ABŞ administrasiyasının Türkiyənin milli qırıcı təyyarəsi KAAN üçün nəzərdə tutulan F110 mühərriklərinin satışına dair Konqresə təqdim etdiyi bildirişlə bağlı 15 günlük baxış müddəti başa çatıb.
Turkustan.az xəbər verir ki, Konqres bu müddət ərzində satışın qarşısını almaq üçün qərar qəbul etmədiyindən, F110 mühərriklərinin Türkiyəyə satışı prosesi davam edəcək.
ABŞ Dövlət Departamenti sözügedən xarici hərbi satış barədə Konqresi 24 iyun 2026-cı ildə rəsmi şəkildə məlumatlandırmışdı. Baxış müddəti ərzində Konqresin doqquz üzvü satışın dayandırılması üçün Nümayəndələr Palatası və Senata birgə qətnamə təqdim edib.
Qətnamədə ABŞ administrasiyasının Türkiyəyə satmağı planlaşdırdığı bəzi müdafiə məhsulları və xidmətlərinin satışının qarşısının alınması tələb olunsa da, bu təşəbbüs satış prosesini dayandırmayıb.
Aytən Yaşar/ Turkustan.az