ABŞ Prezidenti Donald Trampın Milli Kəşfiyyat Direktoru vəzifəsini icra edən Bill Pultenin rəhbərliyi altında Milli Kəşfiyyat Direktoru Ofisində (ODNI) genişmiqyaslı işçi ixtisarlarına başlanıldığı iddia olunur.
Turkustan.az xəbər verir ki, CNN-in məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, qurumda işçi sayının azaldılması prosesi artıq başlayıb.
Mənbələrdən birinin sözlərinə görə, Bill Pulte yeni vəzifəsinə başlamazdan əvvəl ODNI-də çalışan bütün əməkdaşların siyahısını tələb edib və planlaşdırılan tarixdən bir gün əvvəl işə başlayıb. Həmin mənbə bu addımların mümkün kütləvi ixtisar planları ilə əlaqəli ola biləcəyini bildirib.
Bununla yanaşı, təşkilatdan neçə nəfərin işdən çıxarıldığı barədə hələlik rəsmi məlumat verilməyib.
Məsələ ilə tanış olan digər mənbə NBC News-a bildirib ki, Pulte Milli Terrorla Mübarizə Mərkəzindən yaxın həftələrdə işdən çıxarılması nəzərdə tutulan 400 əməkdaşın müəyyənləşdirilməsini istəyib.
ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Jim Himes və demokrat senator Mark Warner Bill Pulteyə ünvanladıqları məktubda yüzlərlə əməkdaşın işdən çıxarılması və ya ixtisar olunacağı ilə bağlı xəbərlərdən narahat olduqlarını bildiriblər.
Qanunvericilər belə addımların ölkənin kəşfiyyat və milli təhlükəsizlik fəaliyyətlərinə mümkün təsirlərinin diqqətlə qiymətləndirilməsinin vacibliyini vurğulayıblar.
Aytən Yaşar/ Turkustan.az