ABŞ-də federal məhkəmə Prezident Donald Trampın Nepal, Honduras və Nikaraquadan olan 60 mindən çox miqranta verilmiş müvəqqəti qoruma statusunun ləğv edilməsinə yaşıl işıq yandırıb.
Turkustan.az-ın "New York Times"-a (NYT) istinadən məlumatına görə, məhkəmə Tramp administrasiyasının müvəqqəti qoruma statusunun ləğvi ilə bağlı qərarını dəstəkləyən mühüm sübutların mövcud olduğunu bildirib.
Bu səbəbdən məhkəmə Nepal, Honduras və Nikaraquadan gələn və ABŞ-də qanuni şəkildə qalmaq imkanı verən müvəqqəti qoruma statusunun ləğvi qarşısındakı maneələri aradan qaldırıb.
Qərarın təxminən 50 min honduraslı, 7 min nepallı və 3 min nikaraqualı miqranta təsir edəcəyi gözlənilir.
ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Haiti, Venesuela və Əfqanıstan kimi ölkələrdən olan miqrantlara verilən müvəqqəti qoruma statusunun ləğvi istiqamətində addımlar atıb. Bu təşəbbüslərin bir qismi məhkəmə maneələri ilə üzləşmişdi.
Müvəqqəti qoruma statusu miqrantlara ABŞ-də işləmək imkanı yaradır və onların deportasiya edilməsinin qarşısını alır. /Cebheinfo.az/