Türkiyə Prezidenti və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan partiyanın Mərkəzi Qərar və İdarəetmə Şurasının (MKYK) iclasında təşkilatın fəaliyyəti, Nazirlər Kabineti, parlament üzvləri və dövlət bürokratiyası ilə bağlı mühüm qiymətləndirmələr aparıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, Ərdoğan çıxışında bütün strukturlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb və partiya ilə dövlət qurumlarının fəaliyyətində daha sıx əməkdaşlıq tələb edib.
O, iclas zamanı komanda işinin əhəmiyyətinə diqqət çəkərək, bütün qurumların vahid strategiya əsasında fəaliyyət göstərməsinin zəruri olduğunu bildirib.
Ərdoğanın iştirakçılara ünvanladığı əsas mesajlardan biri isə qərarların və fəaliyyətlərin koordinasiyalı şəkildə həyata keçirilməsi olub. O, bu çərçivədə bildirib:
“Siyasəti nəzərə almayan bir idarəetmənin uğur qazanmaq şansı yoxdur. Heç kim müstəqil şəkildə hərəkət edə bilməz.”
Prezidentin çıxışında partiya təşkilatı, hökumət üzvləri, millət vəkilləri və bürokratik strukturlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az