Beynəlxalq birlik ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammitində liderlərlə aparacağı kritik danışıqlara fokuslansa da, Türkiyə paytaxtında tam fərqli bir gündəm yaranıb. Səbəb isə Ankarada yaşayan Necla Özmen adlı qadının ortaya atdığı və məhkəmə müstəvisinə daşıdığı iddiadır. O, bioloji atasının Donald Tramp olduğunu deyir.
Necla Özmen Ankara 27-ci Ailə Məhkəməsinə müraciət edərək atalığın müəyyən edilməsi tələbi ilə iddia qaldırıb. O, illər öncə anası ilə Donald Tramp arasında gizli münasibətin olduğunu və bu əlaqədən dünyaya gəldiyini irəli sürüb. Sosial şəbəkələrdə isə artıq neçə vaxtdır ki, Necla Özmen ilə Trampın fiziki bənzərliyi, xüsusilə də saç və üz cizgiləri geniş müzakirə olunur.
Lakin məhkəmə kifayət qədər sübut və dəlil olmadığı əsası ilə iddianı rədd edib. Necla isə qərardan apellyasiya şikayəti verib və hüquqi mübarizəsini ikinci raunda daşıyıb.
Bu gün rəsmi təmaslar üçün Türkiyəyə gələn Donald Trampı rəsmi Ankara qəbul edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarını Bakı vaxtı ilə saat 16:00-da qarşılayacaq.
Atası olduğunu iddia etdiyi şəxsin şəhərinə gəldiyini bilən Necla Özmen hərəkətə keçib və Trampla şəxsən görüşmək üçün xüsusi bir məktub hazırlayıb. Maraqlıdır, görəsən Necla mühafizə divarlarını aşıb "ata"sı Trampla görüşə biləcəkmi?
Qeyd edək ki, məhkəmə ilkin mərhələdə kifayət qədər dəlil olmadığına görə Trampdan məcburi DNT testi alınması barədə qərar çıxarmayıb. Həm də elə görünür ki, Ağ Ev rəhbərindən bioloji nümunə almaq o qədər də asan məsələ deyil. Diplomatik kulislərdə gəzən iddialara görə, ABŞ xüsusi xidmət orqanları Trampın DNT-sinin kənar şəxslərin və xarici kəşfiyyatın əlinə keçməməsi üçün unikal təhlükəsizlik tədbirləri görürlər. Bu iddialardan ən qəribəsi isə Trampın səfər etdiyi ölkələrə özü ilə bərabər şəxsi tualetini də gətirməsidir. Məqsəd isə geridə heç bir bioloji iz belə buraxmamaq.
Bütün bu fövqəladə gizlilik və ciddi mühafizə şəraitində Ankara məhkəmələrində haqqını axtaran türk qadınının dünya nəhəngi ilə üz-üzə gəlib-gəlməyəcəyi, yaxud o məktubun Trampın masasına qoyulub-qoyulmayacağı yaxın saatlarda bəlli olacaq. Siyasətin kölgəsində qalsa da, uzaq məsafəli ailə dramı NATO sammitinin ən çox danışılan kulis xəbərinə çevrilməyə namizəddir./modern.az