Pənah Hüseynin partiyasının möhüründə İsrail gerbi? – Özü açıqladı


Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiyadakı fəaliyyətlərini sədr müavini Qiyas Sadıqova həvalə edib. O, bu barədə sənədi ictimaiyyətlə də bölüşüb.

Sənəddə yer alan partiya möhürü isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi izləyicilər möhürdə İsrail gerbinə bənzər işarənin olduğunu iddia ediblər.

Globalinfo.az məsələ ilə bağlı Pənah Hüseynin mövqeyini öyrənib.

Partiya sədri yayılan iddiaları təkzib edərək bildirib ki, möhürlə İsrail gerbinin heç bir əlaqə yoxdur:

“Görünür, paylaşım edənlər tarixi və simvolları yaxşı tanımırlar. İsrailin gerbi altıbucaqlıdır və iki üçbucağın kəsişməsindən ibarətdir. Bizim möhürdə isə iki kvadratın kəsişməsindən əmələ gələn səkkizbucaqlı fiqur yer alıb. Bu forma Azərbaycan dövlət gerbində də mövcuddur”.

Pənah Hüseyn bu tip ittihamların yeni olmadığını və illər əvvəl də bənzər sualların ortaya çıxdığını deyib:

“Biz bu simvolu hələ 1998-ci ildə keçirilən mitinqlərdə istifadə etmişdik. 1999-cu ildə qərargahımız fəaliyyətə başlayanda İran səfiri bizi ziyarət etmişdi və o da eyni sualı vermişdi. Onlar da elə bilmişdilər ki, bayraqda İsrail gerbi var (gülür)”.


MANŞET XƏBƏRLƏRİ