Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian"dan şok


Bu, qaçılmaz deyildi. Bu, İsrailin seçdiyi müharibədir. Bunun qarşısını almaq olardı. Bombardmançılar İrana doğru havaya qalxarkən diplomatik danışıqlar hələ də davam edirdi. İsrailin davam edən, qeyri-qanuni və əsassız hava hücumları çətin ki, Tehranın iddia edilən nüvə proqramına həmişəlik son qoymaq kimi bəyan edilmiş məqsədlərinə çatsın, əslində, bu müharibə onu sürətləndirə bilər. Bunlar dərhal dayandırmalıdır. Eyni şəkildə, İran cavab zərbələrini dərhal dayandırmalı və ABŞ və Böyük Britaniya bazalarına hücum təhdidlərindən əl çəkməlidir.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Quardian”da beynəlxalq analitik Simon Tisdall yazıb.

“Bu münaqişə artıq ötənilki zərbələr və məhdud sayda hərbi hədəflərə “nöqtə hücumlar”la məhdudlaşmır. Bu, tamamilə yeni səviyyəyə çatıb. Potensial olaraq, hər şey plandan kənardadır. Hər iki tərəfdən mülki əhali ölür. Liderlər hədəf alınır. Ritorika nəzarətdən çıxıb. Bir neçə cəbhədə döyüşən İran rejimi divara dirənib, Yaxın Şərq heç vaxt fəlakətli yanğına bu qədər yaxın olmayıb.

Müharibəyə başlamaq üçün həmişə səbəblər var. Böyük konfliktlərin kökləri çox vaxt onilliklərə gedib çıxır, məsələn, 1979-cu il İslam İnqilabından sonra başlayan İsrail-İran qarşıdurması. Son illərdə iki ölkə arasında “kölgə müharibəsi” adlanan vəziyyət intensivləşib. Bununla belə, tammiqyaslı münaqişənin qarşısı alınıb – indiyə qədər. Bəs bu qəfil, görünməmiş zorakılıq partlayışına görə əsas məsuliyyət kimin üzərinə düşür?

Cavab: Davranışları, mühakimələri, sağlam düşüncələri, motivləri və hətta ağlı ilə bağlı ciddi suallar olan üç qəzəbli qocanın.

Onlardan biri olan İsrailin Baş naziri Benyamin Netanyahunun illərdir İranla toqquşma istəməsi bu müharibənin qaçılmaz olduğu anlamına gəlmir. Tehran rejiminin keçən il İsrailin zərbələri nəticəsində xüsusilə həssas vəziyyətdə qalması və müttəfiqi Hizbullahın məğlubiyyəti onun suveren ərazisinə qəfil hücumu qanuniləşdirmir. Bəli, BMT müfəttişləri İranın razılaşmaları pozduğunu deyirlər. Ancaq bu, müharibə üçün yaşıl işıq deyil.

Netanyahu “ekzistensial təhlükənin” qarşısını almaq üçün İrana hücum etdiyini bildirir. Bəlkə də o, vəziyyəti daha da pisləşdirdi.

75 yaşlı Netanyahu həyata təsir edən qərarlar qəbul etmək bir yana, İsrailə rəhbərlik etməyə də qadir deyil. O, 2023-cü il hücumlarının qarşısını ala bilmədi, sonra məsuliyyətdən qaçdı. Ordusu Qəzzada 55 mindən çox fələstinlini öldürsə də, o, HƏMAS-ı məhv etmək və girovları qaytarmaq vədini yerinə yetirə bilməyib. O, Livan və Suriyanı işğal edib. İndi - İrandır. Harada dayanacaq? Növbəti Türkiyədir? Bunu istisna etmək olmaz.

Müharibə Netanyahunun seçimidir. Onu yataqdan qaldıran budur. Onu və Britaniyanın sanksiya tətbiq etdiyi ifrat sağçı müttəfiqlərini həbsdən qoruyan və hakimiyyətdə saxlayan budur. Onun hərəkətləri İsrailin reputasiyasına böyük zərbə vuraraq, bütün dünyada antisemitizmi qızışdırıb. O, İsrailin yaşaması üçün mübarizə apardığını iddia edir, lakin özünün siyasi sağqalması hər şeydən önəmlidir. Netanyahu Qəzzada hərbi cinayətlərdə ittiham olunur. Daha çox cinayət törətməmiş onu həbs etmək lazımdır, qorumaq və həvəsləndirmək yox.

Ayətullah Əli Xamenei, İranın hərbi ali lideri – ikinci əsas günahkardır. O, çoxdan Quma getməli, təqaüdə çıxmalı idi. 86 yaşlı qoca cəmiyyət və xalqla əlaqəni itirmiş repressiv, korrupsioner teokratik rejimə rəhbərlik edir. Seçkilər saxtalaşdırılır, hakimlər korrupsiyaya uğrayıb, senzura geniş yayılıb.

Netanyahu kimi, Xamenei də mühafizəkarlar tərəfindən dəstəklənir və islahatçılar tərəfindən rədd edilir – lakin əsas qərarları o verir. Mülki istifadə tələbinin olmamasına baxmayaraq, onun uranın zənginləşdirilməsini sürətləndirməkdə şübhəli israrı, nəhayət, Netanyahuya zərbə vurmaq üçün bəhanə verdi.

Baxmayaraq ki, səhhətinin pis olduğunu deyirlər, Xamenei İranın nüvə proqramından əl çəkməməsinin səbəblərindən biridir. Hətta onsuz (Xameneisiz – red.) Netanyahunun onu (İranın nüvə proqramını – red.) məhv etmək fikri bir fantaziyadır.

Bu özünü aldatma rejimin dağılmasına səbəb ola bilər. İsrailin zərbələri yüksək rütbəli hərbçilərin ölümünə, nüvə obyektlərinə, ballistik raketlərə və pilotsuz təyyarələrə ziyan vurub. Növbəti hədəf Xameneinin özü və İranın neft ixracı ola bilər.

Netanyahu video-müraciətdə iranlıları ayağa qalxmağa və “azadlıqlarını tapmağa” çağırıb. Çoxları bunu istərdi. Amma sözlərin mənbəyini (bunu Netanyahunun dediyini – red.) nəzərə alsaq, bu fikirlər yalnız ictimaiyyəti və ərəb liderlərini İran rejiminin ətrafında toplaya bilər.

İranın İsraili müdafiə edəcəyi təqdirdə ABŞ, Britaniya və Fransa bazalarına zərbə endirmək və Hörmüz boğazını bağlamaq təhdidləri genişmiqyaslı müharibə və qlobal enerji böhrabı riskini doğurur – hansı ki, Qərbi vuracaq və Rusiyanın əlinə oynayacaq. Bunlar Donald Trampın zəif, ardıcıl olmayan siyasətinin birbaşa nəticələrindəndir.

79 yaşlı Tramp bu qarşısı alına bilən faciənin üçüncü iştirakçısıdır. O, daha əvvəl demişdi ki, İranla yeni nüvə sazişi üzrə danışıqlar aparmaq istəyir – halbuki əvvəlki sazişi axmaqcasına cırmışdı. Lakin o, şərtlərlə bağlı qərar verə bilmədi və diletant komandası mövqeyini dəyişməyə davam etdi. Qismən ona görə ki, Tramp, Fələstin və Ukrayna məsələlərində olduğu kimi, vəziyyəti anlamaqda çox tənbəldir. O, həmişə səhv olan instinktlərinə güvənir. Bu, onu Netanyahu kimi hiyləgər oyunçu üçün asan hədəfə çevirir.

Trampın zəifliyinə görə, Netanyahu keçən həftə İrana zərbə vurmağın vaxtının gəldiyini təkid edəndə, o, təslim oldu. Amma hücum başlayan kimi Tramp ənənəvi olaraq mövqeyini dəyişdi, nailiyyətləri öz üzərinə götürməyə və boş təhdidlər yağdırmağa başladı. O, hər dəfə ağzını açanda özü də istəmədən ABŞ və İsrailin əlbir olması ilə bağlı İranın şübhələrini təsdiqləyir.

...Əgər kimsə hələ də Trampın beynəlxalq siyasətdə uzaqgörən təsəvvürə malik olduğunu düşünürsə, qoy son bir neçə gündə baş verən dəhşətli hadisələri öyrənsin. Putinə satılmaqla, tariff manipulyasiyaları ilə, Qəzzada atəşkəs təklifi və qonşularına sataşmaqla - Tramp özü real təhlükədir. İngiltərənin ondan mümkün qədər uzaqlaşması və ABŞ-dan asılı olmadan hərəkət etməsi daha müdrik yanaşmadır və təhlükəsizdir.

Bu üç qəzəbli qoca hamımızı öldürə bilər”, – o bildirib.


MANŞET XƏBƏRLƏRİ