Kürdləri İranla savaşdırmaq üçün plan hazırlandı – İlginc Türkiyə detalı


İraqda mərkəzi hakimiyyətlə Kürdüstan Regional Administrasiyası arasında uzun illərdir davam edən siyasi və iqtisadi qarşıdurma yeni mərhələyə keçib. Belə ki, İraqın Baş naziri Əli əl-Zeydinin noyabrın 24-də verdiyi qərarlar bu gərginliyin əsas başlanğıc nöqtəsi oldu. Bağdad regional administrasiyanın nəzarətində olan bütün sərhəd-keçid məntəqələrinin federal qurumlara verilməsini, həmçinin kürd qüvvələrinin təhlükəsizliyini təmin etdiyi, lakin Kürdüstanın rəsmi inzibati sərhədlərindən kənarda yerləşən bir sıra neft yataqlarının idarəçiliyinin İraq Neft Nazirliyinə keçirilməsini tələb etdi. Bundan başqa, neft ixracının yalnız federal hökumətin razılığı ilə həyata keçirilməsi barədə göstəriş verildi. İraq Ali Federal Məhkəməsinin federal hökumətin beynəlxalq sərhədlərdə nəzarəti həyata keçirmək səlahiyyətini təsdiqləməsi isə Bağdadın mövqeyini hüquqi baxımdan gücləndirdi.

Bağdadın bu addımı enerji gəlirləri, gömrük rüsumları və strateji ərazilər üzərində vahid dövlət nəzarətinin bərpasıdır. Kürd administrasiyası uzun müddət neft hasilatı və ixracı, eləcə də Türkiyə ilə sərhəd ticarəti vasitəsilə ciddi iqtisadi və siyasi təsir imkanları əldə edib. Mərkəzi hökumət isə bu sistemin İraqın ümumi iqtisadi və hüquqi mexanizmlərindən kənarda fəaliyyət göstərdiyini iddia edir. Neft gəlirlərinin bölüşdürülməsi ilə bağlı mübahisələr, büdcə transferlərinin gecikdirilməsi və gömrük sisteminə nəzarət uğrunda mübarizə də tərəflər arasında etimadsızlığı dərinləşdirib.

İraq neftinin Türkiyə üzərindən ixracının bərpası mərkəzi hakimiyyətə alternativ və daha nəzarət olunan marşrutlardan istifadə etmək imkanı yaradır. Bununla yanaşı, İnkişaf Yolu layihəsinin reallaşdırılması İraqın regional tranzit və logistika mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. Belə bir şəraitdə ölkənin şimalındakı sərhədlər, neft infrastrukturu və tranzit imkanları üzərində vahid nəzarətin təmin edilməsi Bağdad üçün daha da vacib olur. Başqa sözlə, İraq hökuməti gələcək iqtisadi layihələrin həyata keçirilməsindən əvvəl ölkə daxilində paralel iqtisadi və siyasi güc mərkəzlərinin imkanlarını məhdudlaşdırmağa çalışır.

Gərginliyi artıran səbəb

Lakin Bağdadın bu siyasətinin qarşısında ciddi maneə var. Kürdüstan Regional Administrasiyası özünü İraqın adi inzibati vahidi deyil, konstitusiya ilə tanınmış federal qurum hesab edir. Buna görə də mərkəzi hökumətin sərhədlər və neft yataqları üzərində nəzarəti ələ keçirmək cəhdini sadəcə korrupsiyaya qarşı mübarizə kimi qəbul etmir. Ərbilin mövqeyinə görə, bu qərarlar regional administrasiyanın konstitusion statusuna və özünüidarə hüququna müdaxilədir. Baş nazir Məsrur Bərzani Bağdadın addımlarını qəbuledilməz adlandıraraq Kürdüstanın statusunu qorumaq üçün hər kəsin Peşmərgəyə çevrilməyə hazır olduğunu bildirib. Kürd siyasi qüvvələri də federal hökumətin qərarlarına qarşı birgə mövqe nümayiş etdiriblər. Ərbil və Duhokda etiraz aksiyalarının keçirilməsi, Peşmərgə qüvvələrinin mübahisəli ərazilər istiqamətində hərəkətə gətirilməsi və hərbi mövqelərin gücləndirilməsi mübahisəni siyasi bəyanatlar səviyyəsindən çıxarır.

Burada diqqətçəkən digər bir məqam da Bərzani və Talabani ailələri arasında münasibətlərin son dövrlərdə ciddi şəkildə pisləşməsidir. Bir müddətdir ki, Kürdüstan Demokrat Partiyası ilə Kürdüstan Vətənpərvərlər İttifaqı arasında hökumətin formalaşdırılması, parlamentin fəaliyyəti və inzibati səlahiyyətlərin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Hətta Talabanilər regional hökumətdən çəkilmişdi. Əslində, Bağdadı hərəkətə keçirən məqamda məhz budur. Düzdür, Bağdadın regional muxtariyyətin əsas iqtisadi və təhlükəsizlik rıçaqlarına müdaxiləsi iki siyasi ailəni ən azı bu məsələdə ortaq mövqeyə yaxınlaşdırsa da, daxili ziddiyyətlərin tam aradan qalxdığını söyləmək olmaz.

İraq hökumətinin bu addımlarına paralel olaraq İranla yaxınlığı ilə tanınan şiə silahlı qruplaşmaların fəaliyyətini məhdudlaşdırmağa çalışması da diqqət çəkir. Əl-Zeydi hökuməti bununla öz siyasətini müəyyən bir siyasi və ya etnik qüvvəyə qarşı mübarizə kimi deyil, İraq dövlətinin mərkəzi hakimiyyətinin bərpası kimi təqdim edir.

Vaşinqtonun regional marağı

Bu məsələdə mənim diqqətimi ən çox çəkən məqam isə ABŞ-ın mövqeyidir. ABŞ-ın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak noyabrın 11-də Londonda çıxışı zamanı İraqın daxili məsələlərinin amerikalılar tərəfindən həll edilməyəcəyini, bunun İraqın öz qərarı olduğunu bildirib. O, Vaşinqtonun müdaxilə etməyəcəyini, yalnız məsləhət, yardım və vasitəçilik göstərə biləcəyini vurğulayıb. Barrak eyni zamanda kürd liderlərini Bağdadla münasibətləri normallaşdırmağa və daxili siyasi parçalanmanı aradan qaldırmağa çağırıb. Noyabrın 25-də Ərbil ilə Bağdad arasında gərginlik artdıqdan sonra Barrak tərəflər arasında vasitəçilik təklif edib və əl-Zeydini hərbi variantdan çəkinməyə çağırırb.

Hesab edirəm ki, Vaşinqtonun bu yanaşmasının arxasında konkret strateji hesablamalar var. Məncə, baş verənlərə məhz ABŞ-İran qarşıdurmasının genişlənməsi kontekstindən baxmaq lazımdır. Vaşinqton uzun müddətdir kürd faktorunu Yaxın Şərq siyasətində mühüm alət kimi nəzərdən keçirir. Ancaq kürdlərin də öz siyasi hesablamaları var. Onlar dəfələrlə ABŞ-a dəstək veriblər, xüsusilə İŞİD-ə qarşı mübarizədə Vaşinqtonun əsas tərəfdaşlarından biri olublar. Bunun müqabilində isə yalnız siyasi dəstək və təhlükəsizlik təminatları deyil, daha konkret siyasi nəticələr gözləyirlər. Kürd siyasi hərəkatının müəyyən qanadları üçün bu nəticənin ən yüksək forması müstəqil dövlətin yaradılmasıdır.

ABŞ Bağdadın Ərbilə təzyiq imkanlarını artırmasına şərait yaratmaqla kürd siyasi qüvvələrini seçim qarşısında qoya bilər. Yəni kürdlərə mesaj verilə bilər ki, Vaşinqtonun regional siyasətinə, xüsusilə İranla qarşıdurmada gözlənilən əməkdaşlığa kifayət qədər dəstək vermədikləri halda, mövcud muxtariyyətlərini qorumaq çətinləşəcək.

Digər və əsas ehtimalım isə budur ki, ABŞ İraq mərkəzi hakimiyyəti ilə Kürdüstan Regional Administrasiyası arasında yaranmış gərginliyin dərinləşməsinləşməsinə hətta silahlı qarşıdurmanın olmasına çalışır. Beləliklə kürd məsələsi yenidən beynəlxalq gündəmə gətirilə bilər. Bağdadın təzyiqləri Ərbildə muxtariyyətin gələcəyinə dair narahatlığı artırarsa, kürd siyasi qüvvələri arasında müstəqillik məsələsi yenidən aktuallaşa bilər. Bu isə referendum tələbinin gündəmə gətirilməsi üçün siyasi zəmin yaradar.

Bütün hallarda bu vəziyyətdə kürdlər ya Vaşinqtonun regional strategiyasına daha uyğun mövqe tutmalı, ya da Bağdad qarşısında öz imkanlarının tədricən azaldığını qəbul etməli olacaqlar.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı


MANŞET XƏBƏRLƏRİ