Ozon şirkətinə dron hücumlarından 374 milyon dollarlıq ziyan dəydi


Rusiyanın aparıcı elektron ticarət şirkətlərindən biri olan Ozon 11 logistika obyektinə edilən dron hücumları nəticəsində təxminən 30,1 milyard rubl (374 milyon dollar) zərər gördüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, şirkət 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bildirilib ki, hesablanan zərərə satış üçün nəzərdə tutulan malların itirilməsi, avadanlıqların zədələnməsi, amortizasiya və digər xərclər daxildir.

Ozon bəzi risklərin sığorta təminatına daxil olduğunu, mümkün kompensasiya ödənişləri ilə bağlı sığorta şirkətləri ilə müzakirələrin davam etdiyini bildirib.

Şirkətin hesabatına görə, 2026-cı ilin üçüncü rübündə gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq 421,2 milyard rubla çatıb. Xalis mənfəət 3,7 milyard rubl, düzəliş edilmiş EBITDA göstəricisi isə 93 milyard rubl təşkil edib.

Eyni zamanda, çatdırılan sifarişlərin sayı 76 faiz artaraq 1,2 milyarda, elektron ticarət əməliyyatlarının həcmi isə 42 faiz yüksələrək 1,6 trilyon rubla çatıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ