ATƏT PA-nın İpək Yolu Qrupunun VI Beynəlxalq Konfransı Xorvatiyada keçiriləcək


Andorra la Vella, 8 oktyabr 2026-cı il

ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupunun 17-ci iclası oktyabrın 8-də Andorra la Vella şəhərində qurumun Payız Sessiyası çərçivəsində keçirilib.

İclasda əsas diqqət dənizə çıxışı olmayan ölkələrin üzləşdiyi bağlantı problemlərinə və ATƏT məkanında parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi imkanlarına yönəldilib.

İpək Yolu Qrupunun sədri Azay Quliyev çıxışında geosiyasi qeyri-müəyyənlik, iqtisadi təzyiqlər və ənənəvi təchizat zəncirlərində baş verən fasilələr fonunda bağlantı məsələsinin strateji əhəmiyyətinin getdikcə artdığını vurğulayıb. O qeyd edib ki, müasir dövrdə bağlantı anlayışı artıq yalnız avtomobil və dəmir yollarını, limanları və ticarət marşrutlarını əhatə etmir. Bu anlayış ölkələr və cəmiyyətlər arasında açıq, etibarlı və dayanıqlı əlaqələrin qorunması imkanını da özündə ehtiva edir.

İclasda ATƏT PA-nın Baş katibi Roberto Montella da çıxış edərək İpək Yolu Qrupunun fəaliyyətinə dəstəyini ifadə edərək ATƏT məkanında dayanıqlığın, bağlantının və iqtisadi əməkdaşlığın gücləndirilməsində İpək Yolu platformasının mühüm rolunu qeyd edib.

ATƏT PA-nın vitse-prezidenti Luis Qrasiya isə İpək Yolu Qrupunun bağlantı sahəsində parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının inkişaf etdirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O, nəqliyyat, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsinin yalnız iqtisadi inkişafa deyil, həm də ölkələr arasında qarşılıqlı anlaşma, etimad və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Tədbirdə Andorranın Enerji Keçidi, Nəqliyyat və Mobillik üzrə Dövlət Katibliyinin direktoru Karles Qrasiya xüsusi təqdimatla çıxış edib. Karles Qrasiya dənizə çıxışı olmayan ölkə kimi Andorranın üzləşdiyi nəqliyyat və bağlantı problemləri barədə məlumat verib, ölkənin iqtisadi inkişafı və beynəlxalq əlçatanlığının təmin edilməsində etibarlı nəqliyyat infrastrukturu, sərhədyanı əməkdaşlıq, mobillik və dayanıqlı nəqliyyat həllərinin əhəmiyyətini vurğulayıb.

İclasda, həmçinin İpək Yolu Qrupunun yaradılmasının 10-cu ildönümü və Qrupun VI Beynəlxalq Konfransının 2027-ci ildə Xorvatiyada keçirilməsi ilə bağlı hazırlıq məsələləri müzakirə olunub. İpək Yolu Qrupunun sədr müavini, Xorvatiyanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Mihael Zmayloviç yubiley tədbiri və konfransın keçirilməsi ilə bağlı ilkin planları təqdim edib. O bildirib ki, Qrupun 10 illik yubileyi yalnız ötən onillik ərzində görülmüş işlərin qiymətləndirilməsi baxımından deyil, həm də qarşıdakı illər üçün yeni və perspektivli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm imkan yaradacaq.

İclas iştirakçılarıİpək Yolu Qrupunun 10 illik yubileyi və VI Beynəlxalq Konfransın 2027-ci ilin 14-15 aprelində Xorvatiyada keçirilməsi haqqında qərar qəbul ediblər.


MANŞET XƏBƏRLƏRİ