Seçki bitəcək, siyasi oyunlar davam edəcək: Ermənistanda gözlənilən ssenari


“Ermənistanda parlament seçkisinə qalan son günlərdə və seçkidə fövqəladə nəsə baş verəcəyini gözləmirəm”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Deputatın sözlərinə görə, baş nazir Nikol Paşinyan camaat arasında tez-tez olsa da, ətrafında mühafizəçilərin az olduğu görünsə də, onun qorunması ABŞ tərəfindən təşkil olunur və kifayət qədər effektivdir:

“Mənzərə göz önündədir və hansısa fövqəladə hadisə baş verməzsə, Paşinyan və onun komandası parlamentdə çoxluğu əldə etməlidir. Ancaq Paşinyan konstitusion çoxluğu qazanmaqda maraqlıdır. Bunun olma ehtimalı isə xeyli aşağıdır. Bir var ki, 2-3 faizlə üstülük əldə edəsən, bir də var ki, 10-15 faiz səslə üstünlüyü ələ alasan. Yəqin ki, seçkidən sonra bəzi deputatları öz tərəflərinə çəkməyə çalışacaqlar. Yəni siyasi oyunlar seçkidən sonra da davam edə bilər”.

Rasim Musabəyov: Seçkidən hansı qüvvə qalib çıxsa, Rusiya onlarla əməkdaşlığı davam etdirəcək

Musabəyov qeyd edib ki, seçkidə partiyaların qazandığı səslər bir-birinə yaxın olarsa, istisna edilmir ki, Paşinyana qarşı olan qüvvələr yenidən etirazlara, mitinqlərə start versinlər. Müsahibimiz hesab edir ki, hətta elə olarsa, seçkidən sonrakı etirazlar toqquşma, qarşıdurma səviyyəsinə də çata bilər. Hər halda buna da hazırlıq gedir.

Həmsöhbətimiz bildirib ki, indiki məqamda hansısa sorğulara konkret inanmaq olmaz:

“Hiss olunan odur ki, Rusiya seçkidə dəstəklədiyi qüvvələrin seçilməsi üçün müəyyən addımlar atsa da, Paşinyanla dialoq üçün açıq qapı da saxlayır. Əks halda Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı ad günü münasibəti ilə təbrik etməzdi. Ümumən isə düşünürəm ki, bütün sərtliklər seçkidən sonra nisbətən yumşalacaq. Seçkidən hansı qüvvə qalib çıxsa, Rusiya onlarla əməkdaşlığı davam etdirəcək”.


MANŞET XƏBƏRLƏRİ