“İndiyədək nazirlikdə yeni Konstitusiya layihəsi ilə bağlı hazırlanan bütün mətnlər Konstitusiya İslahatları Şurasının üzvləri ilə müzakirə olunub və layihədə yer almalı olan bir çox müddəanın formalaşdırılması ilə bağlı qərarlar məhz şura tərəfindən qəbul edilib”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusiyanın mətninin nazirlikdə hazırlanması və Konstitusiya İslahatları Şurasının bu prosesdən kənarda qalması ilə bağlı iddiaları şərh edərkən deyib.
Qalyan bildirib ki, hazırda şura ilə işi davam etdirmək barədə razılıq mövcuddur.
“Son görüşümüzü bu yaxınlarda keçirmişik. Şura üzvlərinin qaldırdıqları məsələlər arasında layihənin mətninə görə məsuliyyəti şuranın, yoxsa başqa qurumun üzərinə götürəcəyi məsələsi də vardı. Mənim qənaətimə görə, həmkarlarımız məsuliyyəti öz üzərlərinə götürməyə hazır deyillər. Burada söhbət ayrı-ayrı şəxslərdən deyil, bütün üzvlərin ümumi mövqeyindən gedir.
Mən belə bir variant təklif etdim: mətn üzərində işi davam etdirəcəyik, layihə Ədliyyə Nazirliyinin adından dərc olunacaq, şura üzvləri isə istənilən müddəa ilə bağlı öz fikirlərini sərbəst şəkildə ifadə edə biləcəklər. Bu prosesdə inklüzivlik bizim üçün son dərəcə vacibdir. Müzakirə olunmamış hər bir məsələni şura ilə müzakirə etməyi planlaşdırırıq. Bunun üçün kifayət qədər vaxtımız var. Çünki mətnin dərc olunması o demək deyil ki, biz dərhal təbliğat kampaniyasına başlayacağıq”.
Ermənistanın ədliyyə naziri əlavə edib ki, yeni Konstitusiyanın mətni noyabrda dərc olunacaq./teleqraf