Yunanıstan ABŞ dövlət katibi Marko Rubionun səfəri zamanı Türkiyəyə qarşı Vaşinqtondan gözlədiyi siyasi dəstəyi ala bilməyib.
Turkustan.az xəbər verir ki, Rubio Ankara ilə münasibətlərə balanslı yanaşıb, Türkiyənin F-35 qırıcıları ilə bağlı tələbinə müsbət münasibət sərgiləməklə Afinanın gözləntilərinə zidd mesajlar verib.
ABŞ dövlət katibinin Yunanıstana iki günlük səfəri Afina hökumətinin Türkiyəyə qarşı Vaşinqtondan daha fəal dəstək almaq ümidlərini doğrultmayıb.
Afinada dövlət protokolu ilə qarşılanan Rubio simvolik əhəmiyyət daşıyan Pniks təpəsində çıxış edib. Tarixən mühüm məkan hesab edilən bu təpədə indiyədək cəmi dörd nəfər çıxış edib.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və xarici işlər naziri Corc İerapetritis Rubionun səfərinə xüsusi önəm veriblər. İkitərəfli görüşlər zamanı onlar Türkiyəni son münaqişədə gərginliyi artıran tərəf kimi təqdim etməyə çalışıblar.
Lakin Rubio Türkiyəyə münasibətdə müsbət və balanslı ritorikadan istifadə edib. O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasındakı yaxın münasibətlərə işarə edən mesajlar verib. Türkiyənin F-35 qırıcıları ilə bağlı tələbinə müsbət yanaşması isə Afinanın gözləntiləri ilə üst-üstə düşməyib.
Aytən Yaşar / Turkustan.az