Rusiya düyməyə basdı: Putin Paşinyanı devirə biləcək?


Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda geniş müzakirələrə səbəb olub. Analitiklər və sosial şəbəkə istifadəçiləri bu təması Rusiyanın birinci prezidenti Boris Yeltsin dövründə baş vermiş hadisələrlə müqayisə edirlər. Bəzi rəylərdə görüşün Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy ilə Yeltsin arasında baş tutmuş telefon danışığından sonrakı siyasi proseslərlə oxşarlıq təşkil etdiyi qeyd olunur.

Müzakirələrə əlavə impuls verən əsas məqamlardan biri isə görüşdən qısa müddət sonra Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk tərəfindən səsləndirilən açıqlamalar olub. Overçuk Putinin Paşinyan qarşısında səsləndirdiyi fikirləri əsaslandırıb.

Beləliklə, Putinlə son görüş Ermənistanda hakimiyyət dəyişikliyinin anonsudur?

Turkustan.az xəbər verir ki, globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, siyasi hadisələrə yanaşmada son vaxtlar daha mürəkkəb və asan anlaşılmayan münasibətlərə rast gəlirik:

“Xüsusilə, beynəlxalq münasibətlərdə proqnozlaşdırılması çətin olan hallar çoxalıb. Bu da ənənəvi metod və yanaşmalardan istifadə olunmadığını göstərir. İndi elə bir vəziyyət yaranıb ki, siyasi proseslərdə nəticə bütün vasitələrə bəraət qazandırır. Makiavellist yanaşma siyasi müstəviyə hakim kəsilib.

Bütün bunları nəzərə alaraq Putin-Paşinyan görüşünün mahiyyətini daha obyektiv şərh etmək mümkündür. Zənnimcə, bu görüş yaxşı bir ssenarinin epizodudur. Paşinyan elə cəsarət sahibi deyil ki, Kremldə ev sahibinin qarşısında əyləşərək ona fərqli fikirlərini, xüsusilə Ermənistanın müstəqilliyi haqqında düşüncələrini söyləsin.

Rusiyada mövcud rejim və prezident Putinin avtoritar idarəçilik sistemi də bunu mümkünsüz edir. Çünki Rusiyada elə bir idarəçilik sistemi var ki, medianın ictimaiyyətə çatdıracağı bütün xəbərlər əvvəlcədən müəyyənləşdirilir. Bu, ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan qalmaqallı görüşə bənzəməz. Lakin ona istinad edərək qurulmuş oyuna bənzəyir. Putinin məqsədi iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyana dəstək verməkdir.

Çox güman ki, əvvəlcədən keçirilmiş ikili gizli danışıqlarda Paşinyan Rusiyanın bütün şərtlərini qəbul edib. Bu görüş isə Putinin seçkilərdə Paşinyana dəstəyi hesab oluna bilər. Ermənistan ictimaiyyəti artıq Paşinyanı qəhrəman kimi görür. Bu isə ona parlament seçkilərində qələbəni təmin edə bilər”.


MANŞET XƏBƏRLƏRİ