Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətində keçirilən gizli səsvermədə parlament sədrliyinə namizəd seçilə bilməyən spiker Alen Simonyan deputat mandatından da imtina edib. Bundan əvvəl və sonra Vaaqn Xaçaturyanın yerinə prezident postuna keçəcəyi deyilən Simonyan bu iddianı da təkzib edərək, hələlik fəaliyyətini heç bir mühüm vəzifədə davam etdirməyəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Joqovurd” yazıb.
Nəşr Alen Simonyanın baş verənlərə görə Baş nazir Nikol Paşinyandan incidiyini bildirib:
“Parlament sədri ətrafında baş verənlərin və Paşinyanın komanda daxilində ən sadiq adamlarından birinə, bəlkə də ən sadiq olanına qarşı kifayət qədər amansız davranmasının səbəbi çox sadədir. O, spiker olduğu müddətdə partiyada demək olar ki, heç kim açıq şəkildə ona qarşı çıxmağa və ya nümayişkaranə addım atmağa cəsarət etmirdi. Yeganə istisna Hayk Sərkisyan idi ki, Alen Simonyan onu siyasi mübarizədə üstələyərək proseslərdən kənarda saxlaya bilmişdi. Mənbələrin sözlərinə görə, digər partiya üzvləri isə Simonyandan və kiçik komandasından spesifik şəkildə qisas almaq üçün münasib vaxt gözləyirdilər.
Deputatlardan tutmuş köməkçilərə qədər müxtəlif şəxslər zaman-zaman Simonyanın komandasının üzvlərindən müxtəlif səbəblərlə incik olublar, bu narazılıqlar illərlə üst-üstə yığılıb. Elə deputatlar var ki, beş il ərzində bir dəfə də ezamiyyətə göndərilməyiblər, amma Simonyanın keçmiş köməkçisi Hasmik Akopyan Milli Məclis sədrinin yanında bütün səfərlərdə iştirak edib. Həmçinin hakim partiyadan olan deputatlar arasında elələri olub ki, Simonyan onlar üçün əlçatmaz şəxsə çevrilib, yaxın çevrəsi isə bir çox partiya üzvünün Milli Məclis sədrinin qəbuluna düşməsinə mane olub və sair.
İndi “Vətəndaş Müqaviləsi”ndə bütün bu hadisələr bir-bir xatırlanır və partiya daxilində baş verənlərə görə heç kim təəccüblü deyil. Bütün bunlar barədə Nikol Paşinyana məruzə edilib və müvafiq nəticələr çıxarılıb. Vətəndaşın üzünə tüpürülməsi ilə bağlı biabırçı hadisə, Simonyanın anasının davranışı, qardaşı və həyat yoldaşı ilə əlaqələndirilən korrupsiya qalmaqalları da Paşinyanın diqqətindən yayınmayıb.
Nəticədə, bu gün Alen Simonyanı yalnız ən yaxın çevrəsinin nümayəndələri - keçmiş köməkçisi, hazırda müşaviri olan Aşxen Ayrapetyan, deputat Hasmik Akopyan və həyat yoldaşı, Milli Məclis Aparatının rəhbəri David Arakelyanla birlikdə görmək mümkündür. Artıq o, dünən parlamentin otaqlarını gəzərək aparat əməkdaşları ilə vidalaşıb”. /bakupost.az/