ABŞ Prezidenti Donald Trampın Kanadanın “51-ci ştat” olması ilə bağlı fikirlərini dəstəkləyən açıqlamalarından sonra ABŞ-ın Kanadadakı səfiri Pit Hoekstranın ölkədən çıxarılması tələbi ilə Kanada Parlamentinə petisiya təqdim edilib.
Turkustan.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Kanada Parlamentinin üzvü Elizabet Mey təxminən 290 min nəfərin imzaladığı petisiyanı İcmalar Palatasına təqdim edib. Sənəddə ABŞ səfiri Pit Hoekstranın Kanadadan deportasiya edilməsi tələb olunur.
Petisiyanın təqdim edilməsindən sonra açıqlama verən Mey Hoekstranı “Kanada tarixinin ən diplomatik olmayan diplomatı” adlandırıb. O, hökuməti səfiri “persona non grata” elan etməyə və diplomatik səlahiyyətlərini ləğv etməyə çağırıb.
Qeyd edək ki, Kanadada İcmalar Palatasına təqdim olunan petisiyalar hökumətin rəsmi cavab verməsini tələb edir.
Aytən Yaşar/ Turkustan.az