə dəstəyi regional fəlakətlə nəticələnə bilər" deyib. Bu iddialarla bağlı İsraildən hələlik rəsmi cavab gəlməyib. Bölgədəki böhran qlobal aktorların birbaşa müdaxilə edə biləcəyi yeni dövrə qədəm qoyduqca, beynəlxalq diplomatik təmasların da sürətləndiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az