İranın energetika naziri Abbas Əliabadi bildirib ki, İran və Qətərin elektrik şəbəkələrinin birləşdirilməsi üzrə aparılan texniki tədqiqatlar yekun mərhələyə çatıb və layihə müvafiq razılaşmalar əldə olunduqdan sonra həyata keçiriləcək.
Turkustan.az xəbər verir ki, Tasnim Xəbər Agentliyinin məlumatına görə, Əliabadi bu açıqlamanı Tehranda Rudşur Elektrik Stansiyasının buxar blokunun açılış mərasimində çıxışı zamanı verib.
Nazir qeyd edib ki, İran və Qətərin elektrik şəbəkələrinin inteqrasiyası planı regionda enerji əməkdaşlığının gücləndirilməsinə yönəlib. Onun sözlərinə görə, İran regionun ən böyük elektrik enerjisi istehsal güclərindən birinə sahibdir və qonşu ölkələrlə enerji əlaqələrinin genişləndirilməsi Energetika Nazirliyinin əsas prioritetlərindəndir.
Əliabadi əlavə edib ki, regional elektrik şəbəkələrinin birləşdirilməsi enerji təhlükəsizliyini artıracaq və ölkələr arasında iqtisadi əməkdaşlığa töhfə verəcək.
O həmçinin İranın Pakistan, Əfqanıstan, Türkiyə, Azərbaycan, Ermənistan və İraqla elektrik enerjisi mübadiləsi apardığını, Fars körfəzi ölkələri ilə isə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqların davam etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az