Bu gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olaraq Naxçıvana ilk rəsmi səfərimizi həyata keçirdik. Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyan torpaqdır. Bura Ulu Öndər Heydər Əliyevin vətənidir. Eyni zamanda, böyük qurucu lider Mustafa Kamal Atatürkün "Türk qapısı" adlandırdığı, Türkiyənin Azərbaycanla quru sərhədinin olduğu yeganə bölgədir. Elə bu səbəbdən də “Ümid körpüsü"nün açıldığı yer olaraq tarixə düşüb.
Bu sözləri Naxçıvanda səfərdə olan Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə müsahibəsində deyib.
Naxçıvanın son 30 ildə iqtisadi baxımdan mühüm inkişaf yolu keçdiyini vurğulayan səfir deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı burada reallaşan sosial-iqtisadi layihələrdə özünü açıq şəkildə göstərir. Türkiyə ilə Naxçıvan arasında hər zaman sıx dostluq və qardaşlıq münasibətləri olub. Qarşılıqlı quru sərhədin olması bu əlaqələri daha da möhkəmləndirir. Türkiyə vətəndaşları tez-tez Naxçıvana səfər edir, buradakı inkişafı yaxından izləyirlər”.
Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini və muzeyini, Şəhidlər xiyabanını, Mustafa Kamal Atatürkün abidəsini ziyarət etdiklərini diqqətə çatdıran Birol Akgün əlavə edib: “Türkiyənin Naxçıvandakı Baş konsulluğunu da ziyarət edəcəyik. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşümüz də planlaşdırılıb. Səfərimizdə bir sıra iş adamları da bizi müşayiət edir. Məqsədimiz Türkiyə ilə Naxçıvan arasında iqtisadi-ticari əlaqələri daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığı gücləndirməkdir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi istiqamətində səfir olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyik. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yeni dövrdə Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır. Arzumuz budur ki, bu dəhliz bölgədə sülhü və əməkdaşlığı artıran, Orta Dəhlizin güclənməsinə xidmət edən birləşdirici körpü olsun”.