Yeni mərhələ: Süni intellekt artıq resept yazacaq


ABŞ-ın Yuta ştatında süni intellektin xəstələrin vəziyyətini qiymətləndirməsinə və həkim müayinəsi olmadan məhdud sayda dərman üçün resept hazırlamasına imkan verən pilot proqrama başlanılıb.

Turkustan.az xəbər verir ki, ilkin mərhələdə yalnız sızanaqların müalicəsinə yönələn tətbiq 18 yaşdan yuxarı şəxslərə süni intellekt vasitəsilə müalicə planı əldə etmək, uyğun hesab edildikdə isə resept almaq imkanı yaradır.

Nolla Health şirkəti tərəfindən hazırlanan sistem xəstələrə üzlərinin müxtəlif bucaqlardan çəkilmiş fotolarını və sağlamlıqları ilə bağlı məlumatları tətbiqə yükləməyə imkan verir. İstifadəçilər təxminən 10-15 dəqiqə ərzində fərdiləşdirilmiş müalicə planı əldə edirlər. Uyğun hesab edilən xəstələrə məhdud sayda sızanaq dərmanı üçün resept də verilə bilər.

Bildirilib ki, süni intellekt yalnız həkimlər tərəfindən əvvəlcədən təsdiqlənmiş müalicə üsullarını seçə bilər. Daha ağır və ya mürəkkəb hallarda isə xəstələr birbaşa həkimlərə yönləndiriləcəklər.

Tətbiqin əsas məqsədi həkimlərin iş yükünü azaltmaq, xüsusilə dermatologiya xidmətlərinə çıxışın məhdud olduğu bölgələrdə xəstələrin müalicə xidmətlərindən daha sürətli yararlanmasını təmin etməkdir.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ