BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək İsrail Baş naziri Binyamin Netanyahunun etirazlar səbəbindən Nyu-Yorkda cəmi bir neçə saat qalacağı bildirilir.
Turkustan.az xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzeti Netanyahunun cümə axşamı Nyu-Yorka gələcəyini və Baş Assambleyada çıxış etdikdən sonra axşam saatlarında ölkəsinə qayıdacağını yazıb.
Məlumata görə, İsrail Baş naziri Nyu-Yorkda etiraz aksiyaları ilə üzləşməkdən narahatdır. Bu səbəbdən onun şəhərdə qısa müddət qalması planlaşdırılır.
Netanyahunun Nyu-Yorkdakı JFK hava limanına deyil, Nyu-Cersidəki hərbi hava limanına və ya Nyuark hava limanına enməsi ehtimalı da gündəmə gəlib. Buna səbəb Nyu-Yorkun yeni meri Zöhran Mamdaninin onun təyyarəsinin JFK hava limanına enişinə icazə verməyə biləcəyi ilə bağlı narahatlıqlardır.
Qəzet həmçinin Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşməyəcəyini və İlon Maskla planlaşdırılan görüşünün də ləğv edildiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az