Bu gündən “Bolt” taksi şirkətinin gedişhaqqını 10 faiz bahalaşdırdığı bildirilir. Bu barədə “Bolt” taksi şirkətinin sürücüləri məlumat veriblər. Bildiriblər ki, iki gündür şirkətdən onlara gedişhaqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Məlumata görə, bu gündən isə qiymət artımı tətbiq edilib.
Turkustan.az-ın məlumatına görə, məsələ ilə bağlı “Bolt”dan News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, platforma üzərindən göstərilən taksi xidmətlərində gedişhaqqı bir sıra amillər əsasında formalaşır:
“Bu amillərə yol hərəkətinin sıxlığı, sifarişə olan tələbat və mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərclərinin artması, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir. Hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10 faizə qədər təşkil edir və regiondan asılı olaraq 5–10 faiz arasında dəyişə bilər”.
“Bu dəyişikliklər bütün şəhərlərə şamil edilmir və yalnız müvafiq şəhərlərdə fəaliyyət göstərən sürücülər bu barədə tətbiq daxilində bildirişlər alıblar. Qiymət dəyişiklikləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir”, – deyə məlumatda bildirilib.