Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciaqın Pekinin ABŞ-ın İordaniyadakı hərbi bazasına raket zərbəsi endirilməzdən əvvəl İrana peyk görüntüləri ötürməsi ilə bağlı KİV-də yayılan məlumatları “əsassız” adlandırıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə danışıb.
“Biz sübutlarla təsdiqlənməyən əsassız şübhə və ittihamlara qəti şəkildə qarşı çıxırıq”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, Çin məsuliyyətli böyük dövlət kimi beynəlxalq öhdəliklərini ciddi şəkildə yerinə yetirir.
Qeyd edək ki, sentyabrın 12-də “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, İran iyulun 17-də İordaniyadakı Müvəffəq Səlti aviabazasına hücum etməzdən əvvəl Çin şirkətlərindən bazanın yüksək keyfiyyətli peyk görüntülərini əldə edib. Bundan əlavə, İrana hücumun nəticələrini əks etdirən görüntülərin də ötürüldüyü bildirilib.
Nəşrin mənbələri qeyd edib ki, bu, Pekinin ABŞ-la hərbi qarşıdurmada Tehrana dəstək verdiyini göstərən bu günə qədərki ən inandırıcı sübutdur./Globalinfo.az