Türkiyənin keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı araşdırma “Kurtlar Vadisi Pusu” serialını da yenidən gündəmə gətirib.
Turkustan.az xəbər verir ki, hadisələr fonunda 2025-ci ildə vəfat edən məşhur rejissor Osman Sınavın illər əvvəl verdiyi müsahibə də xatırlanıb.
Sınav burada “Kurtlar Vadisi Pusu” layihəsini hansı səbəbdən tərk etdiyi barədə suala konkret cavab verməkdən imtina etmişdi.
Rejissorun “Bu, mənimlə birlikdə məzara gedəcək bir sirrdir”, ifadəsi diqqət çəkmişdi.
İllər əvvəl səsləndirilən bu sözlər Kozinoğlu işi fonunda yenidən maraq obyektinə çevrilib və Sınavın layihədən ayrılmasının səbəbi ilə bağlı müxtəlif müzakirələrə yol açıb.
Digər tərəfdən, serialdakı müəyyən rəmzi mesajlarla bağlı iddialar da yayılmağa başlayıb.
Kurtlar Vadisi Pusu serialının 79-cu bölümündə Memati və Kazım obrazlarının istifadə etdiyi “34 FG 7061” nömrə nişanlı avtomobil diqqət mərkəzinə düşüb.
İddia edilib ki, nömrə nişanındakı “FG” hərfləri FETÖ lideri Fətullah Gülənə işarə edir, “7061” rəqəmləri isə tərsinə oxunduqda 15 iyul çevriliş cəhdindən sonrakı günü (16.07) simvolizə edir.

Globalinfo.az