ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının 11-ci günündə Tehran diplomatik təmasların davam etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeynivənd bildirib ki, ABŞ ilə mesaj mübadiləsi və vasitəçilik səyləri davam edir və diplomatik proses dayanmayacaq.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Zeynivənd Tehranda keçirdiyi mətbuat konfransında İran-ABŞ arasında dolayı danışıqlarla bağlı sualları cavablandırıb.
O, ölkəsinin danışıqlar qrupuna tam etimad göstərdiklərini vurğulayaraq, yaxın dövrdə İran və ABŞ arasında aparılan dolayı danışıqlara yeni vasitəçilərin də qoşula biləcəyini bildirib.
"Mesaj mübadiləsi və vasitəçilik səyləri davam edir. Diplomatiya dayanmır", – deyə, Zeynivənd qeyd edib.
Sözçü həmçinin bildirib ki, döyüş meydanında əldə olunan nəticələr diplomatik səyləri dəstəkləyir, diplomatiya isə qazanılan nailiyyətləri möhkəmləndirir. Onun sözlərinə görə, diplomatik proses heç bir halda dayandırıla bilməz.
Qeyd edək ki, İranın daxili işlər naziri İsgəndər Mömini bir gün əvvəl İran və ABŞ arasında vasitəçilik edən Pakistanı ziyarət edib və ölkənin baş naziri Şahbaz Şəriflə görüş keçirib.
Aytən Yaşar/ Turkustan.az