Zelenski müsahibə zamanı ağladı - “Bu, elə dözülməz ağrıdır ki...”


Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın tanınmış aparıcısı Stiven Bartlettin “The Diary Of A CEO” “YouTube” layihəsinə müsahibəsində yaşadığı ağır emosional vəziyyətdən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Turkustan.az xəbər verir ki, müsahibə zamanı ölkə başçısı müharibə şəraitində keçirdiyi ağır günlərdən və yuxusuzluqdan giley-güzar edib.

Zelenski aparıcının onun ağır emosional durumu və yuxu rejimi ilə bağlı sualına cavab verərkən bildirib:

“Düzünü desəm, yatmıram. Bu, elə bir dəhşətli, dözülməz ağrıdır ki, bunu heç düşmənimə də arzulamazdım. Övladlarını, əsgər övladlarını itirən valideynlərin nə hisslər keçirdiyini başa düşürəm. Onlar böyük bir faciə yaşayırlar”.

Britaniyalı jurnalist söhbət zamanı həmsöhbətinin gözlərindəki yaşa diqqət çəkdikdə, Zelenski bu faktı təsdiqləyib:

“Mən insanam. Kim olduğumdan utanmıram. Dünyanın ən güclü adamı deyiləm, mükəmməl biri də deyiləm, amma uşaqlarıma və xalqıma nümunə olmağa çalışıram. Əgər daxilində ağrı varsa, bunu gizlətməməlisən”.

Qeyd edək ki, Ukrayna dövlət başçısı bundan əvvəl də fiziki və emosional durumundakı mənfi dəyişikliklər barədə danışmışdı. O, mütəmadi olaraq gərgin stress altında qərarlar qəbul etməli olduğunu və bunun səhhətinə təsir göstərdiyini vurğulamışdı./“Qafqazinfo”


MANŞET XƏBƏRLƏRİ