Azərbaycan tarixində Sultan Yaqub və Səlcuqşah Bəyim rəqabəti


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Sultan Yaqub 1464-cü ildə Diyarbəkirdə (Diyarbakr) doğulmuşdu. Ağqoyunlu Sultanı Uzun Həsən (1453-1478) və Səlcuqşah Bəyimin oğludur. Səlcuqşah Bəyim Uzun Həsənin birinci həyat yoldaşı, Sultan Xəlil, Sultan Yaqub, şahzadə Yusif və Maqsudun anasıdır. Onun adından ilk dəfə Uzun Həsənin həyat yoldaşı kimi bəhs edilmişdir. Onların izdivacı Uzun Həsənin 15 yaşı olarkən baş vermiş, ilk xanım olduğu üçün Uzun Həsən tərəfindən digər xanımları arasında yeri fərqli olmuşdur. Səlcuqşah Bəyim Uzun Həsənin əmisi Məhəmməd Mirzənin qızıdır. Əri Uzun Həsən kimi türk oğuz boyu Bayandur tayfasındandır.

Tarixi mənbələrdə Səlcuqşah Bəyimdən bəhs edilərkən onun dövlət işlərində nə qədər təsirli rolunu, Uzun Həsənin divanına qatılmasını, dövlətin daxili və xarici siyasətində yaxından iştirakını xüsusi vurğulayırlar. O,hətta dövlət məsələlərində iştirak edə bilmək üçün həcc səfərini də təxirə salmışdı. Lakin onun bu fəaliyyəti birmənalı qarşılanmamışdı.Belə ki,saraydakı nüfuzlu şəxslər onu “Sırtlan Xatun”, “Gəzənd Xatun” kimi nifrət dolu sözlərlə adlandırmışdılar. İbrahim Gülşəni “Mənaqibi Gülşən” adlı əsərində Səlcuqşah bəyim və digər xanımların divan qərarlarının qəbul edilməsindəki yaxın fəaliyyətlərini tənqid etmişdir.Təbriz qadisi Qadi Şərəfüddin divanın aldığı bir qərarla bağlı İbrahim Gülşənin yanına gəlib şikayətini bildirir. İbrahim Gülşəni onun haqlı olduğunu,Uzun Həsənin isə belə ədalətsiz və bərbad bir qərar almayacaq qədər ədalətli olduğunu söyləyir. Qadi isə Uzun Həsənin divanına gələrək fəryad edib deyir: “Bu şəhərdə sultan iki nəfərdir?Sultanın nişanını kim yırtıb qırağa atıb?

Bu hadisə dövlət işlərində Səlcuqşah Bəyimin rolunu göstərən nümunələrdən biridir.Gülşəninin yazdığı başqa bir hadisədə Səlcuqşah Bəyim oğlu Sultan Xəlilin dul xanımının “adi bir insan” hesab etdiyi Hüseyn Çələbi ilə evləndirilməsinin qarşısını almaq üçün şahzadələrdən ibarət bir heyət toplayıb bu izdivacın həyata keçirilməsinə mane olmuşdur.

Ağqoyunlu taxt-tac mübarizələrində bilavasitə iştirak edən Səlcuqşah Bəyim, xüsusilə Uzun Həsənin ağır xəstəlik dövründə öz nüfuzu ilə daxili və xarici siyasətdə həmçinin dövlət idarəsində bütün diqqətləri üzərində cəmləmişdi. Saraydakı ən güclü fraksiya məhz Səlcuqşah Bəyimin ətrafında toplanmışdı. Müxalifətdə isə Uzun Həsənin digər xanımları Dövlətşah Buldukani və Dəspinə Xatun vardı. Uğurlu Məhəmməd ilə Maqsudun anaları olan bu sultanlar taxt mübarizəsində Uğurlu Məhəmmədi dəstəkləyirdi.

Əslində keçmişdə Uzun Həsənin Osmanlı Sultanı II Mehmed ilə Otluqbeli savaşından (1472) əvvəl Səlcuqşah Bəyimin Uzun Həsənin digər xanımının oğlu Uğurlu Məhəmməd əleyhinə bəzi fəaliyyətləri vardı.O, Otluqbeli savaşı zamanı Uğurlu Məhəmməd ilə Uzun Həsən arasında münaqişəyə səbəb oldu. Tehrani yazır: Uğurlu Məhəmməd Osmanlı vəziri Mahmud Paşaya hücum etmək üçün Uzun Həsənə xəbər göndərir. Uzun Həsən də həmçinin Osmanlı qoşununu təqib etmək istəyirdi. Lakin Səlcuqşah Bəyim ona mane olur və deyir ki,Uğurlu Məhəmməd ordu arasında şöhrət qazanmaq üçün Osmanlı ordusunu öz əli ilə məğlub etmək istəyir”.Bu məsələni təsvir edən Tehrani Səlcuqşah bəyimi tənqid etmək məqsədilə “Sultan o sırtlanın (Səlcuqşah Bəyim) sözünü qəbul etdi və Uğurlu Məhəmmədi geri çağırdı” deyə yazır.

Uzun Həsən ana dilinə və elinə çox bağlı idi.O, özünü Oğuzxan və onun nəvəsi Bayandur xanın nəslindən bilib türk dilinə bağlılıq göstərmişdir.Ondakı dini etiqad da möhkəm olub,bu səbəbdən “Qurani-kərimi” türk dilinə tərcümə etdirmiş və onu hüzurunda oxudardı.Onun əqidəsinə görə müqəddəs kitabı türkcə oxumaq da bir ibadətdir və onunla da savab qazanılır.

Buradan da anlaşıldığı kimi,Səlcuqşah Bəyim Uzun Həsən üzərində təsirli bir rola malik idi, onun sözü dinlənilirdi.Həsən bəy Rumlu Əhsənüt Təvarix əsərində Uzun Həsənin Səlcuqşah Bəyim tərəfindən boğularaq öldürüldüyünü bildirir.O yazır “Uğurlu Məhəmmədin kəsilmiş başını Həsən Padşahın yanına gətirəndə Həsən Padşah xəstə idi.Bu xəbər onun üçün çox ağır idi əgər xəstəlikdən qurtulsam,onun qatillərindən qisas alacağam demişdi.Qatil başı isə Səlcuqşah Bəyim olduğundan bu sözdən qorxub onu boğaraq öldürdü”.

Uzun Həsənin Gürcüstan səfəri zamanı xəstələnməsi ilə Səlcuqşah Bəyimə öz oğlu Sultan Xəlili taxta çıxarmaq üçün fürsət verdi.Səlcuqşah Bəyim oğlu Xəlili dərhal Şiraza, Ağqoyunlu sarayına çağırdı.Aralarında Süleyman bəy Bicanın da olduğu bir qrup şəxs Uğurlu Məhəmmədi Ərzincan yaxınlığında tutub, öldürdülər. Çox keçmədi Uzun Həsənin öldüyü xəbəri yayıldı. Hakimiyyət uğrunda heç bir maneəsi qalmayan Sultan Xəlil qardaşı Maqsudla birgə taxta çıxdı. Lakin Xəlil hakimiyyətə gələn kimi qardaşı Maqsudu edam etdirərək digər vəliəhdləri qorxuya saldı.O hətta anası Səlcuqşah Bəyimi də ordunun sərkərdələri Bayandur və Süleyman bəy Bican ilə birlikdə Diyarbəkirə göndərib öz tək hakimiyyətliliyini gücləndirdi.O, ləyaqətsiz bir gənc idi və sultan olan kimi qardaşı Maqsudu günahsız öldürmüşdü. İşlərinə qarışmağa imkan verməmək üçün anası Səlcuqşah Bəyimi qardaşı Yaqub bəylə birlikdə Diyarbəkirə yolladı. Sultan Xəlil Ağqoyunlu taxtına çıxdıqdan sonra ən böyük dəstəkçisi olan anası Səlcuqşah Bəyimi və Şahzadə Yaqubu özündən küsdürmüş, səltənət mənsublarını ətrafından uzaqlaşdırmış, nəticədə baş verən məmnuniyyətsizliyi öz rəiyyətinə də yansıtmışdı.Yaqub bəy anasının köməyi ilə Anadoludakı bəyləri öz ətrafına yığıb, qardaşı əleyhinə üsyan etdi və Xoy çayı kənarında olan savaşda Sultan Xəlil məğlub oldu və tikə-tikə edildi (1478).

Əslində Yaqub bəyin taxt savaşında qalib gəlməsi və sultan taxtına yüksəlməsinin ən mühüm səbəblərindən biri, şübhəsiz ki, Səlcuqşah Bəyimin oğlu Sultan Xəlillə ittifaqında yaranan çatlaqlardı.Bunun nəticəsində digər oğlu Yaqub bəyin tərəfinə keçir.Oğlu Sultan Xəlillin qətl edilməsini təşkil edir.

1478-ci ildə Yaqub bəy Azərbaycan, İraq, Fars və digər ölkələrin şəhərlərini tutmaq üçün qışlaqdan dağlıq ərazilərə hərəkət edərkən,Bayandır, Çepni, Duharlı kimi boyların bəyləri Yaqub bəyin yanına gələrək sədaqətlərini bildirib, ona hədiyyələr təqdim etdilər.Beləliklə,Yaqub bəy Ağqoyunlu sultanı oldu.Yaqub bəyin on iki illik hakimiyyəti bu dövlətin parlaq bir dövrünü təşkil edir.

Sultan Yaqub Təbrizə gəldikdən sonra ölkədəki birliyi qorumaq üçün Xoy savaşına qatılanları bağışladı.Sultan Yaqubun hakimiyyətinə qarşı olan əyanlar, Sultan Xəlilin oğulları Əli və Əlvəndin ətrafına yığışmağa başladılar. Əli və adamları çox keçmədən mərkəzi hakimiyyətə tabe olsalarda, Əlvənd tabeçilik göstərmək istəmirdi,amma Əlvənd bu müxalifəti çox apara bilmədi Şirazda xəstələnərək öldü.Bununla da Fars vilayətində olan üsyan təhlükəsi aradan qalxdı.

Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi.Sultan Qayıtbəy 100 minlik ordu ilə Ağqoyunlu şəhəri Urfanı işğal etmək üçün hərbi yürüşə başladı.Bu xəbər Sultan Yaquba çatdıqda Bayandur bəy,Süleyman bəy Bicanoğlu və Xəlil Bəktaş kimi sərkərdələri ilə Misir Məmlüklərinə qarşı 100 min Ağqoyunlu əsgərini düşmənlə qarşılaşmağa göndərdi.

Beləliklə, Urfa yaxınlığında 1480-ci ilin avqustunda iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi, sol tərəfinə Hələb hakimi Özdəmir,mərkəzə isə Yaşbəy başçılıq edirdilər. Döyüşün sonunda Məmlük qüvvələri ağır məğlubiyyətə uğradılaraq,darmadağın edildilər. Əmir Yaşbək, Qansu Yəhyavi və Özdəmir əsir alındılar, məşvərət keçirildikdən sonra hər üçü edam edildilər.Əmir Yaşbəyin başı Sultan Yaquba göndərildi.Məmlük dövləti bu döyüşdən sonra ağır zərbə aldı və böyük sərkərdələrini itirərək sarsıldı.

Sultan Yaqubun zamanında baş vermiş hadisələrdən ən böyüyü Ərdəbildə Şeyx Heydər adlı birisinin başına bir çox müridlər toplayıb xüruc etməsidir. Keçmişdə bunların təşkilatı dini bir şəkildə olduğundan, təbii bunlara heç bir əhəmiyyət verilmədi.

Sultan Yaqubun həyat yoldaşı Gövhər Xatun idi.Gövhər Xatun Şirvanşah I Fərrux Yasarın qızı idi.

Şeyx Heydər,1488-ci ildə atasının qisasını almaq üçün Şirvana hücum etdi. Şirvanşah I Fərrux Yasar qüvvələrinin çoxluğuna baxmayaraq, kürəkəni Sultan Yaqubdan kömək istədi. Sultan Yaqub bu təklifi qəbul edərək Süleyman bəy Bicanoğlunun başçılığı ilə Şeyx Heydərə qarşı qoşun göndərdi. Döyüşdə Şeyx Heydər öldürüldü, qüvvələri isə dağıldı.

Səlcuqşah Bəyimin fəal rol oynadığı digər məsələ əsgərlərin və dövlət məmurlarının evlilik məsələlərinin Ağqoyunlu divanında müzakirə ediməsi idi.Uzun Həsənin Qaraqoyunlu torpaqlarında hökmdarlıq etməsindən sonra Ağqoyunlu kəndxudaları, rəisləri və bəzi sipahilər Qaraqoyunluların ölmüş əsgərlərinin qızları və arvadları ilə evlənmişdilər.Bütün olanları Səlcuqşah Bəyim hikkəsindən qəbul etmək istəmirdi. Qaraqoyunlu qadınları ilə evlənənlər arasında Cahanşahın əmisi qızı ilə evlənən Ağqoyunlu Səlim kəndxudanın evliliyi divanda müzakirə edilən bir problemə çevrilir. Ənənəyə əməl edilməməsi bəhanəsi ilə Səlcuqşah Bəyimin nigahın pozulması təklifi Ağqoyunlu divanını iki yerə böldü.Bu hadisədən sonra eşikağası Vəli ağa İbrahim Gülşəniyə müraciət edərək kömək istəyir. Gülşəni Sultan Yaquba məktub yazır bildirir: “Sən ki Həsən oğlu Yaqubsan.Padşahın vəzifəsi ayrılıq salmaq deyil, Peyğənbərmi buyurub ki, qadınların sözünə qulaq asın. Sənə analıq edən xanım səni mülk əhlindən çıxarıb vəbala salmaq istəyir.Əgər ananın dediklərinə əməl etsən sənin mülkündən çıxıb, getmək lazımdır”.

Sultan Yaqub onun məktubunu divanda oxutdurur və dediklərinə əməl edərək cütlüyü evinə göndərir. Həmçinin anası Səlcuqşah Bəyimə də əmr edir ki,bundan sonra dövlət işlərinə müdaxilə etməsin.

Yenə Gülşəni başqa bir yazısında Sultan Yaqubun divan və idarəsindəki alimlərdən daha çox Səlcuqşah Bəyim üçün ayağa qalxdığını tənqid edərkən,onun divandakı təsirini də vurğulayır və qadınların siyasi məkanda nüfuzlu olmasına da tənqidi yanaşır.Belə ki, Səlcuqşah Bəyimin alimlərdən,şeyxlərdən və dərvişlərdən üstün bir mövqedə olması,onun qərarlarına qulaq asılması və ona hörmət edilməsi danılmaz bir faktdır.

Əslində xeyirxah biri kimi tanınan Səlcuqşah Bəyim öz gəlirinin böyük bir qismini xeyriyyəçilik məqsədi ilə istifadə etmişdir.O, Təbriz məscidinin təmirinə 10000 dinar xərcləmiş,məscidə dəstəmaz üçün su gətirmiş, hündür günbəz tikdirmiş və hər tərəfi kirəmitlə örtülü hücrələr tikdirmişdir. Köhnə mehrabın yerində bu məscidin içərisində hündür günbəz inşa edilmişdi. Səlcuqşah Bəyim zaviyyəsi Bayburtun Balahor kəndində özü tərəfindən tikdirilsə də,sonradan sökülmüşdür.Bu barədə dövrün torpaq sənədləri və vəqf qeydlərində məlumatlar öz əksini tapmışdır.

Sultan Yaqub 1486-cı ildə Gürcüstana hücum etdi və Axıska və Xatun qalalarını alandan sonra,zəngin bir qənimətlə geri döndü.

1489-cu ildə Van gölü yaxınlığında kürdlərin Ağqoyunlu dövlətinə qarşı böyük üsyanı oldu. Həmin ildə Süleyman Bicanoğlunun sərkərdəlik etdiyi ordu kürdləri Van yaxınlığında məğlub etdi.

Səlcuqşah Bəyim hakimiyyətə kiçik oğlu Yusifi çıxarmaq üçün yolla getmədiyi hökmdar oğlu Sultan Yaqubu ortadan qaldırmaq niyyətində idi.Bunu həyata keçirmək üşün ən uyğun zamanın Sultan Yaqubun Qarabağda qışladığı vaxt olduğuna qərar verdi.

1490-cı ilin 14 dekabrında Sultan Yaqubun hamamdan çıxarkən yediyi qaysı qurularını zəhərləyir. Ancaq qardaşı Yusiflə birgə yediklərindən hər ikisi zəhərlənir.Bunu öyrənən Səlcuqşah Bəyim əsgərlər tərəfindən öldürüləcəyini bildiyindən tez müdaxilə edib,masadakı zəhərli qaysılardan yeyir. Nəticədə güclü zəhərdən üçü də zəhərlənib bir gündə ölürlər. Sultan Yaqubun ölümü ilə Ağqoyunlu dövləti sürətlə tənəzzül edib dağılmağa başlayır. Səlcuqşah Bəyim əri Uzun Həsən,doğma oğulları Sultan Xəlil, Sultan Yaqub və şahzadə Yusifin ölümünə bais olmaqla Ağqoyunlu Azərbaycan İmperatorluğunu məhvə aparır. Azərbaycan tarixində Sultan Yaqub və Səlcuqşah Bəyim rəqabəti tariximizin gizli səhifələrindəndir.


MANŞET XƏBƏRLƏRİ