İnsanlıq qayğıları



İşıqlı ATALI

Deyirlər insana etibar yoxdur, inanmaq olmaz. Bunu deyənlər əslində insandakı insanlığa inanmayanlardır. Əlbəttə, nöqsana güzəşt olmaz, ancaq ən pis sayılan insanda belə İnsanlıq imkanı var.

İnsanı Vicdanı ilə üz-üzə qoymağın örnəyi: umacaqlı insanın özünün örnək olması...

***

Ötən ilin yazı idi, İctimai TV-də “Qadınlar kişilərdən zəifdirmi?” konusunda verilişə baxdım. Müxtəlif baxışlar oldu. Kişi beyninin imkanlarının qadın beynindən üstünlüyü vurğulandı. Qadının daha çox məişətə qapandığı, gündəlik ailə qayğıları səbəbindən ictimai fəaliyyətlə məşğul ola bilmədiyi, elmdə və s. yaradıcı sahələrdə özünü tam, ardıcıl təsdiq edə bilmədiyi də deyildi.

Əlbəttə, bu qənaəti hamıya aid etmək olmaz. Çağımızda qadına yanaşmada dinçiliyin və qərbçiliyin baxışları fərqli görünür: mahiyyətcə isə biri qapalılığa, o biri isə açıq-saçıqlığa yönləndirir. Ancaq əsas məsələ budur ki, qadınla kişinin insanilik mahiyyətli olduğu anlaşılsın.

Kişinin ailədə üstünlüyü mahiyyətcə onun məsuliyyətinə tən olmalıdır. Əslində kişinin ağalığının atalıqla, qadının xanımlığının analıqla tam əvəz olunması ideallıqdan yaşama gələ bilər, gəlməlidir, başqa cür olmur... Ailədə insanların cinsindən asılı olmayaraq insanlıq imkanlarının aşkarlanması, özünüifadəsi yönündə ardıcıl çabalar göstərilməsi, uşaqların da bu əsasda tərbiyə edilməsi, ulusal dəyərlər ölçüsündə yaşamın öyrədilməsi, bəşəriliyin bu özüldə inkişaf etdirilməsi ailənin yeni üfüqlərini yarada bilər. Bir çox ailələrdəki bitməyən gərginliklər, əsəbiliklər insanları yorur, üzür, xəstələndirir, halsızlaşdırır, sonda da ümidsizləşdirir. “Kişi evin naxışıdır, qadın evin yaraşığı” (Asif Ata). Yəni ikisini də ailə ülviyyəti birləşdirir. Hər ikisinin insanlıq görəvi var – ardıcıl üzə çıxmalı, çıxarılmalı.

İnsanlara nəyisə demək, anlatmaq çətinləşir. Şəxsən məsləhət iddiam yoxdur, insanlıq eşqim var. İnsanların insanlıq üstə yaşamalarını istəyirəm. Ailə - insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin var olmaq, yəni insanilik imkanlarının, kişiliyinin, qadınlığının aşkarlanma, təsdiq ünvanıdır. Ailə kişinin və qadının şəxsində sarsılmaz mənəvi-ruhsal birlik, əxlaqın təsdiqi, doğmalığın, pünhanlığın ucalıq ölçüsündə dərkidir. Ailə insanın ruhuna doğma bildiyi ünvandır. Bu ünvanda yadlıq artanda doğmalıq yoxalır, ailənin çöküşü baş verir.

***

İnam Ata (Asif Ata) ruhsal təmasların birində deyir: "Dünyada sadə heç nə yoxdur, hər şey mürəkkəbdr". Cəmiyyətdəki ilişgilər (insanlararası ilişgilər) insanın özü ilə yaradıcı (özünüöyrənmə-özünütanıma ilə müşayiət olunan) ilişgisindən doğur. Bunu bizə əslində ailədə, məktəbdə tam öyrətməyiblər. Ən xırda, mənasız sayılan davranış əslində həyatımıza yön verə bilər, bilir. Fərqinə varanda ki, axı bu davranışda gözəllik var; başqası görmür, görmək istəmir, mən ki görürəm, görməliyəm, dəyərləndirməliyəm... Özünü yaratma özünü dəyərləndirmədən başlayır. Yaradıcı düşüncəni yalnız kitablarda göstərilə bilən imkan saymışıq. İnsanın xırda sayılan davranışları özü tərəfindən belə mənalandırılsa, həyatı ardıcıl mənalanar, bu, başqalarının da həyatını mənalandırar. Həyatı (yaşamı) gözəlləşdirmək imkanımız həmişə var...

***

Bundan sonrakı ədəbiyyata, ümumən sənətə, yaradıcılığa hava-su kimi gərək olan: Dünya, Həyat, İnsan niyə bu gündədir, qurtuluşu üçün nə gərəkdir?

Sabah üçün: İnamlı ədəbiyyat, bunun yönünü bəlirləyən - təhlil edə bilənlər gərək olacaq. Məncə, əsas olan insanın özünü dərindən öyrənməsidir. Özünü öyrənən halını tamam fərqli, bənzərsiz yaradıcı ifadə edəcək.

***

Ruh - Ölümsüzdür, Bədən - Ölümlü. Müəyyən yaşam dönəmində Ruh-Bədən "birliyi" olur, bitir. Ruh - İnam, İdrak, Mənəviyyat, İradənin birliyidir. Ölümsüzlük - İnsanlığa uyğun yaşamaqdır. "Ruhun da bir güllüyü var" (Asif Ata). Yəni aşkarlanan, insani imkanların gül kimi açılan vaxtı... Dünya birdir, mahiyyətlidir, ruhludur. Poeziyada gerçəkliyin məntiqinə - amansızlığına acımaq belə ümidlidir. Gerçəklikdən ötəyə - Mahiyyətə inam olmasa, gerçəkliyə hiddət olmaz.

***

Ədəbiyyatın başlıca işi İnsançılıqdır. İnsançı ədəbiyyat soraqlısı insan, ulus yanğılısı olmalıdır...

***

Ulus (Xalq) necə var olur? Onu özünə yaxınlaşdıran, var edən nədir? Neyləyək ki, dünyanın bu amansız çağında var ola bilək? Ardıcıl xalq olmağın qaçılmazlığına yetmək. Xalq – yetkin fərdlərin şəxsində təsdiqini tapır. Özünü yaradan, var edən xalqını da yaradır, var edir.

Xalq – Bəşəriliyin təsdiqidir. Ulusal birliyimiz isə bəşəri gərəkliyimizdir.

Azərbaycanın ulusal dəyərləri insançılığı tam ifadə edir.

***

Ata deyirdi ki, təhsil müəssisəsi məbədə çevrilməlidir, yəni məbəd kimi ağıllara oturuşmalıdır, insanlar məktəbə kutsal ünvan kimi baxmalıdırlar. Bu görüntüdə ulusal yön üçün çox şey var. Əsas olan öyrətmən-öyrənci ilişgiləridir. İnsanlığın təsdiqi üçün məktəblər ciddi rol oynamalıdır. İnsan mahiyyətcə məktəbdə yetişməlidir, tərbiyələnməlidir, var olmalıdır.

***

Ad - mümkün qədər yığcam, mənalı və ulusal olmalıdır...

***

Bakı da Doğadadır: çoxu uca binalardan oluşan şəhərimizdə Günəşin şəfqəti, Yelin (küləyin) çılğınlığı, son illərin yağmuru bunu bizə tez-tez xatırladır. Doğanın Loğmanlığı var - öyrənməli, doğmalaşmalı: insana deyir, məni heç olmasa azca anla, yaralarımı özüm sağaldaram...

***

Qışın qar nağılı var – həyatı ötən. Qar gerçəklik olayıdır, ancaq onu mənalandıranda romantik əhval yaranır. Ulusal-insani duyumda doğa (təbiət) bütün tərəfləriylə gözəldir: qışın qarı, yazda doğanın yenidən doğuluşu, yayın odlu çağı, payızın min bir rəngə çalan bolluq çağı...

İnsanların gerçəkliküstü əhvallarının yoxalması faciəvilik yaradır. Faciəvilik – halsızlıqdır. Halın mütləq ölçüsünə yetmək – gerçəkliküstü olaydır. İnsan bu hala azından yaxınlaşanda belə ruhu yaradıcı ölçüdə oyanır, coşur.

Özündə Fərəhin yaradıcısısan. Başqası sənin yerinə fərəh imkanını aşkarlamayacaq.

Qar nağılı uşaqlığımı yadıma salır: qışın sazağında səhərdən axşama kimi çöldə olmaq, ayaqqabı suyun içində olsa belə evə yığışmamaq, axşam düşəndə odun sobasının qırağında isinmək ləzzəti...

Doqqazımızın başındakı iri elektrik dirəyinin işığında görünən lopa-lopa yağan qar indi də gözlərimin qabağından getmir. O günləri şirin bir xəyal kimi anıram.

O günlərin heç bir gözəlliyi, habelə acı-ağrısı itmədi, yadımdan çıxmadı: ruhuma keçdi, sağlığımın möhkəmliyində özünü göstərdi. İndi sağlıqla bağlı ardıcıl köklənmələrimdə xəyalən həmin günlərə gedir, yenidən güclənirəm.

Anı (xatirə) gerçək insançı yaşama gərək olmalıdır, insan yaradıcılığının barlı özününüifadə çalarlarından biri budur.

***

Dünyanın indiki özündən daha da ayrıldığı çağda doğal yeməklər anlayanlar üçün ruhun aşkarlanmasına böyük kömək edəcək. Ruh-Bədən birliyi olmadan bəlli bir ömür sürəsi alınmır. Sağlam Ruhda sağlam Bədən üçün yaşayıram, anlayıram ki, "Bədən - Ruhun atıdır" (Asif Ata), onu ardıcıl kökdə saxlamalıyam.

***

Özünə, insani imkanlarına tam bələd olmaq, inamsızlıqdan ayrılmaq. Daş kimi yuxudan Günəş kimi oyanmaq və oyatmaq...

***

Şairimiz "Azərbaycanın Puşkini" olur, bəstəkarımız "Azərbaycanın Çaykovskisi" olur, sirk ustası "Azərbaycanın Çaplini" olur. Belə özgələşmələrlə ardıcıl xalq ola bilmərik. Niyə özgələr yaxşı şairlərinə "Fransanın Füzulisi, Nəsimisi", "Almaniyanın Üzeyiri" və b. demirlər? Niyə belə şeylərlə fəxr etmək bizim üçün böyük sayılsın? Ginnesin kitabı isə bəşəri ölçü sayıla bilməz. Ona görə ki, bu kitabda antiinsani, mənasız birinciliklər kifayət qədərdir. Ulusal ölçümüzdə dayanıqlı olsaq, bəşəri təsdiqimiz də doğal şəkildə yaranar... Ulus olaraq gerçək imkanlardan artıq imkanlarımız var.

***

Fitri türk inancıllığı: Koroğlunun şəxsində Həmzəyə inanmağı kimi... Ancaq həm də bundan sonra çox ayıq olmaq gərək. Artıq belə inanmaqlar həm də avamlığa yozula bilər...

***

Tale adlı aqibət İnsanın ilahilik qüdrətini aşkarlaması ilə yaranır...

***

Özünə yad olan İnsan Cəmiyyətə də yaddır, Cəmiyyətin özülü yadlıqdan yoğrulub, birlikdən yox. Doğadakı soyuqluq doğaldır. Cəmiyyətdə demək olar, hər an ilişgi soyuqluğu duyulur mahiyyətcə. İnsanlararası ilişgilər ruhsallığa (İnsanlığa) uyğun qurularsa, cəmiyyətdə doğmalıq artar.

***

Emosional zəkadan çox danışırlar.

Ancaq unudurlar ki, bunun özülündə əslində ruhlu davranış dayanır.

***

Cəlil Məmmədquluzadənin yaradıcılığı XX yüzil Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında təkan rolunu oynadı. Ardıcıl olaraq xəlqi ruhla yaşamaq, bu fitri duyğunu yaradıcı insan olaraq yeriyən, təsir edən düşüncə yönünə çevirmək C.Məmmədquluzadənin aqibətinə çevrilmişdi. O, ömrünün sonunadək bu xəlqi görəvə sadiq qaldı.

C.Məmmədquluzadə çətin həyat görmüşdü. Xalqı həqiqətə, özgürlüyə çağırdığına görə ömrü boyunca çoxsaylı təhlükələrə tuş gəlmişdi. Həyata yaradıcı gözlə baxmaq, fikirlərini gerçəkləşdirmək inadı, döyüşkən maarifçiliyin təkanverici qüvvəsinə çevrilmək istər-istəməz onu diqqət mərkəzinə gətirmişdi. Bu səbəbdən də o, rahatlıq, arxayınçılıq nədir bilmədi… XX yüzilin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir zamanda təpərli xarakterə malik C.Məmmədquluzadə neft quyularına sahiblənmək, yaxud başqa sahədə ticarətlə məşğul olmağı ağlından belə keçirmədi. O, bütün qabiliyyətini, yaradıcı potensialını qələminə sarılıb millətin maariflənməsinə, gözünün açılmasına sərf etdi. Hekayələri, pyesləri Azərbaycan nəsrinin ciddi örnəklərindəndir. Xalqın anladığı dildə ideyanı çatdıra bilmək hünəri bu yaradıcılıq yönlərində də özünü aydınca göstərir... Bugünkü Azərbaycan jurnalistikasına "Molla Nəsrəddin" sayağı dərdkeşlik, təəssübkeşlik davamlı olaraq hava-su kimi gərəklidir.

***

Eybəcərlik dəbləşir, normalaşır, “sənətləşir”, “qanuniləşir”...

Pikassonun uyğunsuz (eybəcər) olmayan işləri də var, ancaq onda rəssamlıq sənəti eybəcərləşdi...

Bəşəri sənətlə çaşdırırlar, o sənət ki, İnsanlığa çağırmalıydı, kökləməliydi. Burda isə insan zövqsüzlüyə, ruhsuzluğa, “estetikliyin” harmoniyasızlığına çağırılır, çaşdırılır. Dünyanın çağdaş durumunun belə biçim almasında eybəcər sənətin də yetərli rolu var.

Gözəlliyi normalaşdırmaq olmur, ancaq hər bir insanın fitrətən gözəlliyin nə olduğunu, yəni insanlığa uyğun olanını duymaq hissiyyatı (fitrəti) var.

Bəşəri eybəcər sənət üstə kökləyənlər, bunu normalaşdıranlar mağazadan eybəcər, adı, yönü bilinməyən yemək almazlar, istəməzlər, ancaq yəqin geyimdə belə qayğıları olmaz.

Geyimin orqanizmə ziyan gətirmədiyini duyar, anlayarlar, iştah açmayan “yeməyin” isə orqanizmə ziyanlı olduğunu dəqiq bilərlər.

İnsanın ruhsal (mənəvi) zövqünü kökləyən özü olur, əgər o, ruhən güclü ola bilsə. Kütlənin zövqünü isə zaman kökləyir, normalaşdırır...

Ruhsuz, anlamsız “sənət” əsərlərinin milyon dollarlarla qiyməti olur, bunu dəbləşdirirlər, brendləşdirirlər, tamaşaçılar bunların qarşısında heyran-heyran “baxırlar”, ancaq “təhlilləri” insanlığın məntiqinə uyğun gəlmir. Eləcə də musiqidə, heykəltəraşlıqda və s. o qədər anlamsız işlər var ki...

Sənət sənət üçün deyil, İnsanlıq üçündür.

***

Dünya nə qədər pis olsa da, gözdən düşsə də, insan öz gözündən düşməməlidir. Faciə onda başlayır...

Başqa sözlə: Öz gözündən düşməyən insan insani dünyasını yaradır.


MANŞET XƏBƏRLƏRİ