Türk Dünyasının mədəni və mənəvi inteqrasiyası yolunda misilsiz xidmətləri ilə tanınan TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Raev zəngin yaradıcılığı, intellektual düşüncə dərinliyi və böyük ədəbi missiyası ilə çağdaş türk ədəbiyyatının aparıcı simalarından biridir.
“Kelajak Merosi” kimi yüksək nüfuzlu beynəlxalq mükafata layiq görülməsi isə onun təkcə şəxsi sənət yolunun deyil, həm də ümumtürk mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda təntənəli şəkildə tanınmasının bariz nümunəsidir.
Sultan Raevin əsərləri çoxəsrlik “Manas” epik ənənəsinin daxili ritmi, türk şifahi yaddaşının bədii enerjisi və Çingiz Aytmatovun dünyəvi humanist təfəkkürü ilə səsləşir; eyni zamanda çağdaş insanın psixoloji mürəkkəbliyini, mənəvi axtarışlarını və həyatın paradoksal həqiqətlərini yeni estetik ölçülərlə təqdim edir. Ədibin “Daşqın”, “Cəza”, “Dəlixana” və digər əsərləri yalnız Qırğız ədəbiyyatının deyil, bütövlükdə Türk Dünyasının bədii xəttinə yeni dinamika gətirmiş, nəsrin poetik və fəlsəfi üfüqlərini genişləndirmişdir. Onun roman və povestləri ingilis, rus, türk, çin, macar və digər dillərə tərcümə olunaraq geniş beynəlxalq oxucu auditoriyası qazanmış, müəllifin yaradıcılığının regional və qlobal miqyasda əhəmiyyətini daha da gücləndirmişdir.
Sultan Raevin dili sadəcə bədii-estetik vasitə deyil, həm də düşüncənin, ruhun, yaddaşın və mənəvi ritmin daşıyıcısıdır. O, sözün daxili enerjisini zərgər dəqiqliyi ilə duyaraq dilin poetik gücünü obrazların psixoloji dərinliyinə yönəldə bilən nadir sənətkarlardandır. Onun əsərlərindəki alleqorik-estetik sistem insan xarakterlərinin qaranlıq qatlarını, zamanın yaratdığı sosial-mənəvi gərginlikləri və şüuraltı prosesləri açan bədii vasitəyə çevrilir və yazıçının konseptual dünyagörüşündəki bütövlüyü daha da aydın göstərir.
Dramaturq kimi Sultan Raev müasir teatr estetikasının imkanlarını ustalıqla mənimsəyərək insan talelərinin dramatik gərginliyini səhnəyə gətirir. London, Moskva, Astana, Mülenhaym və Tehran kimi sənət mərkəzlərində səhnələşdirilən əsərləri onun bəşəri mövzulara universallıqla yanaşan güclü yaradıcı potensialının ifadəsidir.
Sultan Raev yalnız ədəbiyyat adamı deyil, həm də Türk Dünyasının mədəni diplomatiyasının aparıcı fiqurudur. 32 illik fəaliyyəti ilə türk mədəniyyətinin qlobal məkana inteqrasiyasına xidmət edən TÜRKSOY onun rəhbərliyi dövründə yeni strateji inkişaf mərhələsinə qədəm qoymuş, bir sıra tarixi təşəbbüslər gerçəkləşmişdir. 2023-cü ildə Şuşanın Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsi, TÜRKSOY Yazıçılar Birliyinin təsis edilməsi, mədəniyyət və ədəbiyyat sahəsində ortaq platformaların genişləndirilməsi onun rəhbərliyinin sistemli yanaşmasının nəticəsidir. Raevin tez-tez vurğuladığı “Ədəbiyyat türk mədəniyyətinin lokomotividir” fikri onun həm yaradıcılığının, həm də təşkilati fəaliyyətinin ideya-fəlsəfi dayağını təşkil edir.
Bu geniş və çoxşaxəli fəaliyyət fonunda Sultan Raevin “Kelajak Merosi” mükafatı ilə təltif olunması tamamilə qanunauyğun və dərin məzmun daşıyan hadisədir. Bu mükafat yalnız böyük yazıçının fərdi əməyinə verilən qiymət deyil, həm də Türk Dünyasının mədəni birliyinə, ortaq yaddaşına və mənəvi konsolidasiyasına xidmət edən davamlı və strateji fəaliyyətin beynəlxalq səviyyədə tanınmasıdır.
Hörmətli ustadım Sultan Raev, bu ali mükafata layiq görülməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin əsərləriniz Türk Dünyasının ortaq yaddaşını zənginləşdirən, ruhunu birləşdirən və gələcək nəsillər üçün mənəvi istiqamət verən bədii irs kimi əbədiyaşardır. Arzu edirəm ki, yaradıcılıq yolunuz daha böyük zirvələrə ucalsın, Türk Dünyası üçün yeni ideyalar, yeni mədəni körpülər və yeni ədəbi nəfəs gətirsin. Sizə möhkəm can sağlığı, güclü ilham və bitib-tükənməyən yaradıcılıq enerjisi arzulayıram.
Hörmət və ehtiramla,
Xəyalə Əfəndiyeva
Filologiya üzrə fəlsəfə doktoru
