Türmədən Mandela kimi çıxacam, hakimiyyətə qayıdacam - Saakaşvili


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili həbsdə olsa belə, tərəfdarları ilə əlaqəni davam etdirmək üçün süni intellekt əsaslı rəqəmsal avatar hazırlatdığını bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə "Georgia Online" nəşri məlumat yayıb.

Məhkəmə iclasında çıxış edən Saakaşvili bildirib ki, tam təcrid şəraitində olsa belə, ideyalarını tərəfdarlarına çatdırmağın yolunu tapıb.

"Artıq mənim süni intellekt əsasında hazırlanmış avatarım üzərində iş gedir. O, məndən daha yaxşı görünür, amma elə mənəm. Ən yaxşı vaxtlarımdakı kimi danışır, eyni jest və mimikalara malikdir. Mənim bütün fikirlərim həmin platformada yerləşdiriləcək", – deyə sabiq prezident bildirib.

Saakaşvili gələcəkdə azadlığa çıxacağına da əmin olduğunu söyləyib. O, öz vəziyyətini həbsdən sonra yenidən hakimiyyətə qayıdan dünya liderlərinin taleyi ilə müqayisə edib. Bu sırada Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandela, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Malayziyanın Baş naziri Ənvər İbrahimin adlarını çəkib.

Sabiq prezidentin sözlərinə görə, uzunmüddətli həbs onun siyasətə qayıtmaq ehtimalını daha da artırır.

Saakaşvili bildirib ki, məqsədi şəxsi hakimiyyətə qayıdış deyil, fərqli düşüncəyə malik yeni siyasətçilər nəslinin formalaşdırılmasıdır.

O, həmçinin tərəfdarlarının Gürcüstanda yeni siyasi qüvvəni hakimiyyətə gətirəcəyinə, həmin qüvvənin ölkənin müstəqil siyasətini bərpa edəcəyinə, sürətli inkişafı təmin edəcəyinə və ədalətin bərqərar olmasına nail olacağına inandığını deyib./modern.az


MANŞET XƏBƏRLƏRİ