Milii Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Fazil Mustafa “Türküstan”ın admin-redaktoru Könül Turana təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli Könül xanım!
Sizi əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, iş avandlığı, könül rahatlığı, media və ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Ömür yolunuzun Qərbi Azərbaycandan başlayan, yurd itkisinin doğurduğu çətinliklərdən, təhsil və peşə axtarışlarından keçərək milli mətbuatımızla bağlanan səhifələri iradənin, əməksevərliyin, mənəvi dəyərlərə sədaqətin ifadəsidir. AzTV-də, müxtəlif qəzetlərdə qazandığınız təcrübə, 2015-ci ildən etibarən “Türküstan” qəzetində (və xəbər portalında) davam etdirdiyiniz fəaliyyət milli media mühitimizə çoxillik bağlılığınızın göstəricisidir.
Media vətəndaş cəmiyyətinin vacib institutlarından biri olmaqla, həm də ictimai dialoqun inkişafına, vətəndaş təşəbbüslərinin təşviqinə, milli-mənəvi dəyərlərin qorunmasına və sağlam ictimai düşüncənin formalaşmasına xidmət edir. Bu missiyanın gerçəkləşdirilməsində imzası ilə görünən müəlliflərlə yanaşı, gündəlik redaksiya işinin məsuliyyətini daşıyan, informasiyanın oxucuya çatdırılmasını təmin edən media əməkdaşlarının da özünəməxsus xidmətləri vardır. Türk dünyası ortaq dəyərlərinin təbliğini, milli kimlik düşüncəsinin gücləndirilməsini və ictimai həmrəyliyi fəaliyyətinin mühüm yönlərindən biri kimi müəyyənləşdirən “Türküstan” media ailəsində uzunillik əməyiniz ayrıca təqdirəlayiqdir.
Fürsətdən istifadə edərək, İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyətinin, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində gerçəkləşən təşəbbüslərin, milli-mənəvi dəyərlərimizə və ictimai əhəmiyyətli məsələlərə dair mövqemizin davamlı işıqlandırılmasında göstərdiyiniz diqqətə, peşəkar münasibətə görə Sizə təşəkkürümü bildirirəm.
Sizin ömür yolunuzda xalqımızın yaxın tarixinin ağrılı və qurucu səhifələrinin də dərin izləri var. Doğma ocağı Qərbi Azərbaycanda qalmış, eyni zamanda şəhid ailəsinin üzvü olaraq milli yaddaşımızın iki həssas mövzusunun ağrı-acısını şəxsən yaşamısınız.
Milli yaddaşın qorunması, şəhidlərimizin xatirəsinə sədaqət, Qərbi Azərbaycana qayıdışla bağlı tarixi yaddaşın və hüquqi düşüncənin yaşadılması, milli birliyimizin möhkəmləndirilməsi media ilə vətəndaş cəmiyyəti institutlarının ortaq mənəvi məsuliyyət daşıdığı mühüm istiqamətlərdəndir. İnanıram ki, bundan sonra da peşəkar təcrübəniz, milli dəyərlərimizə bağlılığınız və sözə məsuliyyətli münasibətinizlə öz faydalı fəaliyyətinizi davam etdirəcəksiniz.
Sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edir, doğmalarınızın əhatəsində sağlam, firavan, xeyirli və bərəkətli ömür, yeni yaradıcılıq sevincləri diləyirəm!
Hörmətlə,
Komitə sədri: FAZİL MUSTAFA