ABŞ kəşfiyyatında Nvidia qalmaqalı: Çinlə gizli əlaqələr araşdırılır


“Nvidia” şirkətinin Çinlə əlaqələri ABŞ kəşfiyyat qurumları arasında fikir ayrılığına səbəb olub. Şirkət daxilində də oxşar qalmaqal gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, prezident Donald Tramp “Nvidia”nın baş direktoru Jensen Huangın vəzifəsini davam etdirməsini dəstəkləsə və şirkətin milli təhlükəsizlik üçün təhdid yaratmadığını bildirsə də, ABŞ-ın təhlükəsizlik qurumları bu məsələdə ortaq mövqeyə gələ bilmirlər.

FTB və MKİ Jensen Huangın həyat yoldaşı, “Megaspeed” şirkətinin keçmiş rəhbəri Elis Huangın Çin kəşfiyyatı ilə əlaqələrinə dair əldə olunan məlumatları fərqli qiymətləndirirlər. Eyni zamanda, “Nvidia”nın başqa bir rəhbərinin Çinə çip qaçaqmalçılığında ittiham olunan “Super Micro” şirkətinin rəhbəri ilə uzun illər münasibətdə olduğu və onunla evləndiyi də üzə çıxıb.

Ağ Ev, FTB və MKİ rəsmiləri son günlər Jensen Huangın Çin kəşfiyyatına məlumat ötürüb-ötürmədiyini müəyyənləşdirmək üçün bir sıra görüşlər keçiriblər.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ kəşfiyyatı aylardır Elis Huangın Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi (DSN) ilə əlaqəli şəxslərlə münasibətləri barədə məlumat toplayır. Rəsmilər əldə olunan faktlarla razılaşsalar da, onların necə şərh edilməsi məsələsində fikir ayrılığı yaşayırlar.

FTB hesab edir ki, Elis Huangın DSN agenti olduğunu təsdiqləmək üçün kifayət qədər sübut yoxdur. MKİ isə onun Çinə həssas məlumatlar əldə etdiyini və ya ötürdüyünü təsdiqləyən hər hansı dəlilin olmadığını bildirir. Bununla belə, qurum gələcəkdə yeni sübutların ortaya çıxması ehtimalını da istisna etmir.

Dövlət katibi Marko Rubionun məxfi qeydində isə Çin kəşfiyyatının Elis Huangu potensial agent kimi öz tərəfinə çəkməyə çalışdığı irəli sürülüb. Məlumata görə, müvafiq hesabatlar Konqreslə paylaşılmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ