Bakıda avtomobillə 33 yaşlı Günay Prizadəni vuraraq onun ölümünə səbəb olan Şükür Məhərrəmovun ötən həftə başa çatan məhkəmə prosesində maraqlı anlar yaşanıb.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəməni maraqlı qılan məqamlardan biri də prosesə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qardaşı oğlu Nəriman Mehdiyevin sədrlik etməsidir.
Əvvəlcə qısa arayaış olaraq bildirək ki, Ş.Məhərrəmov Nizami rayonu ərazisində piyada keçidinin üzərində Suraxanı rayonu 278 saylı tam orta məktəbdə müəllim işləyən G.Prizadəni vurub. 33 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Təqsirləndirilən şəxs Günay Prizadəni piyada keçidinin üzərində vurmadığını desə də, ekspert rəyində bunun tam əksi qeyd olunub.
Məhkəmədə Günayın atası Əli Məmmədrzayev fəryad edib, qızına ölümünə səbəb olan sürücüyə layiqli cəza verilməsini tələb edib.
“Üç uşaq böyütmüşəm. Qızım öldükdən sonra biz yaşamırıq, cismən varıq. Qızım öldüyü gündən qəbiristanlıqda yaşayırıq. Təqsirləndirilən şəxs hadisədən sonra gəlib oğluma pul təklif edib. “Belə şeylər olur da” deyirlər. Bunlar “arxalı”dırsa, mən də Azərbaycan dövlətinə güvənirəm. Gəlib desin ki, hadisədir olub, üzr istəyir, lakin gəlib pul təklif edirlər. İndi mən təqsirləndirilən şəxsə pul təklif edirəm ki, uşağımı diriltsin. Mən demirəm ki, qızımı qəsdən vurub. Amma piyada keçidində 50 km/saat sürətlə keçmək olmaz. Qarşı tərəflə barışmamışam, ondan şikayətçiyəm və ədalət tələb edirəm. Mənə barışıq üçün 20.000 manat təklif edirlər, mən 200.000 manat verirəm, qızımı geri qaytarsınlar! Təqsirləndirilən şəxs barəsində maddədə nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edirəm”.
Qeyd edək ki, Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Şükür Məhərrəmova hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib, lakin o, bu müddəti məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirəcək.