Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib. O, rəsmi Ankaranın Məkkə Paktını yaxın günlərdə təsdiq üçün parlamentə təqdim edəcəyini açıqlayıb.
Ərdoğan bildirib ki, “Türkiyə bu qanunsuz və qeyri-insani hücumlar qarşısında Səudiyyə Ərəbistanı və səudiyyəli qardaş-bacılarımızın yanındadır”. Onun sözlərinə görə, Ankara 7 avqustda Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış birgə müdafiə müqaviləsi üçün institusional əsas yaratmaq üzərində işləməyə davam edir.
Türkiyə prezidenti həmçinin əlavə edib: “Məkkə Paktını yaxın günlərdə parlamentimizə təqdim etmək və milli səviyyədə ratifikasiya prosesini başa çatdırmaq üçün işimizi davam etdiririk”.
Belə görünür ki, Məkkə sazişinin Türkiyə parlamentində ratifikasiyası çox vaxt aparmayacaq. Ərdoğan niyə tələsir?
Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Ərdoğanın Məkkə Paktını Türkiyə parlamentində tezliklə ratifikasiya etdirmək istəməsinin arxasında bir neçə mühüm siyasi və hərbi amil dayanır: “Əsas məqam ondan ibarətdir ki, Türkiyə Səudiyyə Ərəbistanına dəstəyini yalnız siyasi bəyanatlarla məhdudlaşdırmaq deyil, konkret təhlükəsizlik öhdəliklərinə çevirmək istəyir. Bununla yanaşı, Ankara regionda dəyişən güc balansında öz mövqeyini möhkəmləndirməyə çalışır.
Ərdoğan ona görə tələsir ki, Səudiyyə Ərəbistanına qarşı hücumlar Ankaranı daha sürətli hərəkət etməyə sövq edir. Yəməndə husilərin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşməsi razılaşmanın kağız üzərində qalmaması məsələsini aktuallaşdırıb. Türkiyə parlamentinin ratifikasiyası Ankaranın saziş çərçivəsində hərbi iştirakına dair hüquqi maneələri aradan qaldırmaq baxımından əhəmiyyətlidir.
İkincisi, Türkiyə regionda təhlükəsizlik təminatçısı rolunu gücləndirmək istəyir. Ankara uzun müddətdir Yaxın Şərqdə yalnız siyasi və diplomatik aktor deyil, həm də hərbi imkanları ilə proseslərə təsir göstərən dövlət kimi çıxış etməyə çalışır. Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna malik olması, inkişaf etmiş müdafiə sənayesi və pilotsuz uçuş aparatları sahəsində təcrübəsi bu baxımdan ona əlavə imkanlar verir”.
Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə müdafiə əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsi Türkiyəyə Körfəz regionunda təhlükəsizlik məsələlərinə daha yaxından təsir etmək imkanı yarada bilər: “Pakistanın da bu ittifaqda iştirakı üç ölkənin hərbi və siyasi potensialını bir araya gətirir.
Ankara hadisələrin inkişafını gözləməkdənsə, hüquqi və siyasi mövqeyini əvvəlcədən müəyyənləşdirmək istəyir. Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra ratifikasiya prosesini yaxın günlərdə başa çatdırmaq niyyətini açıqlaması da bu kontekstdə diqqət çəkir”.