Paşinyan: Biz Rusiyanın bu yanaşmasını qəbul etmirik


Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi xarici siyasətdə yalnız bir tərəfə bağlı qalmaq niyyətində deyil və müxtəlif dövlətlərlə strateji əməkdaşlığını inkişaf etdirməkdə qərarlıdır.

Turkustan.az xəbər verir ki, Ermənistanın rəsmi xəbər agentliyi Armenpress-in məlumatına görə, Paşinyan Yerevanda keçirdiyi mətbuat konfransında Rusiya ilə münasibətlər və ölkəsinin xarici siyasət kursu barədə danışıb.

Baş nazir bildirib ki, Rusiya Ermənistanla münasibətlərin eksklüziv xarakter daşımalı olduğunu düşünür, lakin İrəvan bu yanaşmanı qəbul etmir.

"Rusiya hesab edir ki, münasibətlər ya eksklüziv olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Biz bu yanaşmanı qəbul etmirik. Hesab edirik ki, münasibətlər mövcud olmalı, lakin eksklüziv xarakter daşımamalıdır. Bu, tamamilə qanuni mövqedir", – deyə Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistanın Çin, ABŞ, Böyük Britaniya, Hollandiya, Fransa və bir sıra digər ölkələrlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

Paşinyanın sözlərinə görə, Rusiya bu əlaqələri problem kimi qiymətləndirir. Baş nazir vurğulayıb ki, Ermənistan bundan sonra da xarici siyasətdə alternativ əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ