Türkiyənin ədliyyə naziri Akın Gürlek cinayətkar təşkilatlara məlumat sızdıran korrupsiya şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul da daxil olmaqla 12 vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 50 şübhəli saxlanılıb.
Araşdırma nəticəsində bəzi dövlət məmurlarının vəzifələrindən sui-istifadə edərək cinayətkar qruplara cinayət və axtarış qeydləri, "Qırmızı bülleten" məlumatları, nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi ilə bağlı məxfi məlumatlar ötürdüyü müəyyən edilib.
Saxlanılanlar arasında 10 polis əməkdaşı, 15 gömrük mühafizə əməkdaşı, 1 gömrük mühafizəsi direktor müavini, 2 probasiya əməkdaşı, 1 məhkəmə katibi və 2 vəkil də var. Əməliyyatla bağlı istintaq davam edir.
Aytən Yaşar/ Turkustan.az