ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife Stadionunda keçirilən 2026-cı il FIFA Dünya Kubokunun finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.
Turkustan.az xəbər verir ki, görüşün yeganə qolunu 106-cı dəqiqədə Ferran Torres vurub.
Finaldan sonra keçirilən mükafatlandırma mərasimində futbolçular medallarını FIFA prezidenti Canni İnfantino və ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi protokol üzvlərinin əlindən alıblar.
Mərasim zamanı diqqət çəkən məqamlardan biri Lamin Yamalın davranışı olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc futbolçunun Trampın qarşısına çatarkən əlini geri çəkdiyi, nəticədə ABŞ prezidentinin əl sıxmaq üçün uzatdığı əlin havada qaldığı görünür. Yamal daha sonra digər protokol üzvləri ilə salamlaşaraq yoluna davam edib.
Bu görüntülərdən sonra sosial mediada futbolçunun Donald Trampla qəsdən əl sıxmaqdan imtina etdiyi barədə müxtəlif iddialar səsləndirilib. Lakin Lamin Yamal hadisə ilə bağlı heç bir açıqlama verməyib. Buna görə də jestin qəsdən edilib-edilmədiyi təsdiqlənməyib.
Mükafatlandırma mərasimində diqqət çəkən digər məqam isə Donald Trampın kubok təqdim olunduqdan sonra bir müddət İspaniya millisinin çempionluq sevincini yaşadığı podiumda qalması olub. Xarici media FIFA prezidenti Canni İnfantinonun Trampı səhnədən yönləndirdiyini və həmin an tribunaların bir hissəsindən etiraz səslərinin eşidildiyini yazıb.
Qeyd edək ki, İspaniya sonuncu dəfə 2010-cu ildə dünya çempionu olmuşdu. Beləliklə, komanda 16 ildən sonra yenidən futbolun ən nüfuzlu tituluna sahib çıxıb. Finaldan sonra Lionel Messi ilə Lamin Yamalın qucaqlaşması isə matçın ən yaddaqalan görüntülərindən biri kimi qiymətləndirilib.
Aytən Yaşar/ Turkustan.az