Hakan Fidan: Hörmüz boğazının açıq qalması həyati əhəmiyyət kəsb edir


Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Hörmüz boğazı bütün gəmilərin təhlükəsiz, sərbəst və fasiləsiz keçidi üçün açıq saxlanılmalıdır.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, bu, regional sabitliklə yanaşı, qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət üçün də mühüm əhəmiyyət daşıyır.

Hakan Fidan bu fikirləri Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.

Nazir ABŞ ilə İran arasında əldə olunan razılaşmanı bölgədə mövcud gərginliyin azaldılması baxımından mühüm diplomatik mərhələ kimi qiymətləndirib və bunu alqışladığını bildirib.

O qeyd edib ki, prezident Rəcəb Tayyip Erdoğan tərəfindən də vurğulandığı kimi, bu addımın müvəqqəti sakitlik deyil, davamlı və strukturlaşdırılmış təhlükəsizlik arxitekturasına çevrilməsi vacibdir.

Fidan razılaşmanın yekun imzalanma mərhələsinə uğurla keçəcəyinə və tam şəkildə icra olunaraq davamlı diplomatik əsas yaradacağına ümid etdiyini ifadə edib.

O əlavə edib ki, sülh mühitini zədələyə biləcək ritorikadan və İsrailin prosesi poza biləcək mümkün təxribat cəhdlərindən son imzalama mərhələsinə qədər olan həssas dövrdə uzaq durulması vacibdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ