Son zamanlar sosial şəbəkələrdə sürücülər tərəfindən yollardakı yeni nişanlanma xətləri ilə bağlı kütləvi şikayətlər daxil olur. Sürücülər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən çəkilən bu xətlərin lazımsız və əlavə olduğunu, yollarda ciddi çaşqınlıq yaratdığını iddia edirlər. Şikayətçilərin sözlərinə görə, qəfil qarşıya çıxan xətlər səbəbindən ani qərar vermək məcburiyyəti yaranır ki, bu da diqqət dalğınlığına, nəticədə isə qəzalara və ya kütləvi cərimələrə yol açır.
Nəqliyyat eksperti Raqif Raufoğlu Modern.az-a bildirib ki, AYNA tərəfindən yeni zolaqların çəkilməsinin müsbət tərəfləri olsa da, bəzi ərazilərdəki xətlər düzgün hesablanmayıb:
"Müəyyən istiqamətlər var ki, orada yolların nişanlanmasına həqiqətən də ehtiyac var idi. Bəzi sürücülərimizdə indiyə qədər zolaq mədəniyyəti formalaşmadığına görə, indi bu addım onlara çox qəribə gəlir. Yəni bir zolaqda irəliləmək və ya vaxtında zolağını tutmaq baxımından bu yenilik normaldır. Amma bəzi yerlərdə həqiqətən də mənasız, hətta sırf cərimələməyə hesablanan xətlər var. Əsas narazılığı yaradan da budur".
Ekspert AYNA-nın istinad etdiyi standartların gizli qaldığını vurğulayıb:
"AYNA deyir ki, belə bir standart var, hansı ki, 2 il əvvəl qəbul olunub və yeni xətlənmələr buna əsasən tətbiq edilir. Lakin problem orasındadır ki, həmin standartlarla heç kim tanış deyil. Vətəndaşların bu qaydalarla tanış olması mütləqdir. Ya bu, ictimaiyyətə açıqlanmalı, ya da geniş təbliğatı aparılmalıdır. Bunların heç biri edilmədiyi halda cərimələrin yazılması daha pis fəsadlara, hətta qəzalara və ya piyadaların vurulmasına gətirib çıxara bilər. Sürücü xətti anlamayanda çaşqınlıq yaranır, bu isə zəncirvari qəzalara yol açır. Mütləq ictimaiyyət məlumatlandırılmalıdır ki, hansı xətləmə nəyə xidmət edir".
R.Raufoğlu bu tipli problemli ərazilərə konkret nümunələr də göstərib:
"Yusif Səfərov küçəsindən Babək prospektinə dönən hissəni və "Sahil" metrosundan Zarifə Əliyeva küçəsi istiqamətində hərəkət edərkən Rəsul Rza küçəsinə dönən hissəni nümunə göstərmək olar. Buralar ani qərar verilməli olan xətlərdir, əks halda dərhal cərimə gəlir. Artıq bununla bağlı kütləvi şəkildə nə qədər cərimələr yazılıb".
Məsələ ilə bağlı AYNA-dan verilən rəsmi açıqlamada isə qeyd olunub ki, yollardakı nişanlanma işləri qanunvericiliyin tələblərinə uyğundur:
"Nişanlanma işləri Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun tələblərinə, müvafiq dövlət standartlarına və müasir beynəlxalq təcrübəyə uyğun həyata keçirilir. Tətbiq olunan həllər bütün aspektlərdən qiymətləndirilir.
Hər bir nişanlama elementi nəqliyyat axınlarının xüsusiyyətləri, yolun həndəsi ölçüləri, hərəkətin intensivliyi, ictimai nəqliyyatın fəaliyyəti, piyadaların hərəkəti və yol hərəkəti təhlükəsizliyi göstəriciləri nəzərə alınmaqla layihələndirilir. Əsas məqsəd sürücülərin maksimal şəkildə sürət həddinin aşmasının qarşısını almaq, yol sahəsindən daha səmərəli istifadəni təmin etmək, nəqliyyat axınlarını nizamlamaq və bütün hərəkət iştirakçıları üçün təhlükəsiz hərəkət mühiti formalaşdırmaqdır".