Süni intellekt nəhəng şirkətdə 21.000 nəfərin işsiz qalmasına səbəb oldu


Süni intellekt texnologiyalarının sürətli inkişafı qlobal texnologiya sektorunda ciddi dəyişikliklərə səbəb olur.

Turkustan.az xəbər verir ki, şirkətlər biznes proseslərini avtomatlaşdırmağa və fəaliyyətlərini yeni texnologiyalara uyğunlaşdırmağa çalışarkən, bu transformasiya əmək bazarına da əhəmiyyətli təsir göstərir.

ABŞ-ın proqram təminatı nəhəngi Oracle tərəfindən açıqlanan son illik hesabatda şirkətdə genişmiqyaslı işçi ixtisarlarının həyata keçirildiyi məlum olub.

Hesabata əsasən, 31 may 2026-cı il tarixinə Oracle-ın tam ştatlı əməkdaşlarının sayı 141 min nəfər olub. Bu göstərici bir il əvvəl 162 min nəfər təşkil edirdi. Beləliklə, şirkət il ərzində təxminən 21 min işçini ixtisar edib ki, bu da ümumi işçi qüvvəsinin təxminən 13 faizinə bərabərdir.

Şirkət dəyişiklikləri idarəetmə yenilikləri, məhsul strategiyasındakı dəyişikliklər, satınalmalar və biznesin optimallaşdırılması ilə əlaqələndirsə də, hesabatda süni intellekt texnologiyalarının əməliyyat proseslərinə inteqrasiyasının da mühüm rol oynadığı vurğulanıb.

Kütləvi ixtisarlar Oracle-ın maliyyə göstəricilərində də öz əksini tapıb. Şirkətin restrukturizasiya və işdənçıxarma ilə bağlı xərcləri son maliyyə ilində kəskin artaraq 1,84 milyard dollara çatıb.

Müqayisə üçün qeyd olunur ki, bu göstərici 2025-ci ilin may ayında 374 milyon dollar səviyyəsində idi. Beləliklə, bir il ərzində restrukturizasiya xərcləri təxminən beş dəfə artıb.

Mütəxəssislər hesab edirlər ki, süni intellekt əsaslı transformasiya prosesləri yaxın illərdə də texnologiya sektorunda işçi qüvvəsinin strukturuna təsir göstərməyə davam edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ