Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hueyi Kremlin Sarayında qəbul edib.
Turkustan.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Prezidentin xarici siyasət üzrə müşaviri Yuri Uşakov da iştirak ediblər.
Putin görüş zamanı Rusiya ilə Şimali Koreya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, "xüsusi hərbi əməliyyat" zamanı göstərilən dəstəyə görə Şimali Koreya hökumətinə və xalqına bir daha təşəkkürünü bildirib.
Rusiya prezidenti qeyd edib ki, Rusiya qoşunlarına dəstək verən və dövlət medalları ilə təltif olunan Şimali Koreya hərbçilərinin göstərdiyi qəhrəmanlıq Rusiyada heç vaxt unudulmayacaq.
Çoe Son Huey isə Şimali Koreya lideri Kim Çen Inın səmimi salamlarını Putinə çatdırıb. O bildirib ki, Kim Çen In son dövrlərdə Rusiya ilə münasibətlərin bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsinə yönəlmiş strateji kursunu bir daha təsdiqləyib.
Aytən Yaşar/ Turkustan.az