Əfqan Vəliyev
Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü
Giriş:Xocalı ermənilərin azərbaycanlılara qarşı XX yüzilin ən qanlı soyqırım hadisəsini törətdiyi yerdir. Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Xocalı, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid maddi-mədəni abidələrlə zəngin olan ərazilərindən biridir. Qədim dövr Azərbaycan tarixinin öyrənilməsində Xocalı maddi-mədəni irsinin özünəməxsus yeri vardır. Yerli və xarici tədqiqatçılar tərəfindən Azərbaycanda tarixi-memarlıq abidələrinin əsas məskəni kimi tanının Xocalının Azərbaycan tarixi və mədəniyyətinin inkişafında mühüm rolu var. Bölgənin maddi-mədəni irsi, milli kimliyin, milli şüurun, milli düşüncənin o cümlədən dövlətçilik ənənələrinin yaranmasını təmin edən faktorlar arasında yer alır.
Ermənilərin ərazi iddiaları ilə 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişəsi dövründə yaxın tarixin ən faciəli soyqırımı əsrlər boyu azərbaycanlıların yaşadığı Xocalıda baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu Xankəndi şəhərində yerləşdirilən keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum etdi. Uzun müddətdir mühasirədə olan şəhər ağır texnikası artilleriyası olmayan az sayda əsgər və milis qüvvələri ilə müdafiə olunurdu. Əvvəlcə, şəhər dörd tərəfdən mühasirəyə alınmış, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və aramsız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdü. Barrikada və müdafiə istehkamları top və artilleriya atəşi ilə dağıdılan şəhər erməni hücumuna məruz qalıb. Əhalinin tərk edə bilmədiyi şəhərə girən Ermənistan ordusu mülkü azərbaycanlılara qarşı tarixin ən qanlı soyqırımını həyata keçirmişdir. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən işğala məruz qalıb. Qadın, uşaq və qocalar rəhm edilmədən amansızca öldürülüb. Qarlı qış günündə canlarını qurtarmaq üçün dağlara və meşələrə qaçan əhali Ermənistan ordusu əsgərləri tərəfindən təqib edilib, ağlasığmaz işgəncələrlə barbarcasına qətl edilib. Minlərcə yaşlı, uşaq və qadın əsr götürülüb. Əsrlərin bir çoxu ağır işgəncələrə tab gətirə bilməyib vəfat edib. Bir qismi xəstə və əlil vəziyyətdə geri qaytarılsa da bir çoxunun aqibəti hələ də məlum deyil.
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun hücumu ilə II. Qarabağ müharibəsi başladı. Azərbaycan ordusu 44 gün davam edən tarixi Vətən müharibəsində erməni ordusunu ağır məğlubiyyətə uğradıb, torpaqlarını erməni işğalından azad etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə qazanılan zəfərlə Azərbaycan ordusu, təkcə Ermənistan ordusu və onun “güclü” sədlərini deyil, həmçinin Xocalı qatillərinin illərdir yaratdıqları mif, utopiya və avantürizmdən ibarət “Böyük Ermənistan” ideologiyasını darmadağın edib tarixin dərinliyinə ataraq Xocalı şəhidlərinin qisasını alıb ruhlarını da şad etdi. Dünya Azərbaycan ordusu tərəfindən azad edilən torpaqlarda əli qanlı erməni soyqırım cəlladlarına Ermənistanın qoyduğu abidələrin, dünyanın maddi-mədəni irsi hesab olunan tarixi abidələrin ermənilər tərəfindən soyqırıma məruz qaldığının şahidi oldu. Azərbaycan ordusu və onun Ali Baş Komandanı Qarabağı azad etməklə yanaşı həmçinin çoxəsrlik mənfur erməni mif və ideologiyasına da son qoydu.
Vətən müharibəsinin bitməsi ilə nəticələnən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan ordusu tərəfindən azad olunub. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Ermənilər tərəfindən dağıdılıb xarabalığa çevrilən Xocalı Azərbaycan dövləti tərəfindən bərpa edilib və Xocalının qədim sakinləri öz yurd-yuvalarına qayıtmağa başlayıb.
Xocalının strateji mövqeyi və coğrafi əhəmiyyəti; Xocalının müharibə boyu daim erməni silahlı qüvvələrinin atəşinə və təqiblərinə məruz qalması, Ermənistan silahlı qüvvələrinin hərbi hədəfi olmasının səbəbi onun strateji mövqeyi və maddi mədəni irsi ilə əlaqədardır. Xocalı, miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələri, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqançölü, eramızın IV-VII əsrlərinə aid Alban kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzi, 1356-cı ildə inşa olunmuş dairəvi türbəsi, XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən Qarqar çayının sağ və sol sahillərində inşa etdirilən Əsgəran qalası ilə dünya tarixi-mədəni irsində yerini alıb. Çar Rusiyası dövründə ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından, alət və silahların istehsal tullantıları aşkar edilib. Rus tədqiqatçı, arxeoloq A.A. İvanovski 1893-1896 illərdə Xocalıda və Göyçə gölü ətrafında arxeoloji qazıntılar aparmış və oradakı Oğuz qəbirlərindən çıxan əşyaların Xocalıda aşkar olunan əşyalarla eyni olduğunu qeyd etmişdir[1]. Bu da bu ərazilərdə qədim dövrlərdən bəri azərbaycanlıların yaşadığını sübut edir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılıb. Qarabağın ən qədim insan məskənlərindən olan Xocalı rayonu 1991-cı il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılıb. Sahəsi 0,94 min kv. Km, əhalisi 11356 olan Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi. Rayonda 1 şəhər, 1 qəsəbə (Əsgəran), 50 kənd olub. Rayon mərkəzi Xankəndindən 10 km cənub-şərqdə yerləşən Xocalı şəhəridir. İşğala qədər rayonda 56 mədəniyyət müəssisəsi fəaliyyət göstərirdi. "Xocalının səsi" adlı rayon qəzeti 1991-ci ildən nəşr edilib. 1988-ci illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 mesxeti türkü ailəsi, həmçinin indiki Ermənistandakı tarixi Azərbaycan torpaqlardan və Xankəndindən deportasiyaya məruz qalmış azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşdı[2].
Xocalı soyqırımın səbəbi; Ermənilərin Azərbaycanın tarixi torpaqları olan İrəvan xanlığı, Göyçə, Zəngəzur və Zəngibasarda erməni dövləti qurduqları kimi, keçmiş Dağlıq Qarabağ ərazisində ikinci qondarma “erməni dövləti” dövləti qurma iddiası ilə başlayan Qarabağ münaqişəsi dövründə məkirli planlarını həyata keçirmək üçün ideoloji hədəflərlə yanaşı, siyasi və strateji əraziləri işğal etmə maraqları şüurlu və əvvəlcədən düşünülmüş Xocalı faciəsini hazırlayan səbəblər arasında aşağıdakılar da yer alır;
- Xocalının Qarabağın ən mühüm yüksəkliyindən birində, strateji baxımdan əhəmiyyətli olan Ağdam - Şuşa, Əsgəran - Xankəndi yollarının üzərində yerləşməsi;
- Rayonun ərazisindən strateji əhəmiyyəti olan uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmir yolu keçməsi;
- Qarabağın yeganə hava limanının Xocalı şəhərində yerləşməsi;
- Rayon ərazisinin tarixi baxımdan zəngin qədim maddi-mədəni irsə malik olması
Bu faktlar, Ermənistan hərbi-siyasi rəhbərliyinin keçmiş Dağlıq Qarabağı işğal edib orada ikinci “qondarma erməni dövləti”ni qurmaq məqsədinə nail olmaq üçün Xocalı soyqırımını əvvəldən hazırladığını göstərir.
Xocalı soyqırımının məqsədi; Mənfur planı həyata keçirmək naminə Ermənistan hərbi-siyasi hakimiyyətinin xeyli əvvəl bu soyqırımı hazırladığını soyqırımın məqsəd və niyyətini aşağıdakı iddia və tezislərdə də, təsdiqini tapır;
- Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər (Serj Sarkisyan) Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına Serj Sarkisyan bu cavabı vermişdir: Mən heç bir təəssüf keçirmirəm...hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir[3];
- Xocalını mühasirəyə alaraq Azərbaycandan ayırmaq, Azərbaycandan gələn dəstəyin qarşısını alaraq, Xocalını, Azərbaycan və dünyadan təcrid edib soyqırım törətməyə nail olmaq;
- Misli görünməyən vəhşiliklə soyqırım törədib azərbaycanlıları qorxudub gözdağı verməklə, əsgərlərdə döyüş əzmini sındırmaq, fərarilik və anarxiya mühiti yaratmaqla döyüş və qələbəyə inamı sındırmaq;
- Soyqırım vasitəsi ilə siyasi xaosa səbəb olmaq, xalqı və ordunu mövcud siyasi iqtidara qarşı ayağa qaldırıb, vətəndaş qarşıdurması yaratmaq, ordunu siyasətə qarışdırıb siyasi iqtidar mübarizəsində iştirak üçün cəbhə bölgəsini tərk etməsinə nail olmaqla Azərbaycan torpaqlarını işğal etmək;
- Xocalıda qaçıb xilas olmağa can atan Azərbaycanlı mülki əhalinin ermənilər tərəfindən əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması;
- Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olması.
Xocalıda qətliam və soyqırım: 1991-ci ilin oktyabrından Ermənistan silahlı qüvvələrinin mühasirəsində olan şəhərə avtomobil nəqliyyatı da oktyabrın 30-dan bağlanıb. Tək nəqliyyatın hava ilə təmin oluna bildiyi şəhərə Azərbaycanda mövcud olan yalnız bir neçə helikopterlə çatmaq mümkün idi. Yanvarın 2-də şəhərin elektrik xətləri kəsilib və şəhər qaranlıqda qalıb. Sonuncu helikopter 1992-ci il yanvarın 28-də Xocalıya getdi. Şuşa yaxınlığında Ermənistan ordusu tərəfindən şəhərdən mülki əhalini təxliyə edən və içində 40 nəfərin olduğu helikopterin vurulmasından sonra Xocalıya hava nəqliyyatı da kəsilib. Ərzaq və yanacaq qıtlığı ilə öz taleyinə tərk edilmiş Xocalı aclıqdan və xəstəlikdən əziyyət çəkirdi. Ermənistan ordusu, Müstəqil Dövlətlər Birliyinin tərkibindəki keçmiş Sovet İttifaqının silahlı qüvvələrinin 366-cı motoatıcı alayının dəstəyi ilə Fevralın 25-i gecə saat 11-də mühasirəyə aldıqları şəhərə aramsız, fasiləsiz vertolyotlardan, tanklardan və iriçaplı pulemyotlardan güllələr yağdırıb Əvvəlcə, evlərdə və postlarda qurulmuş barrikadaları dağıtdıqdan sonra Fevralın 26-sı səhər saat 1-dən 4-ə kimi quru qoşun birləşmələri şəhərə daxil oldular1. Ermənistan Ordusunun birləşmələri zirehli texnikadan - zirehli maşınlar və tanklardan istifadə edərək hücumda iştirak etdi. Son müqavimət səhər saat 7-də qırıldı. Hücum zamanı Xocalıda qeyri-müəyyən sayda dinc sakin şəhərin bombardmanı zamanı qətlə yetirildi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım, kütləvi zorakılıq, şəhərin işğalına yönəlmiş hərbi əməliyyat həyata keçirdi4. Şəhərin atəşə tutulmasında 8 yaxud 9 növ silah, artilleriya, ağır pulyemotlardan istifadə olunub. İnsanlar küçələrə çıxıb, bəziləri gizlənbi, digərləri isə qarın içi ilə meşələrə doğru qaçmağa başlayıb. Xilas olmaq üçün şəhər camaatı təxminən 15 km məsafədə yerləşən Azərbaycan şəhəri Ağdama çatmalı idi. Sübh çağı iki Azərbaycan kəndi Naxçıvanik və Sədərək arasındakı yerə çatanda ermənilərin “azad dəhliz” yaratdıq dedikləri ərazidə hamısı erməni qətliamının qurbanı oldu. Ermənistan ordusunun əsgərləri Xocalı şəhərinə daxil olaraq şəhəri xarabalığa çevirib, tarixin ən amansız və qanlı qırğınını törətdilər. Qadın, yaşlı, uşaq demədən önlərinə çıxan hər canlı qəddarcasına, acımadan öldürdülüb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynini birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil4
Şəhərin erməni hərbi birləşmələri tərəfindən işğalından sonra təxminən 300 dinc sakin (86 məshəti türkü) şəhərdə qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, Xocalı şəhərində və Ağdama gedən yolda əsir götürülmüş 700-dən çox sakin 1992-ci il martın 23-nə kimi girov kimi saxlanılıb xəstə, əlil və yaralı vəziyyətdə Azərbaycan tərəfinə qaytarılıb. Onların əksəriyyəti qadın və uşaqlardır. Xocalıdan qaça bilən sakinlərin öz mülkiyyətlərinin hətta ən vacib hissələrini belə götürməyə imkanları olmamışdı. Erməni silahlı qüvvələri tərəfindən əsir götürülən sakinlər də əmlaklarından heç nə götürə bilməyib. Erməni hərbi-siyasi rəhbərliyi əhalinin şəhəri tərk etmələri üçün “azad dəhliz” yaratdığını iddia etsə də sağ qalan Xocalı sakinlərinin dedikləri və törədilən amansız soyqırım hadisəsi "azad dəhliz"in olmadığını göstərir. Xocalı sakinlərinin əmlakları Xankəndi və qonşu yaşayış məntəqələrinin sakinləri tərəfindən şəhərdən aparılmışdı. Evlərin əksəriyyətinin qapılarının üzərində onların yeni sakinlərinin adları yazılmışdı
Xocalıdakı maddi-mədəni irsə qarşı erməni terroru; Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji əhəmiyyətə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib[4].
Xocalı soyqırımı xarici müşahidəçilərin gözü ilə; Xocalı soyqırımının vəhşiliyinin şahidi olan və sonralar Beyrutda məskunlaşan erməni jurnalist Daud Xeyriyan “For The Sake Of Cross” kitabına aşağıdakı sətirləri daxil edib. “…..Meyitlərin yandırılmasına rəhbərlik edən Qaflan adlı erməni dəstəsi martın 2-də 100 nəfər azərbaycanlı meyitini Xocalıdan 1 kilometr qərbdə bir yerə gətirib üst-üstə yığdı. Sonuncu yük maşınında təxminən 10 yaşında bir qız gördüm. O, başından və əlindən yaralanıb. Üzü göyərmişdi. Soyuqlara, yaralarına, aclığına baxmayaraq hələ də sağ idi. O, çətinliklə nəfəs ala bilirdi. Ölüm qorxusu gözlərini doldurdu. Bu zaman Tiqranyan adlı erməni əsgəri onu tutub digər meyitlərin üstünə atıb. Sonra bütün cəsədləri yandırdılar. Mənə elə gəldi ki, sanki yanan meyitlərin arasından qışqırıq eşitdim. Edə biləcəyim heç nə yox idi. Mən Şuşaya qayıtdım. Onlar Xaç uğrunda mübarizəyə davam etdilər”. Bu sətirləri yazıb oxuduqca insanların barmaqları titrəyir, ürəkləri, vicdanları ağrıyır. Bəs bunu edənlər haqqında nə düşünürsünüz.[5]
İndependent, 29 Fevral 1992 Elen Vomak: Ağdamdakı Röyter müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərbaycanlılar onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zaımını öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: "Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız".
Sandey Tayms, 1 mart 1992, Erməni əsgərləri yüzlərlə qaçqın ailəni qırır, Tomas Qolts, Ağdam, Azərbaycan; Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı. Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir.
Tayms, 2 Mart 1992, Qarabağda cənazə təpələri, Anatol Liven; erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub. Biz Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açıblar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirildi. Azərbaycanlılar iddia edir ki, keçən həftə 4000-nəfər yaralanmış, donub ölmüş, yaxud itkin düşmüşdür. Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi. Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.
Vaşinqton Post, 2 Mart 1992, Erməni basqınları azərilərin ölümü və qaçqın düşməsi ilə nəticələnir; Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.
Nyu-York Tayms, 3 Mart 1992 Ermənilərin törətdiyi qırğın; Ağdam, Azərbaycan, 2 Mart (Röyters); Röyterin fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".
Anatol Liven, Tayms, 3 Mart 1992 İşıqlandırılmamış soyqırım; Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının Azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itkin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülən insanların meyitləri ilə dolu idi. Burada 31 meyit var idi. Ən azı daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuş, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi. Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar əliuşaqlı idi. Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı.
BBS1 Morninq Nyus, saat 07.37, Çərşənbə Axşamı, 3 Mart 1992 Canlı yayımda olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.
BBS1 Morninq Nyus, saat 08. 12, Çərşənbə Axşamı, 3 Mart 1992 Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir.
Vaşinqton Tayms, 3 Mart 1992, vəhşiliklər Azərbaycanı dəhşətə gətirir. Brayn Killen, Ağdam, Azərbaycan Xocalıdan yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb. Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı. Cənazə arxası üstə uzanmış və sağ əli havada donmuşdu. Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertalyotla qısa səfərdən qayıdan bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik sahədə 30 meyit saymışdır. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nişanladığı yerə enən və Mİ-24 vertolyotlarının müşayyət etdiyi vertolyot erməni hərbçiləri gülləborana başlamazdan əvvəl yalnız 3 uşaq meyidini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular. Röytersin fotoqrafı Frederik Lenqan, Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geyinmişdi". Ağdam məscidi insan meyidi ilə dolu idi. Qarlı təpələrə səpələnmiş onlarla insan meyitini əks etdirən dəhşətli film sağ qalmış qaçqınların, qadın və uşaqlara qarşı törədilmiş soyqırım haqqında söylədiklərini təsdiq edir. Azərbaycan televiziyası Azərbaycan şəhəri olan Ağdama bir yük maşını ilə meyit gətirildiyini göstərmişdir. Onların çoxlarının üzləri bıçaqla doğranmış, gözləri çıxarılmışdı. Balaca bir qızın qolları havaya açılı vəziyyətdə qalmışdır. O, sanki kömək diləyirdi. Operator və Qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, o Xocalıda və Əsgəran dərəsində onlarla meyit görüb.
Boston Qlob, 3 Mart 1992, Pol Kuin - Cac, Bakı, Azərbaycan;Röytersin fotoqrafı iki yük maşının azərbaycanlıların meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə rayonun hər yerində qırğınlar törəldiyi barədə xəbər verir. Röyters xəbər verir ki, vertolyotla bölgəyə səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər başlarından vurulmuş 3 uşaq meyiti tapıblar. Ermənilərin atəş açmağı isə onlara digər meyitləri yığmağa mane olub. İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır. BBS xəbər vermişdir ki, Fransız fotoqraf 31 cənazə saymışdır. O, bildirmişdir ki, içərisində qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur.
Eyc, Melburn, 6 Mart 1992, Elen Vomak, Ağdam, Azərbaycan, Çərşənbə axşamı: Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük. Biz həmçinin vaqonlardan ibarət olan müvəqqəti xəstəxanalarda güllə yaraları almış qadın və uşaqları gördük. Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycan qəsəbəsi Xocalının əhalisi təxminən 6000 nəfərdir.
Vaşinqton Post, 6 Mart 1992, Son vidalaşma;" Dünən azərbaycanlıların qəbiristanlığında Qarabağda ermənilər tərəfindən öldürülmüş qurbanlar dəfn olunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlayıb ağlayırdı".
Sandey Tayms, 8 Mart 1992, Tomas Qolts erməni əsgərlərinin törətdiyi soyqırım haqqında Ağdamdan ilk olaraq xəbər verir; Xocalı Azərbaycan şəhəri idi. Burada mağazalar bomboş, heç bir yaşıllıq isə yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoşbəxt həyatını yaşayırdı. Ötən həftə o, xəritədən silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı və onun ətrafında Sovet İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş verdiyi güman olunur. Mən Xocalıya səfər edən sonuncu qərbli idim. Bu yanvarda baş vermişdi. Bir azərbaycanlı operatoru ağlaya-ağlaya hər bir meyiti lentə almışdı. Onun çəkdiyi kadrlardan birində azərbaycanlıların ermənilərdən qaçaraq sığınacaq tapdığı ağaclıq göstərilmişdi. Burada insan meyitləri təpə əmələ gətirmişdi. Hospitalın dəhlizlərində gəzən adamlar öz yaxınlarından bir xəbər axtarırdılar. Bəziləri öz qəzəbini əcnəbilərin üstünə tökürdü. Bir ana bağırırdı: "Hanı mənim qızım, hanı mənim oğlum? Zorlanıb. Öldürülüb. İtib".
Mond, Paris, 14 Mart 1992;Ağdamda olan əcnəbi jurnalist öldürülmüş adamlar arasında başlarının dərisi soyulmuş qadın və uşaqları görüb. Onların dırnaqları çıxarılmışdı. O, bunun "Azərbaycan təbliğatı" deyil, reallıq olduğunu yazır.
Nyusuik, 16 Mart 1992, Soyqırımın üzü;Paskal Priva və Stiv Lö Vən, Moskva; Ötən həftə Azərbaycan yenidən qəbirstanlığa dönmüşdü: matəm içində olan qaçqınlar və onlarla insan meyiti məscidin arxasında müvəqqəti meyitxana yaratmışdı. Onlar fevralın 25-i və 26-sı ermənilər tərəfindən darmadağın edilmiş Xocalıdan olan sadə azərbaycanlı kişi, qadın və uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsafədən vurulmuşdu, bəzilərinin üzləri dağıdılmış, başlarının dərisi soyulmuşdu.
Taym, 16 Mart 1992, Xocalıda qırğın, Cil Smolou, Yuri Zaraxoviç; Moskva; Mübahisələrə baxmayaraq aydın olan bir şey var: iki həftə öncə Azərbaycan şəhəri Xocalıda qəddar və vicdansız bir hadisə törədilib. İndiyədək 200 azərbaycanlı öldürülüb, çoxları iyrənc hala salınıb, Azərbaycanlılar iddia edir ki, 1324 mülki vətəndaş qətlə yetirilib. Onların çoxu - qadınlar və uşaqlar barədə heç bir məlumat yoxdur…
Svoboda, 12 İyun 1992, Faciəni törədənlər cəzalandırılmalıdır; Moskvada yerləşən Memorial insan hüquqları qrupunun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması haqqında hesabatında yazılır: "Qaçqınlar ermənilər tərəfindən qurulmuş pusquya düşərək atəşə tutuldular. Onların bəziləri Ağdama çata bildilər: digərləri, əsasən qadınlar və uşaqlar (dəqiq sayı məlum deyil) dağlarda azmış və donub ölmüşlər. Ağdama çatanların dediklərinə görə, onların bəziləri Pircamal və Naxçıvanik kəndləri yaxınlığında əsir götürülüblər. Artıq dəyişdirilmiş Xocalı əsirlərinin dediyinə görə, əsirlərin bəziləri öldürülmüşdü… 4 gün ərzində Ağdama təxminən 200 meyit gətirilib. Ağdam qatar-xəstəxanasının həkimləri bildirdi ki, 4 meyitin başlarının dərisi soyulmuş, birinin isə başı kəsilmişdi. Ağdamda 181 cənazə (130 kişi, 51 qadın, 13 uşaq) üzərində yoxlama aparılmışdı və aşkar olunmuşdu ki, 151 nəfər güllə, 20 nəfər qəlpə yarasından və 10 nəfər küt alətlərdən aldıqları yaralardan ölmüşdür. Xocalıdan olan bütün yaralıların gətirildiyi Ağdam qatar-xəstəxanasının sənədlərində göstərilir ki, 597 nəfər yaralanmış, yaxud donmuş, bir nəfərin diri-diri başının dərisi soyulmuşdu.
İndependent, London, 12 İyun 1992, Ağrılı axtarış;Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndə heyətinin rəhbəri Fransua Zen Rufinin bildirdi ki, Ağdam şəhərinin müsəlman imamının ona dediyinə görə onun məscidinə Xocalıdan 580 meyit gətirilmişdi və onların çoxu dinc əhali idi. Cənab Zen Rufinin dedi ki, biz meyitləri saymadıq, ancaq bu rəqəm inandırıcıdır. Çünki biz meyitləri yumaq üçün ləvazimat verdik.
Kommersant, Moskva, 27 Fevral 2002;1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın (keçmiş) azərbaycanlılar məskunlaşan Xocalı şəhəri ermənilər tərəfindən kütləvi hücuma məruz qaldı. Rusların 366-cı motoatıcı alayı hücumda iştirak etdi. Nəticədə 613 nəfər öldürüldü, 487-i nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü. Xocalı hadisələri münaqişənin xarakterini kökündən dəyişdi.
Human Rights Watch, Helsinki, Dekabr 1994, Dağlıq Qarabağ (keçmiş) münaqişəsinin yeddi ili; Human Rights Watch təşkilatının Helsinki ofisinin hesabatında deyilir:1992-ci ilin fevralında Qarabağdakı erməni qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini işğal etdi. Öldürülən dinc azərbaycanlıların dəqiq sayı məlum deyil. Çünki, Qarabağdakı erməni qüvvələri soyqırımdan sonra ərazini öz nəzarətləri altına alıblar. 500-1000 nəfər qətlə yetirilib.
Hətta, böyük və şiddətli müharibələrdə belə uşaq, qadın və qocalar kənarda tutulduğu onlara toxunulmadığı halda ermənilər Xocalıda uşaqları, qocaları, qadınları acımadan qətlə yetirmişlər. Meyitlər üzərində aparılan müayinələrdə meyitlərin əksəriyyətinin yandırıldığı, gözlərinin oyulduğu, qulaqlarının, burunlarının və başlarının, bədənlərinin müxtəlif hissələrinin kəsildiyi görülüb. Hətta uşaqlar və hamilə qadınlar da eyni vəhşilikdən əziyyət çəkirdilər. Uşaqlarını hamilə anaların bətnindən çıxarıb, başlarını kəsib deşiblər. Şəhəri və xalqı qorumağa çalışan azsaylı azərbaycanlı əsgər və könüllülər öldürülüb başları kəsilib, yaralıların üzərinə benzin tökülərək yandırılıb. Onlar gənc qızların əvvəlcə saçlarını, sonra baş dərisini soyublar. Oğlunu atasının, atasını isə uşağın gözünün qabağında güllələyiblər.
Nəticə
Ermənistan hərbi-siyasi rəhbərliyinin Xocalıda törətdiyi soyqırım aktı, iki xalq arasında uzun yüzillər və heç unudulmayacaq kin, nifrət, ədavət və nifaq salıb inam və etibar itkisinə səbəb olmaqla yanaşı, birgəyaşayış və dialoq mühitinin bərpa olunmasına mənfi təsir göstərdi. Məhz, münaqişənin uzun illər davam etməsi erməni soyqırım siyasətinin yaratdığı düşmən münasibətin təzahürüdür. Xocalı soyqırımının törədilməsi birbaşa və açıq şəkildə milli-etnik zəmində düşmənçiliyin təhriki məqsədinə xidmət edir. Soyqırım cinayəti əmrini vermiş, ona rəhbərlik etmiş və törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib, tələb edən ölkəyə verilməsi, soyqırım törətmiş və soyqırımda iştirak etmiş şəxslərə beynəlxalq hüquq qaydalarının prinsipləri çərçivəsində cəzalar tətbiq edilməsi gələcəkdə başqa soyqırım cinayətinin baş verməməsi istiqamətində məsuliyyətli yanaşma ortaya qoyar
15 fevral 2020-ci il tarixində Almaniyanın Münhen şəhərində Beynəlxalq Konfrans keçirilib. Moderatorun müşayiəti ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi ikitərəfli sessiyada Paşinyan Qarabağın işğalı və Xocalı qətliamı ilə bağlı tarixi faktları təkzib etməyə çalışaraq bir daha dünyaya ermənilərin iç üzünü nümayiş etdirib. Cənab İlham Əliyevin ardıcıl cavab və izahatları və həqiqəti söyləməklə dünya ictimaiyyətini məlumatlandırması qarşısında Paşinyanın inkarçı və soyqırımı görməzdən gəlmə kimi laqeyd münasibəti tədbir iştirakçıları və dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanmayıb və bu Ermənistanın siyasi-diplomatik mövgeyinə zərbə olaraq təsirini göstərib.
2025-ci il Xocalı qətliamının 33-cü ildönümüdür. Aradan 33 il keçməsinə baxmayaraq, bu qətliamı həyata keçirən və idarə edənlər hələ də heç bir cəza almayıb, hətta mənfur cinayyətləri müqabilində qəhrəman adı alıb, şərəf və söhrət medalları ilə mükafatlandırılıblar. Erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücum zamanı dinc sakinlərə qarşı etdikləri hərəkətlər Cenevrə konvensiyalarını, həmçinin 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisinin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsini kobud şəkildə pozub. Beləliklə, Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi qəbul olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir. Aradan 34 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfdən, yazılı, əyani və canlı şahidləri olan bu qətliamı törədənlərin cəzalandırılması, istiqamətində Ermənistana bu günə qədər hər hansı təzyiq və sanksiyalar tətbiq edilməyib.
Azərbaycan Milli Məclisi fevral ayının 26-nı "Xocalı soyqırımı günü" elan etdi. Azərbaycan hər il fevralın 26-sı axşam saat 5-də Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.
İstifadə edilmiş ədəbiyyat:
А.А.Ивановский, Материфлы по Археологии Кавказа, Москва, 1911 г, с. 23-96
(https://az.wikipedia.org/wiki/Xocal%C4%B1).
(Thomas de Vaal, "Black Garden: Armenia and Azerbaijan through Peace and War" (Nyu York və London, 2003), səh. 172);
(https://apa.az/az/blog/blog-single/Xocali-soyqirimi-qan-yaddasimiz!-36)