İsrailin müdafiə naziri Yisrael Katz Hizbullahın İranla birlikdə İsrailə hücum edəcəyi təqdirdə Livanın cənubunda işğalın genişləndiriləcəyi ilə hədələyib.
Turkustan.az xəbər verir ki, Katz İsrail ordusunun quru əməliyyatı keçirməyə hazır olduğunu bildirib.
Katz İsrailin işğalı altında olan Cənubi Livanda, Şimal Komandanlığının komandiri general-mayor Rafi Milo və digər hərbi komandirlərlə birlikdə açıqlama verib.
Nazir bildirib ki, Hizbullah İranın İsrailə hücumunda iştirak edərsə, ağır zərbə alacaq və Livanın cənubunda daha çox ərazi itirəcək.
“Bu ərazilər İsrailin daimi təhlükəsizlik zonasının bir hissəsinə çevriləcək. İsrail ordusu quru əməliyyatı keçirməyə hazırdır”, – Katz vurğulayıb.
O, Nəbatiyyə və Litani çayı ətrafındakı ərazilərin də İsrailin nəzarətinə götürülə biləcəyini bildirib.
Aytən Yaşar/Turkustan.az