“Azərbaycan məhsulları Rusiya bazarlarında sürətlə Ermənistan məhsullarının yerini tutur”.
Turkustan.az xəbər verir ki, bunu müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan deyib.
“İqtisadiyyatla bağlı fikirlərimiz məni heyrətləndirir. Hətta iqtisadiyyatı da rusiyayönlü və qərbyönlü olaraq iki yerə böldüyümüz nöqtəyə çatmışıq. Bu, normal hal deyil. Hazırda Rusiya bazarında nə baş verdiyini bilirsinizmi? Ermənistan məhsulları sürətlə Azərbaycan məhsulları ilə əvəz olunur. Özümüzü aldatmaqla məşğul olduğumuz bir vaxtda iqtisadiyyat çökə, iqtisadiyyatın real sektorları yox ola bilər”, - o bildirib.
Sarukyan iddia edib ki, son seçkilər Ermənistan cəmiyyətini də parçalayıb:
“Təəssüf ki, bu seçkilər daxili həmrəylik yaratmaq əvəzinə, xalqın qəzəbini, gərginliyini və bölünməsini daha da dərinləşdirib. Ölkəmizin çox ciddi problemləri var, tezliklə çətin qərarlar qəbul etməli olacağıq. Amma əmin deyiləm ki, bunu dərk edirik”./teleqraf