Məhəmməd Əmin Rəsulzadə: Şərqdə Sekulyar Liderlik Fenomeni


Dini irsdən milli təsanüdə, vicdan azadlığından dünyəvi dövlətçiliyə aparan yol

Məhəmməd İsrafiloğlu/Almaniya

Azərbaycan Cümhuriyyətinin qurucuları arasında Məhəmməd Əmin Rəsulzadənin yeri xüsusi və əvəzsizdir. Onun şəxsiyyəti, fəaliyyəti və ideoloji baxışları təkcə milli dövlətçilik tariximiz üçün deyil, ümumilikdə müsəlman Şərqinin modernləşmə prosesləri üçün unikal əhəmiyyət kəsb edir.

Rəsulzadə dini ailədən – axund ocağından çıxmasına baxmayaraq, dini ənənələrin verdiyi komfortu və ənənəvi mövqeyi rədd edərək, dünyəvi, sekulyar dövlətçiliyin qurulmasına yönəldi. Onun mübarizəsi sübut etdi ki, məhz sekulyar dünyagörüş və universal demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövləti yaradıla bilər.

Rəsulzadə 1884-cü ildə Bakıda axund ailəsində doğuldu. İlk təhsilini mədrəsədə alsa da, daha sonra Bakı Kommersiya Məktəbinə daxil oldu. Onun aldığı dini təhsil Rəsulzadəni dini mühitdə formalaşmış ziyalılar kateqoriyasına daxil etsə də, o, erkən gənclik illərindən etibarən dini dünyagörüşdən daha çox dünyəvi-modernist ideyalara yönəldi. Bu fakt əslində onun sekulyar düşüncəsinin köklərini izah edir: o, dini irsi tamamilə inkar etmədən, lakin onu siyasi və dövlət idarəçiliyi sferasından kənarda saxlayaraq, vətəndaşlıq əsasında bir millət konsepsiyasına üstünlük verdi.

Azərbaycan parlamentinin iclaslarından birində onunla islamçıların təmsilçisi S.M.Qənizadə arasında polemika M.Ə.Rəsulzadənin islamla bağlı yetkin baxışlarını əks etdirir.

Bu polemikanın predmeti "Müəssislər Məclisinə seçkilər haqqında" qanun layihəsinin 96-cı bəndi idi, bu bənd din təmsilçilərinin məscidlərdə və kilsələrdə siyasi təbliğat aparmasını qadağan edirdi. M.Ə. Rəsulzadənin bu iclasadakı çıxışı olduqca ibrətamizdir, hətta günümüzlə paralellik təşkil edir .

Rəsulzadə çıxışında bildirirdi ki: “ Bu məsələyə əsas bir nöqteyi-nəzərlə baxmaq lazımdır. Burada üləma və ruhanilərin heysiyyətinə toxunacaq heç bir şey yoxdur. Birdəfəlik anlamalıyıq ki, indiki zamanda xalq cümhuriyyəti elan etmişiksə, bütün hakimiyyət millətin öz əlindədir və bütün qanunlar xalqın rəyilə hakimiyyəti milliyyə əsasında çıxarılacaq. Xalqın seçdiyi nümayəndələr millət və məmləkətin hansı üsulla idarə olunacağı xüsusunda qanunlar çıxaracaqlar. Belə bir zamanda əsrlərlə bundan əvvəl yaranmış əsasları qurmaq zamanı deyildir. O zaman çoxdan keçmişdir. Əfəndilər! Üləmanın vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqəddəsdir. Deyirlər ki, seçki də müqəddəsdir və belə bir müqəddəs işdən ruhaniləri məhrum etmək olmaz. Lakin bunu bilməliyik ki, dini məsələlər başqa, dünya işləri isə bam-başqadır. Əgər diqqətli olsaz görərsiniz ki, dünyəvi məsələlərdə dini məsələlərə xas olan müqəddəslik qətiyyən yoxdur. Dini etiqadlar tənqidin, mühakimənin fövqündədir. Halbuki, siyasi etiqadlar daima tənqid hədəfidir. Bir şey ki, tənqidə və mühakiməyə məhkumdur, onda müqəddəslik aramaq əbəsdir. Bir də gərək diqqət edəsiniz ki, seçkilər millətin azad rəyindən hasil olmalıdır. Ona görə də bütün polis məmurlarının, qorodovoyların və başqa hakimlərin seçki hüquqları əlindən alınır. Bu nə üçündür? Ölkə vətəndaşı olduqları halda onlar niyə seçkidən məhrum edilir? Ona görə ki, bununla başqalarının azad səs vermək hüququ təmin olunur. Bizə deyirlər ki, qorodovoy, polis ağac ilə, qamçı ilə gəldikləri halda, ruhanilər vəz ilə gələcəklər. Fəqət, siz mənə təminat verə bilərsinizmi ki, qorodovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər? Qorodovoyun əlində zopa varsa, ruhanilərin də küfrü, lənəti var (Alqışlar).

“ Bu çıxış əsnasında Rəsulzadəyə irad bildirən S.M. Qənizadənin cavabı olduqca sərrastdır.

M.Ə. Rəsulzadə üzünü S.M. Qənizadəyə tutaraq çıxışını davam etdirir: “ Əvət, keçən il bunun təcrübəsini gördük, sizə məxsus olan ruhaninin birinin nə elədiyini gördük. Ona görə də imkan vermərik ki. Allahın evindən istifadə edib, yenidən küfrlər yağdırıb, təşviqat yapmaqla məqsədlərinə nail olsunlar. Bir də əfəndilər, bunu bilməlisiniz ki, üləmanın vəzifəsi bitərəf qalmaqla xalqı haqq yoluna çəkməkdir. Fəqət, insan bir siyasi firqəyə mənsub olursa, bitərəf qala bilməz. Bir zamandakı firqələr rəqabətə çıxmışlar, bir zamandakı emosiyalar coşmuşdur, bir zamandakı firqə şəriətə uyğun olan və olmayan bütün vasitələrlə qarşı tərəfi məğlub etmək istəyir, bir zamandakı əhalinin bir sinfi digərinə qarşı mübarizə və rəqabətə qalxmışdır, belə bir zamanda yeganə bir sülh yeri varsa ki, barışmaq üçün oraya müraciət edilməlidir, o da məsciddir. Belə zamanlarda üləma sülh sözü ilə gəlib firqələrə nəsihət etməlidir. Lakin üləmalar da bu keşməkeşdə desə ki, həqq filan firqənindir, filan firqə isə haqsızdır, o zaman məscidlər bir ixtilaf yeri olar və üləma sülh-səlahə çağırıb, xalqı barışdırmalı ikən, minbərlərdən doğru bilmədiyi firqələr üzərinə küfrlər yağdırmaqla odun üzərinə yağ tökəcəkdir. Çünki mənim məsləkimə minbərdən biri zidd gedərsə, əmin olunuz ki, həmin adam alim də olsa, mən ona etirazımı bildirəcəyəm. Ona qarşı hörmət bəsləməyəcəyəm. İndi söyləyiniz, qalarmı hörməti belə üləmanın? Qətiyyən qalmaz! Əgər istəyirsiniz ki, məscid bir möhtərəm vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın... Bir alim ittihadçı, digəri müsavat, sosialist olursa, bir üləmanın biri çıxıb deyəcək ki, səsinizi filan firqəyə verin, ardınca da mərsiyaxan da çıxıb səsinizi filan firqəyə verin, o yalan deyir desə, o vaxt nə olar? Məhz bu nöqteyi-nəzərdən məscidləri mübarizə aparan siyasi firqələr arasında bir sülh amili kimi saxlamaqdan ötrü bu maddə qəbul edilməlidir ki, məscid ilə minbər bitərəf qalsın. Alimlər xaqlı sülh yoluna çağırsın, məscid də siyasi işlərdə iştirak etməsin. “

Çox maraqlıdır ki, parlamentin iclasında çoxluq Rəsulzadəni fikirlərini dəstəklədi və verilən qərar da bu yöndə qəbul edildi. Total savadasızlığın hökm sürdüyü, dini təəsübkeşliyin daha üstünlük təşkil etdiyi bir dönəmdə, situasiyada bu qərarı qəbul etdirmək dövrün konteksti baxımından bizlərə indi çox da asan görünməməlidr. Rəsulzadənin dedikləri bir həqiqəti işıq üzərinə çıxarır: hətta dini məsələlərdə belə modernist olmaq gərəkir, yozlaşdırılmış bidat və hürafələrdən qurtulmağın praktik yolları göstərilir, dini siyasətə alət etməyin yanlış olduğu vurğulanır.
Sekulyar prinsiplərin qanunvericilikdə əksini tapması zamanı ciddi mübahisələr yaranırdı. Məsələn, seçki qanunu, təhsil islahatları və qadınların siyasi hüquqları məsələsində mühafizəkarlarla müasirlər arasında uzun sürən polemikalar aparılmış, bəzi hallarda kompromislər qaçılmaz olmuşdur.
Sekulyar islahatların cəmiyyətin bütün təbəqələri tərəfindən eyni səviyyədə qəbul olunması asan deyildi. Xüsusilə kənd yerlərində dini ənənələrin güclü olması bu ideyaların kütləviləşməsini ləngidirdi. Lakin şəhər mühitində, xüsusilə Bakı və Gəncə kimi mərkəzlərdə dünyəvi islahatlar daha geniş dəstək tapırdı.

Onun məşhur şüarı — “İnsanlara hürriyyət, millətlərə istiqlal” — təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə ünvanlanmış universal çağırış idi. Bu ifadənin semantik qatlarında üç əsas element görünür:

1. İnsanlara hürriyyət — fərdi azadlıqların təmin olunması, dinindən, irqindən, sosial statusundan asılı olmayaraq hər bir insanın hüquqlarının qorunması.

2. Millətlərə istiqlal — xalqların öz müqəddəratını təyin etmə hüququnun tanınması.

3. Sekulyar əsas — dövlətin dini təlimlər əsasında deyil, hüquq və demokratiya prinsipləri əsasında idarə olunması.

Bu baxımdan Rəsulzadənin şüarı Avropada Qərb maarifçiliyinin, Fransız inqilabının idealları ilə səsləşir və eyni zamanda milli-mədəni mühitin tələblərinə uyğunlaşdırılır. Onun Milli təsanüdçülük nəzəriyyəsi də toplumda antaqonist bir şəkildə sinifləşmə, təbəqələşməni rədd edərək “ qızıl orta”nı tapmağı ehtiva edir. Rəsulzadənin ideoloji irsində əsas anlayışlardan biri “milli təsanüd” nəzəriyyəsidir. Bu nəzəriyyə milli dövlətin qurulmasında müxtəlif sosial təbəqələrin, dini və məzhəbi qrupların, siyasi qüvvələrin bir ideya ətrafında birləşdirilməsini nəzərdə tutur. Məsələ ondadır ki, Rəsulzadənin bu yanaşması sekulyarlıqla nə dərəcədə bağlıdır? Rəsulzadəyə görə, millətin təşkilində əsas amil yalnız dini və ya məzhəbi bağlılıq deyil, dil, tarix, mədəniyyət və milli dövlətçilik ideyasıdır. O, milli təsanüdü fərqliliklərin aradan qaldırılması yox, onların bir milli çərçivədə ahəngdar şəkildə birləşdirilməsi kimi başa düşürdü. Milli təsanüd konsepsiyası mahiyyətcə sekulyardır. Çünki:

• Millətin əsasını dini birlik yox, mədəni və tarixi birlik təşkil edir.

• Din cəmiyyətin mənəvi dəyərləri arasında öz yerini saxlayır, lakin siyasi identiklikdə həlledici faktor olmur.

• Beləliklə, milli həmrəylik dini üstünlükdən çox, sekulyar dövlətçilik ideyası üzərində qurulur.

Dinə münasibət məsələsində Rəsulzadə dini inkar etmirdi. O, İslamı xalqın mədəni-mənəvi həyatının ayrılmaz parçası sayırdı. Lakin siyasətin dini prinsiplərə əsaslanmasının əleyhinə idi. Onun üçün din vicdan azadlığının obyekti idi, dövlətin quruluş prinsiplərinə isə millilik və demokratiya rəhbərlik etməli idi. Milli təsanüd nəzəriyyəsi həm də demokratik düşüncəyə söykənirdi. Rəsulzadə hesab edirdi ki, müxtəlif siyasi baxışlar, sosial təbəqələr və dini qruplar bərabərhüquqlu şəkildə milli dövlətin inkişafında iştirak etməlidir. Bu, yalnız sekulyar dövlət idarəçiliyi şəraitində mümkündür. Və nəticə etibarı ilə Məhəmməd Əmin Rəsulzadənin milli təsanüd nəzəriyyəsi sekulyarlıqla sıx bağlıdır. Sekulyarlıq bu nəzəriyyədə dinin cəmiyyətdən uzaqlaşdırılması deyil, dinlə siyasətin ayrılması və bütün millət üzvlərinə bərabər yanaşma prinsipini ifadə edirdi. Bu baxımdan milli təsanüd nəzəriyyəsi Azərbaycan siyasi fikrində həm milli dövlətçilik, həm də sekulyar demokratik ənənələrin əsaslandırılmasında mühüm rol oynamışdır.

Rəsulzadənin siyasi fəaliyyətinin zirvəsi Azərbaycan Cümhuriyyətinin elan olunması idi. O, dini monarxiya və ya şəriət dövləti modelini deyil, parlamentli respublika modelini seçdi. Bu, Şərqdə ilk dəfə olaraq sekulyar demokratik idarəetmənin tətbiqi idi. Azərbaycan Cümhuriyyəti parlamenti müxtəlif dini və etnik icmaların nümayəndələrini özündə birləşdirirdi: müsəlmanlar, ermənilər, ruslar, yəhudilər və alman icmalarının nümayəndələri bərabər hüquqlarla iştirak edirdilər. Bu fakt bir daha təsdiq edir ki, Rəsulzadənin idealı milli-dini təəssübkeşlik deyil, vətəndaş bərabərliyi idi.

Vətəndaş millətçiliyi Rəsulzadənin ən uca ideallarından idi. Etnik millətçilik ( ethnic nationalizm) milli azlıqları görməzdən gələn və ya inkar edən bir milliyyətçilikdir. Millətçiliyin bu anlayışı XIX əsrdə və XX əsrin əvvəllərində Avropada hakim olmuşdur. Vətəndaş millətçiliyi (civic nationalizm) isə dominant bir etnik özəyə sahib olmaqla yanaşı,başqa etnik qruplara mənsub vətəndaşları sistemdən kənarlaşdırmayan millətçilik anlayışıdır. Rəsulzadə irsində vətəndaş millətçiliyinin sosiologiyası olduqca möhtəşəmdir. Onun Azərbayçançılıq qayəsinin kökündə hər hansı bir çoxluqda olan etnik mənsubiyyətin əzici dominantlğından söhbət gedə bilməz. Əksinə milliyət anlayışından millət anlayışına möhtəşəm keçidin xəmirmayasında vətəndaş millətçiliyi dayanır.

Rəsulzadəyə görə: “ Milliyyət etnik, millət isə siyasi anlayışdır.” (M.Ə. Rəsulzadə “ Millət və milliyyət.”) Hətta etnik millətçilik ( ethnic nationalizm) milli azlıqları görməzdən gələn və ya inkar edən bir milliyyətçilikdir. Millətçiliyin bu anlayışı XIX əsrdə və XX əsrin əvvəllərində Avropada hakim olmuşdur. Vətəndaş millətçiliyi (civic nationalizm) isə dominant bir etnik özəyə sahib olmaqla yanaşı,başqa etnik qruplara mənsub vətəndaşları sistemdən kənarlaşdırmayan millətçilik anlayışıdır. Hətta 1936cı ildə Varşavada keçirilən “ Müsavat” Partiyasının konfransında Müsavatşılğın konkret ideoloji tərifi verilərkən belə bunun kökündə vətəndaş millətçiliyi dayanırdı. Partiyanın Məramnaməsinin ana sütününda bu möhtəşəm ideya dayanır: “ Müsavatçılıq böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal ideallarına sadiq Azərbaycan vətənsevərliyidir.”

Azərbaycan vətənsevərliyi bu ölkədə yaşayan bütün xalqları bağrına basan, onları xor görməyən, millət anlayışı çərçivəsində bütünlüyünü təşkil edir.

Rəsulzadənin demokratiya anlayışı da olduqca fundamentaldır. O özünün “ Demokratiyanın gələcəyi”adlı geniş məqaləsində bildirirdi ki:” Demokratiya- şəxsə aid hüriyyət ilə xalqa aid hakimiyyət əsaslarının tərkibindən doğan hüquqi müsavatdan (bərabərlikdən- M.İ.) ibarətdir.”

(M.E.Resulzade “ Demokrasinin geleceği, səhifə- 482).

Rəsulzadə “Demokratiyanın gələcəyi” məqaləsində demokratiyanı iki əsas elementin vəhdəti kimi təqdim edir:

Şəxsə aid hüriyyət – bu, fərdin azadlığı deməkdir. Hər bir insanın söz, vicdan, din və fikir azadlığı təmin olunmalıdır. Yəni fərd öz həyatını məcburiyyət və zorakılıq olmadan yaşaya bilməlidir. Xalqa aid hakimiyyət – burada xalqın idarəçilikdə rolu vurğulanır. Qanunvericilik və siyasi qərarlar yalnız xalqın seçdiyi nümayəndələr vasitəsilə həyata keçirilir. Bu, demokratik nəzarət və məsuliyyət prinsiplərini göstərir.

Rəsulzadə fikrində hüriyyət və hakimiyyət ayrılmazdır: fərdi azadlıqlar təmin olunmadan, xalqın iradəsi əks olunmadan demokratiya mövcud ola bilməz. O, demokratiyanı sadəcə formal seçki və ya hökumət strukturu kimi görmür, həm də hüquqi bərabərlik (müsavat) prinsipini ön plana çıxarır. Bu, hər bir vətəndaşın hüquqlarının qorunmasını və dövlət qarşısında bərabərliyini təmin edir.

Qısa nəticə: Rəsulzadəyə görə, demokratiya həm fərdi azadlığı, həm də xalqın siyasi iştirakını təmin edən hüquqi və bərabərliyə əsaslanan sistemdir. Bu baxımdan onun demokratiya anlayışı həm şəxsiyyət mərkəzli, həm də xalq mərkəzlidir, yəni həm fərdi, həm də ictimai maraqları vəhdət halında görür.

Rəsulzadənin Azərbaycan Parlamentinin açılşında etdiyi çıxış parlamentli respublika quruluşunun ölkəmiz üçün nə dərəcə əhəmiyyətli olduğunu bütün parametrləriylə üzə çıxarır.

O öz çıxışında bildiridi: -Möhtərəm millət vəkilləri! Azərbaycan Cümhuriyyətinin ilk parlamentinin açılış günündə siz hörmətli millət vəkillərini təbrik etmək şərəfi mənə nəsib olduğu üçün qürur duyuram! (Alqışlar) Hörmətli əfəndilər, Rusiyada baş verən böyük inqilab bir çox həqiqətlərlə yanaşı, mühüm bir gerçəyi də üzə çıxardı – bu, xalqların azadlıq və müstəqillik hüququ idi. Əgər Rusiya inqilabı təbii inkişaf yolunu davam etdirərək öz demokratik ruhuna sadiq qalsaydı, xalqların hüquqlarını tanıyan, muxtariyyətlərdən ibarət azad və demokratik bir Rusiya çoxdan qurulmuş olardı. O zaman Rusiyada yaşayan müsəlmanların da siyasi həyatı digər əzilmiş xalqların həyatı ilə eyni şəkildə dəyişəcəkdi. Xalqlar öz talelərini müəyyən etmək hüququnu səmimi şəkildə Rusiya Müəssislər Məclisindən gözləyirdilər. Lakin inqilab və demokratiya adı ilə ortaya çıxan yeni bir despotizm – siz onun yaratdığı dağıntıları yaxşı bilirsiniz – Rusiyanı anarxiyaya sürüklədi. Millətlərin hüquqları elan olunduqdan sonra tətbiq olunan sərt mərkəzləşmə siyasəti Zaqafqaziya xalqlarını öz talelərini özləri həll etməyə vadar etdi. Zaqafqaziyadan Müəssislər Məclisinə seçilən millət vəkilləri xalqın hüquqlarını qorumağın yolunu “Zaqafqaziya Seymi”ni yaratmaqda və onun müstəqilliyini elan etməkdə gördülər. Bu məntiqin davamı olaraq, Azərbaycan xalqı da öz nümayəndələri ilə “Milli Şura”nı formalaşdırdı və bu Şura Azərbaycanın istiqlalını elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan müstəqilliyini elan etdi. (Alqışlar)

Bu gün artıq əhalinin əksəriyyətini təşkil edən millətlərin və yeni seçilmiş nümayəndələrin iştirakı ilə bu məclis formalaşmışdır. Bu məclis, ümumi seçki əsasında qurulacaq Azərbaycan Müəssislər Məclisi toplanana qədər ölkəyə rəhbərlik edəcək. Bu məclisdə Azərbaycanda yaşayan bütün millətlərin, təbəqələrin və müxtəlif siyasi cərəyanların nümayəndələri təmsil olunur. Buna görə də, bu məclis vətənimizi tam şəkildə təmsil edə bilər. Əfəndilər, siz yaxşı bilirsiniz ki, bizim Rusiya xalqına qarşı heç bir düşmənliyimiz və nifrətimiz yoxdur. Nifrət etdiyimiz Rusiya – çarizmin və istibdadın Rusiyasıdır. Bizim qəzəbimiz, Rus xalqına deyil, millətləri əzən və hüquqlarını tanımayan rəsmi Rusiyadır. Biz inanırıq ki, hər bir millət müstəqil və azad olmalıdır. Azad olduqdan sonra isə digər millətlərlə könüllü şəkildə ittifaq qura bilər. Bütün dünya xalqlarının bir “Millətlər Birliyi” qurması bizim ən dəyərli ideallarımızdandır. Lakin belə bir federasiya zorla deyil, yalnız xalqların təbii istəyi və arzusu ilə qurula bilər. (Alqışlar) Təkrar qeyd edirəm: biz istəyirik ki, Rusiya xalqı da düşdüyü fəlakətlərdən qurtulsun. Biz Rusiyada hakimiyyətin həqiqi bir demokratik idarəyə keçməsini arzulayırıq. Çünki Qafqaz dağlarının şimalında qurulan istibdadçı və təcavüzkar bir hökumətə qarşı biz laqeyd qala bilmərik. (Alqışlar)

Zorla qəbul etdirilən bir şeydən əsla xoşbəxtlik hasil ola bilməz. Çünki xoşbəxtlik yalnız azadlıq və müstəqillikdədir. Nitqin bu hissəsində Əmin bəy böyük bir həyəcan və aydın, təsirli bir çıxışla əlini Parlament binasının ən fəxri guşəsində dalğalanan bayrağa uzadaraq dedi: – Budur, əfəndilər! Müstəqil Azərbaycanı təmsil edən bu üçrəngli bayrağı Milli Şura yüksəltmişdir. Türk azadlığını, İslam mədəniyyətini və Avropanın müasir azadfikirliliyini təcəssüm etdirən bu bayraq hər zaman başımızın üstündə dalğalanacaq! (Millət vəkilləri yerlərindən qalxır, şiddətli və davamlı alqışlar səslənir.)

Rəsulzadənin publisistik məqalələrində də sekulyar təfəkkür aydın görünür:

• “Azərbaycan yalnız müsəlmanların deyil, burada yaşayan bütün millətlərin vətənidir.”

• “Millətlərin gələcəyi kilsələrdə və məscidlərdə deyil, məktəblərdə və parlamentlərdə həll olunur.”

• “Azadlıq yalnız dini inancın deyil, siyasi iradənin də təminatıdır.”

Bu tezislər sübut edir ki, onun dünyagörüşü dini məzhəblərarası fərqləri deyil, hüquqi və siyasi birlik prinsipini əsas götürürdü. Müasir tarixşünaslıq da Rəsulzadənin şəxsiyyətini sekulyar-demokratik lider kimi qiymətləndirir. Professor Vilayət Quliyev bu barədə belə yazır:

“Heyrətləndiyim, təsəvvürümdə canlandırdığımdan daha böyük şəxsiyyət olduğuna inandığım isə Məhəmməd Əmin Rəsulzadədir. Onun müstəqil Azərbaycan dövlətinin qurulması yolunda göstərdiyi əzm və iradədir. Millətin yaradıcı gücünə inanması, sadəcə mollaxana və Bakı Kommersiya Məktəbi təhsili olmasına baxmayaraq, böyük siyasətdə qrossmeyster bacarığı göstərməsidir. Bir sıra məsələlərdə gələcəyi onilliklər əvvəl öncədən görməsidir...”

Bu qiymətləndirmə bir daha göstərir ki, Rəsulzadənin fenomenallığı yalnız milli istiqlal ideyasında deyil, həm də dünyəvi dövlətçilik modeli qura bilməsində idi. Yekun olaraq tam əminliklə qənaət gətirə bilərik ki, Məhəmməd Əmin Rəsulzadə Şərq dünyasında sekulyar liderlik fenomenini gerçəkləşdirən nadir şəxsiyyətlərdəndir. O, dini mənşəyini şəxsi kimliyində saxlayaraq, dövlət quruculuğunu tamamilə dünyəvi prinsiplər üzərində qurdu. Onun “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı Azərbaycan Cümhuriyyətinin ideoloji manifesti olmaqla yanaşı, həm də ümumbəşəri humanist və sekulyar dəyərlərin ifadəsidir. Rəsulzadənin həyatı və fəaliyyəti göstərir ki, sekulyarizm Azərbaycan dövlətçiliyinin təməl daşıdır və bu təməl, yalnız 1918–1920-ci illərin siyasi reallıqları üçün deyil, XXI əsr üçün də strateji əhəmiyyətə malikdir.

XXI əsrdə Rəsulzadənin sekulyar liderliyinin aktuallığı.

Rəsulzadənin sekulyar liderlik konsepsiyası bu gün də Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Onun “din siyasətdən ayrılmalı, amma mənəviyyat qorunmalıdır” prinsipi müasir dövrdə dövlətin dini tolerantlıq, multikulturalizm və vətəndaş bərabərliyi siyasəti ilə üst-üstə düşür.

XXI əsrdə dini radikalizm, milli identiklik problemləri və qloballaşma təzyiqləri fonunda Rəsulzadənin irsi belə nəticələr çıxarmağa imkan verir:

  • Azərbaycan dövlətçiliyinin sabitliyi yalnız sekulyar idarəçilik üzərində mümkündür;
  • Vətəndaş millətçiliyi konsepsiyası ölkədə yaşayan müxtəlif etnik və dini qrupların birgə inkişafını təmin edir;
  • Onun “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı bu gün də fərdi azadlıqların qorunması və dövlət müstəqilliyinin möhkəmlənməsi üçün yol göstəricisidir.

Beləliklə, Rəsulzadənin sekulyar liderlik ideyaları təkcə tarixə aid deyil, həm də müasir Azərbaycan üçün ideoloji dayaqlardan biri kimi aktuallığını saxlayır.

MÜHÜM QEYD. Məqaləmdə istinad etdiyim "Müəssislər Məclisinə seçkilər haqqında" qanun layihəsinin 96-cı bəndi ilə bağlı parlament iclası stenoqramının sadələşdirmiş mətni mərhum tarixçi professor Aydın Balayevə məxsusdur.


MANŞET XƏBƏRLƏRİ