ABŞ Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində İranla atəşkəsin başa çatdığını açıqlaması və bundan sonra Tehrana qarşı yeni hərbi addımların atılması Yaxın Şərqdə vəziyyəti yenidən gərginləşdirib.
ABŞ-ın zərbələri nəticəsində İranda itkilərin olduğu bildirilir, İsrail isə mümkün cavab hücumlarına qarşı ordusunu yüksək hazırlıq vəziyyətinə gətirdiyini açıqlayıb.
Vaşinqtonun bu addımı bölgədə qüvvələr nisbətinə və diplomatik proseslərə ciddi təsir göstərə biləcək hadisə kimi qiymətləndirilir. Xüsusilə Trampın atəşkəsin pozulduğunu məhz NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü zamanı elan etməsi diqqət çəkib.
Maraqlıdır, Tramp bu açıqlamanı niyə məhz sammit zamanı verdi? ABŞ-İran münasibətləri yeni mərhələyə qədəm qoyur? Turkustan.az bu suallarla politoloq Məhəmməd Əsədullazadəyə ünvanladı.

Məhəmməd Əsədullazadə
Donald Trampın NATO zirvəsində atəşkəs barədə açıqlama verməsi, təbii ki, bundan əvvəl Hörmüz boğazında baş verən gərginlik və əldə olunan razılaşmaların İran tərəfindən pozulması ilə əlaqələndirilir.
Bu vəziyyət İranda ABŞ-la razılaşmaya və mümkün sülh müqaviləsinə qarşı çıxan qüvvələrin mövqeyini gücləndirir. Həmin qruplar ABŞ-la danışıqlara maraq göstərmədiklərini bildirir, böhran vəziyyətinin davam etməsinin isə ölkə daxilində müəyyən siyasi qüvvələrə sərf etdiyini düşünürlər.
Məsələ ondadır ki, Prezident Məsud Pezeşkian və onun administrasiyası ABŞ-la memorandum imzalayıb. Lakin yaranmış vəziyyət fonunda mühafizəkar dairələrin Pezeşkianı məsul şəxs kimi göstərməyə çalışacağı ehtimal edilir. Hətta bəzi çevrələr İranın ali rəhbərliyinin də bu razılaşmaya qarşı olduğunu bildirirlər.
Lakin görünən odur ki, danışıqlar kanalları hələ də mövcuddur və ABŞ-ın İrana qarşı mümkün zərbələri Tehranın mövqeyinə təsir etmək məqsədi daşıya bilər. Çünki Vaşinqton hesab edir ki, İrana ciddi təzyiq göstərilmədən yeni razılaşmaya nail olmaq çətin olacaq.
Hazırkı vəziyyət İran hakimiyyəti daxilindəki fikir ayrılıqlarının proseslərin bu mərhələyə çatmasına təsir etdiyini göstərir. Trampın açıqlamalarından sonra ABŞ-ın İrana qarşı daha sərt addımlar atacağı ehtimal olunur.
Əsas məsələlərdən biri isə İran daxilindəki mühafizəkar qüvvələrin əldə olunan razılaşmalara münasibətidir. Bu qrupların mövqeyi həm ABŞ-İran münasibətlərinin gələcəyinə, həm də regiondakı təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə bilər.
Aytən Yaşar/ Turkustan.az