Almaniya Federal Kansleri Fridrix Merz bildirib ki, Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Avropa İttifaqının tamhüquqlu üzvü ola bilməz, lakin qoşulma prosesinin ara mərhələsi kimi assosiativ üzvlük əldə edə bilər.
Turkustan.az xəbər verir ki, Merz bu fikirləri Brüsseldə keçirilən Avropa Şurasının iclasından sonra səsləndirib.
Ukraynanın Aİ-yə assosiativ üzvlüyü ilə bağlı təşəbbüsə münasibət bildirən kansler qeyd edib ki, belə bir model Avropa İttifaqının təsis müqavilələrinə dəyişiklik tələb etmir və mövcud praktika çərçivəsində həyata keçirilə bilər.
“Assosiativ üzvlük müqavilələrdə dəyişiklik olmadan mümkündür və bunun üçün presedentlərimiz var”, - deyə Merz bildirib.
O, Almaniyanın birləşməsindən sonra keçmiş Şərqi Almaniya (ADR) nümayəndələrinə səsvermə hüququ verilmədən Avropa Parlamentində müşahidəçi statusu tanınmasını buna nümunə kimi göstərib.
Aytən Yaşar/ Turkustan.az