İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus F-16 qırıcı təyyarəsinin Hörmüz boğazının cənub-şərqində xəbərdarlıq atəşi ilə ərazidən uzaqlaşdırıldığını iddia edib.
Turkustan.az xəbər verir ki, qurumun yaydığı yazılı açıqlamada Hörmüz boğazı yaxınlığındakı Henqam adasının cənub-şərqində İranın hava məkanına yaxınlaşan Amerika qırıcısına hava hücumundan müdafiə sistemləri tərəfindən xəbərdarlıq atəşi açıldığı və bundan sonra təyyarənin geri çəkildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, ABŞ-nin F-16 qırıcısı Hörmüz boğazından keçməyə çalışan gəmiləri müşayiət etmək və onları havadan qorumaq missiyasını yerinə yetirərkən İranın hava sərhədinə yaxınlaşıb.
Açıqlamada həmçinin Hörmüz boğazında dəniz nəqliyyatının idarə olunması və nəzarət qaydalarını pozmaq cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb. Bildirilib ki, bu cür pozuntuların davam etməsi qanunsuz qüvvələr və onları dəstəkləyən hərbi birləşmələr üçün daha ağır itkilərlə nəticələnə bilər.
Aytən Yaşar/ Turkustan.az