Azərbaycanda son illər qaz, elektrik enerjisi və su tarifləri üzrə diferensial, yəni limitli tarif sistemi tətbiq edilir. Rəsmi izaha görə, bu yanaşmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, az istehlak edənləri daha ucuz tariflə təmin etmək və resurslara qənaəti təşviq etməkdir.
Lakin praktikada bu sistem minlərlə ailə üçün ciddi sosial problemə çevrilib. Xüsusilə də eyni həyətdə bir neçə ailənin yaşadığı fərdi yaşayış evlərində. Bu gün ölkənin əksər bölgələrində – Bakının kənd və qəsəbələrində, eləcə də regionlarda geniş yayılmış yaşayış modeli mövcuddur: ata-ana bir evdə, oğullar isə eyni həyətdə tikilmiş ayrıca evlərdə yaşayır. Hüquqi və faktiki baxımdan bu, ayrı-ayrı təsərrüfatlardır. Amma qaz, su və elektrik sayğacları çox vaxt ümumi olur. Tarif və limitlər isə ailəyə görə deyil, ünvan və sayğaca görə tətbiq edilir. Nəticədə bir ailə üçün nəzərdə tutulmuş limit faktiki olaraq 3-4 ailə arasında bölünür və çox qısa müddətdə aşılır.
Tarif və limit sistemi necə işləyir?
Azərbaycanda kommunal xidmətlər üzrə tariflər Tarif (Qiymət) Şurasının qərarları ilə müəyyən edilir və diferensial qaydada tətbiq olunur.
Elektrik enerjisi
Əhali üçün elektrik enerjisi üzrə tətbiq olunan limitli tarif sisteminə görə aylıq müəyyən həddə qədər istehlak daha ucuz tariflə hesablanır. Bu hədd keçildikdən sonra hər kVt-saat üçün daha yüksək qiymət tətbiq olunur. Elan olunduğuna görə, bu sistemin məqsədi sosial həssas təbəqəni qorumaqdır. Amma bir sayğacdan bir neçə ailə istifadə etdikdə limit çox tez dolur.
Təbii qaz
Qaz istehlakında da oxşar sistem tətbiq olunur. İllik müəyyən həddə qədər istehlak aşağı tariflə, həddi keçdikdən sonra isə daha yüksək tariflə hesablanır. Qış aylarında bir neçə ailənin eyni qaz xəttindən istifadə etməsi bu limiti sürətlə aşır və ödənişlər kəskin artır.
Su və kanalizasiya
Su təchizatında da sayğac üzrə hesablanma aparılır. Bir neçə ailə eyni sayğacdan istifadə etdikdə ümumi sərfiyyat artır və ödənişlər də proporsional olaraq yüksəlir.
“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əsasən, kommunal xidmətlər abonentlə bağlanan müqavilə əsasında göstərilir. Abonent isə faktiki olaraq sayğacın qeydiyyatda olduğu şəxs və ünvan hesab olunur. Yəni, qanunvericilik limitləri ailə sayına görə deyil, abonent və sayğaca görə müəyyən edir. Bu isə real yaşayış vəziyyəti ilə ziddiyyət yaradır...
Məsələnin mahiyyəti ondan ibarətdir ki, ölkədə minlərlə fərdi yaşayış evi zamanla genişlənib. Bir vaxtlar bir ailə üçün nəzərdə tutulan həyətlərdə sonradan yeni evlər tikilib. Bu evlər ayrıca girişə malikdir, ayrıca təsərrüfat kimi fəaliyyət göstərir, fərqli ailələr yaşayır. Amma kommunal sistemdə onlar hələ də bir abonent kimi görünür. Belə olan halda, elektrik limiti bir ailə üçün nəzərdə tutulsa da, 4 ailə istifadə edir; qaz limiti bir ev üçün hesablanır, amma bir neçə ev tərəfindən sərf olunur;su sərfiyyatı da eyni qaydada ümumiləşdirilir.
Nəticədə limit çox tez aşılır və sakinlər artıq tariflə ödəməyə məcbur qalırlar. Bu vəziyyətin ən ağır tərəfi ondan ibarətdir ki, limit aşımı nəticəsində tariflər kəskin artır. Məsələn, bir ailə tək yaşayanda limit daxilində qalaraq daha ucuz tarif ödəyərdi. Amma eyni sayğacdan istifadə edən 3-4 ailə olduqda limit bir neçə gün ərzində dolur. Sonrakı istehlak isə artıq yüksək tariflə hesablanır. Bu isə aylıq kommunal xərclərin iki-üç dəfə artmasına, xüsusilə aztəminatlı ailələr üçün ciddi maliyyə yükünə, sosial narazılığın artmasına səbəb olur.
Məsələ təkcə texniki deyil. Əsas problem qanunvericiliyin real yaşayış modelini tam nəzərə almamasıdır. Çünki limitlər ailəyə görə deyil, sayğaca görə tətbiq olunur; bir ünvanda neçə ailənin yaşadığı nəzərə alınmır; ayrıca ev olsa belə, ayrıca sayğac olmadıqda ayrıca limit verilmir. Halbuki, faktiki olaraq bu evlər ayrı-ayrı təsərrüfat vahidləridir.
Çıxış yolu hər ev üçün ayrıca sayğac quraşdırılmasıdır. Amma praktikada bu, hər zaman mümkün olmur. Səbəblər sırasında ilk yerdə əksər həyət evlərinin kupçasının olmaması, nəticə etibarı ilə kommunal xidmətlərdən yararlanmaq imkanlarının məhdudlaşdırılmasdır. Bundan başqa, texniki imkanların məhdudluğu, sənədləşmə problemləri, torpaq və tikililərin tam rəsmiləşdirilməməsi, əlavə xətt çəkilməsi üçün yüksək xərclər. Nəticədə minlərlə ailə faktiki olaraq alternativsiz vəziyyətdə qalır.
Ekspertlər hesab edir ki, problemin həlli üçün bir həyətdə ayrıca tikililər olduqda sadələşdirilmiş qaydada ayrıca sayğacların quraşdırılmasına şərait yaradılmalıdır. Limitlər də ünvan üzrə deyil, faktiki abonent və ya ailə sayı nəzərə alınmaqla müəyyən edilə bilər. Çoxmənzilli evlərdə olduğu kimi, fərdi həyətlərdə də ayrıca abonent qeydiyyatı mexanizmi tətbiq oluna bilər. Kommunal tariflər üzrə limit sistemi nəzəri baxımdan sosial müdafiə mexanizmi sayılsa da, praktiki tətbiqdə bir sıra ailələr üçün əlavə maliyyə yükünə çevrilib. Xüsusilə eyni həyətdə yaşayan çoxsaylı ailələr faktiki olaraq başqasının deyil, sistemin yaratdığı limit probleminin qurbanına çevrilirlər. Bu məsələ həm sosial ədalət, həm də qanunvericiliyin reallığa uyğunlaşdırılması baxımından yenidən nəzərdən keçirilməli mövzulardan biri kimi aktuallığını qoruyur. /musavat.com/